Hərbçilərinin dörddən biri fərarilik edən dövlət hansı üzlə revanşdan danışır?

post-img

İrəvanda bilmiirlərmi  ki, Azərbaycanın 44 gündə bir nəfər də fərarisi olmayıb

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev həm 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə, həm də Şanlı Qələbəmizdən sonrakı çıxış, nitq, müsahibə və müraciətlərində dəfələrlə demişdi ki, bizim əsgərlərimiz aslanlar kimi vuruşurlar. Çünki onlar öz torpaqları, Vətənləri naminə döyüşdüklərini bilirlər. Ermənistan ordusunun  on min hərbçisinin fərarilik etməsinin səbəbi də məlumdur. Onlar bilirdilər ki, özgə torpaqlarında, işğalçılıq müharibəsində iştirak edirlər. 

Dövlət başçımız bu il martın 19-da Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində isə dedi ki, Ermənistan ordusundakı fərarilərin sayı  10 min yox, 11 min nəfərdir: “Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir”.

Təkcə Ermənistanda deyil, onlara havadarlıq edən ölkələrdə də dövlət başçımızın həm 2020-ci ilin payızında söylədiyi faktları, həm də təxminən 20 gün əvvəlki arqumentlərini təkzib etməyə çalışanlar tapılmışdı. Ancaq “cidanı çivalda gizlətmək olmur”. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın etirafları iti cidaya çevrilərək həqiqəti çuvaldan çıxarıb.

İşğalçı ölkənin mətbuat vasitələri yazırlar ki, son  müharibə zamanı ölən erməni hərbi qulluqçu David Şahnazaryanın anadan olmasının 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Akopyan deyib ki, 44 günlük müharibədə Ermənistan ordusunda fərarilərin sayı 11 min nəfər təşkil edib:  “11 min fərarimiz var idi. 11 min hərbçi, könüllü, zabit... Bu isə ordumuzun 25 faizi deməkdir”. 

Bu ilin yanvarında başqa bir erməni isə kinayə ilə demişdi ki, biz ordudakı fərarilərin sayının artmaması üçün bir çox hərbçimizi səngərlərə zəncirləyən komandirlərə minnətdarıq. Sonra təəssüflə əlavə edirdi ki,  səngərə bağlananlar fərarilərin sayının artmasına səbəb olmasa da, ölən və əsir götürənlərin sayını... kifayət qədər artırmışdı.

Xatırladaq ki, bu fakt Anna Akopyanın müasir Ermənistanın eybəcərliklərini ifşa edən ilk etirafı deyil. O, ötən il dekabrın son günlərində başqa bir erməni iyrəncliyini də lənətləmişdi. Görünür, ixtisasca jurnalist olması onun dilini dinc qoymur. 

Ermənistan mətbuatı yeni il qabağı yazırdı ki, Anna Akopyan Qarabağ ermənilərinə: “Uşaqların arxasında gizlənməyə son qoyun”- deyə çağırış etmişdir. Qeyd edilirdi ki, Xankəndidə uşaqqların bayram tədbiri keçirməsi üçüqn Anna Akopyanın fondu tərəfindən quraşdırılan çadırlar və milad yolkası sökülüb. Baş nazirin xanımı isə  özünün Facebook səhifəsində yazırdı ki, həqiqətən də, yolka və uşaq pavilyonlarını sökdülər, tədbir ləğv olundu: “Kiçik qəlblərinə müharibənin bütün qəddarlıqlarını sığdıran uşaqları üçgünlük də olsa acı həqiqətdən qopmağa qoymadılar. Göründüyü kimi, böyüklər ürəksiz, qəlbsizdir. Özü də onlardan bu heç tələb də olunmurdu”.

Akopyan yazırdı ki, təşkil olunmuş tədbir böyüklər üçün deyildi: “Onlar nə plastilindən evciklər qurmalı, nə kimyəvi təcrübələr aparmalı, nə də nağıllar danışmalı idilər... Heç bir konsertin planlaşdırılmamasına baxmayaraq, Qarabağ erməniləri uşaqlara qarşı eqoistcə davranıb. İndi isə həmin böyüklər eyni uşaqların əlinə ürəkağrıdan yazılar verir, yolkaların qarşısına qoyur, şəkil çəkdirirlər. Onlar uşaqlara kədərli mətnləri əzbərlədir və videolar çəkir, onların iştirakı ilə müxtəlif aksiyalar təşkil edir,  mərhəmət hissini oyatmaq və çadırları sökmək üçün dünyanın hər yerinə aparırlar”.

Qarabağ ermənilərinin körpə uşaqların beynini düşmənçilik düşüncəsi ilə doldurmasına etiraz edən Akopyan əlavə edirdi ki, uşaqların ərazi məsələlərindən başı çıxmır və mütləq onlarda suallar ortaya çıxacaq. Uşaqlar heç vaxt başa düşməyəcəklər ki, Xankəndinin mərkəzində onlar üçün qurulmuş çadırlar necə oldu ki, atalar və anaları tərəfindən bu qədər asanlıqla söküldü. Bu sual, şübhəsiz ki, böyüklərə ünvanlanacaq və çətin ki, təsəlliverici cavab tapa bilsinlər”.

 Sonda baş nazirin həyat yoldaşı Qarabağ ermənilərinə müraciət edirdi: “Nə vaxtsa uşaqların, 18-20 yaşlı əsgərlərin arxasında gizlənməyə son qoymalıyıq. Və o gün nə qədər tez gəlsə, faciələrimiz bir o qədər tez bitəcək”.  

Bəlkə də, Akopyanın son etirafının əsas məqsədi 44 gündə hərbçilərinin dörddən birinin fərarilik etdiyi ölkənin revanş və ya yeni müharibələr barədə düşünməsinin absurd və gülünc olduğunu bəyan etməkdir. Ancaq mən bu sətirlərdə onun  etiraflarına şərh vermək yox,  erməni xəstəliyinin, rəzalətinin bəzi detallarının məhz Ermənistan dövlətinin təmsilçisi  tərəfindən ifşa olunduğunu söyləməyə çalışdım. 

İttifaq MİRZƏBƏYLİ, 

“Xalq qəzeti”

 

 

Siyasət