Vaşinqton, Moskva, Brüssel kimi Bakının da öz maraqları var

post-img

Azərbaycan Prezidenti ABŞ Dövlət katibi ilə telefon söhbəti zamanı bu məqamları da yada saldı

Biz artıq otuz ilə yaxındır  bütün beynəlxalq tribunalardan xatırladırıq ki, rəsmi Bakı heç bir dövlətin daxili işlərinə qarışmayacaq və ya hansısa ölkənin xarici siyasətinə düzəliş etməyə çalışmayacaq. Bununla yanaşı,  biz kiminsə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdinin  və ya xarici siyasətimizdə korrektə etmək istəyinin baş tutmasına da heç zaman imkan verməyəcəyik. 

Biz bütün xoşməramlı siyasət yeridən dövlət və qurumlara dost, bədxahlarımıza isə kəsərli cavab verə biləcək rəqibik. Azərbaycan hələ ötən əsrin son onilliyində – iqtisadi cəhətdən o qədər də güclü olmadığı dövrdə də bu mövqedə idi, bu gün – çoxlu dost, tərəfdaş, müttəfiqləri, iqtisadi gücü və hərbi imkanları olan dövrdə də həmin mövqedədir. Məmnunuq ki, Prezident İlham Əliyevin ABŞ Dövlət katibi Entoni Blinkenin telefon zəngini cavablandırması zamanı da məhz rəsmi Bakının həmin mövqeyinin şahidi olduq. 

Məlum olduğu kimi, Azərbaycan ərazilərinin 20 faizini otuz ilə yaxın müddətdə işğal altında saxlayan, viranəyə çevirən, on minlərlə soydaşımızı qırıb,  yüz minlərlə Azərbaycan türkünü qaçqın və məcburi köçkünə çevirən Ermənistan rəhbərliyi indi bütün dünyaya car çəkir ki, guya Azərbaycan Qarabağda yaşayan erməniləri mühasirədə saxlayır və orada insan hüquqları pozulur. 

Hətta bu iddia əsaslı olsaydı belə ( bütün dünya bilir ki, bu, absurd, yalan, uydurma və cəfəngiyyatdır) ermənilərin otuz ildə törətdiyi bəşəri cinayətlərin yüz mində biri qədər dəhşətli ola bilməzdi. Üstəlik,  bütün dünyanın gözü qarşısında olan vəhşilikləri törətmiş dövlətin indi terrorçuları müdafiə etmək üçün insan hüquqları barədə danışması, sadəcə rəzalətdir. 

Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, telefon danışığı zamanı  Azərbaycanın Laçın –Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı  qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Buna görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır.

Ermənilərin bu vay-şivəninin əsas məqsədi onilliklər boyu vəhşicəsinə taladıqları təbii sərvətlərimizin daşınmasını savam etdirmək, eləcə də,  Xankəndində məskunlaşmış terrorçu, təxribatçı, quldur dəstələrinin silahlandırılmasına çalışmaqdır. 

Bütün bunları nəzərə alan Azərbaycan Prezidenti okeanın o tayından gələn telefon zəngini cavablandırarkən deyib: “Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur”. Bu xüsusda dövlətimizin başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb.

Azərbaycan Prezidenti növbəti dəfə bəyan edib ki, rəsmi Bakı  sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib.

Bu telefon zənginin mühüm əhəmiyyətlərindən biri də cənab Entoni Blinkenin  “ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək” – ifadəsini səsləndirməsi olub. 

İttifaq MİRZƏBƏYLİ, 

“Xalq qəzeti”

Siyasət