İranın Azərbaycana göndərdiyi nota beynəlxalq hüquqi normalarla üst-üstə düşmür

post-img

İran-fars rejiminin bu günə qədər paylaşdığı bəyanatlar ümumiyyətlə heç bir halda beynəlxalq hüquqi normalarla üst-üstə düşməyib. Bu nöqteyi-nəzərdən yanaşdıqda, İran Xarici İşlər Nazirliyinin Azərbaycana göndərdiyi nota da istisna deyil.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Aytən Qurbanova söyləyib.

Politoloqun sözlərinə görə, Tehrandakı səfirliyimizin fəaliyyətini dayandırdığı bir zamanda və xüsusilə də, qeyri-iş günündə naməlum kanallar vasitəsilə Azərbaycana nota göndərilməsi və bu notanın məzmunu əslində fars rejiminin atdığı bütün addımların qeyri-ciddiliyindən xəbər verir.

"Absurd ittihamlar irəli sürən molla rejimi birmənalı şəkildə anlamalıdır ki, rəsmi Tehrandan fərqli olaraq Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş media qurumları konstitusion dəyərlərə və milli maraqlara əsaslanaraq fəaliyyət göstərir. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, mediada səsləndirilən fikirlər mövcud şəraitdə İranın qərəzli anti-Azərbaycan çıxışlarına adekvat şəkildə verilən əsaslı yanaşmalardır. Bu yanaşmalar da öz növbəsində hər bir Azərbaycan vətəndaşının düşüncələrinin aydın təzahürüdür. Nəticə etibarilə, molla rejiminin Azərbaycanı ittiham etməzdən öncə öz yerli telekanalları vasitəsilə davamlı şəkildə səsləndirilən təhdid ritorikasını və heç bir tarixi-hüquqi əsası olmayan məlumatları bir də nəzərdən keçirməsi çox yaxşı olardı", -deyə Aytən Qurbanova qeyd edib.

Politoloq vurğulayıb ki, bununla onlar Azərbaycan cəmiyyətinin və mediasının haqlı çıxışlarının təbii əsaslarını aydın şəkildə görmüş olarlar.

Siyasət