Bir güllə atılmadan azad edilən Kəlbəcər!

post-img

Bu, Prezident, Ali Baş Komandan İlham Əliyevin döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də qalib sərkərdə olduğunun təsdiqi idi

 

Qarabağın dağlıq hissəsindən kənarda yerləşən, 1936 kvadratkilometr  ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən 1993-cü il aprelin 2-də işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutuldu, 511 dinc sakin öldürüldü, 321 nəfər isə əsir götürüldü və itkin düşdü, 58 min rayon sakini ata-baba torpağından didərgin salındı. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçdi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 min fərdi mənzil dağıdıldı, 37 852 hektar meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edildi. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vuruldu.

Kəlbəcər işğal edildikdən sonra Ermənistan tərəfindən rayonun bütün yaşayış məntəqələri, infrastrukturu, qədim və zəngin maddi-mədəni irsi məhv edildi. Bölgədə yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid olan monastrların original arxitektur xüsusiyyətləri dəyişdirilərək erməniləşdirildi.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etdi.  Bu sənədlərdə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə yerinə yetirilmədi.  

BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən başlayaraq Kəlbəcər rayonu ərazisində Ermənistan süni şəkildə məskunlaşdırma apardı. 

Lakin Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər  nəticəsində imzalanmış Üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Kəlbəcərin bir güllə atılmadan, heç bir itki verilmədən düşməndən geri alınması Prezident, Ali Baş Komandan İlham Əliyevin döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də qalib sərkərdə olduğunu təsdiqlədi.  

Yeri gəlmişkən, rayonun şimal hissəsi  Vətən müharibəsinin ilk günlərində ordumuz tərəfindən işğalçılardan azad edilmişdi. Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Nəticədə isə Ermənistan ordusunun hərəkətləri rəşadətli ordumuz tərəfindən iflic vəziyyətinə salındı.

Kəlbəcərin azad edilməsi tarixi hadisə idi. Rayonun işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Çünki Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında ələ keçiriləndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Bu məsələdə isə əsas günahkar o dövr hakimiyətdə olan Azərbaycan rəhbərliyinin bacarıqsızlığı, naşılığı, qətiyyətsizliyi idi. Prezident İlham Əliyev bu barədə çıxışlarının birində deyib: “Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı demək olar ki, ermənilərə təhvil verdilər və Şuşa demək olar ki, müdafiə olunmadı. Şuşada olan bəzi silahlı dəstələr Şuşadan çıxdı və faktiki olaraq Şuşa ermənilərə təslim edildi. Məhz bunun nəticəsində Azərbaycanda hakimiyyət böhranı yaşandı və AXC-Müsavat cütlüyü bundan istifadə edib qanunsuz yollarla hakimiyyəti uzaqlaşdırıb, hərbi çevriliş törədib hakimiyyətə gəldi. Şuşa və Laçının işğal altına düşməsi sırf AXC-Müsavat cütlüyünün xəyanətidir, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı, hakimiyyətdə idi…”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il avqustun 16-da işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə oldular. Dövlətimizin başçısı Kəlbəcərdə Azərbaycan bayrağını ucaltdı.

Yuxarıda qeyd etdiyimiz kimi, rayon işğal dövründə tamamilə dağıdılıb. Yeri gəlmişkən, düşməndən təmizləndikdən sonra Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi ilə bağlı deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.

Səfər zamanı dövlətimizin başçısı və birinci xanım tərəfindən  Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək  Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyuldu. Bundan əlavə, Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin də inşasına başlanıldı.

Beləliklə, həmin səfərdən sonra Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə rəsmi olaraq start verildi.  

Artıq Kəlbəcər rayonu da daxil olmaqla işğaldan azad olunmuş digər ərazilərimizdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır, genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 

Siyasət