Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə martın 15-də Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın növbəti aralıq sessiyası “Fransada islamofobiya” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, siyasi analitik, tədqiqatçı Anastasiya Lavrinanın moderatorluğu ilə aparılan müzakirələrdə çıxış edən Belçikanın Avropa İnkişaf və Tədqiqatlar Akademiyasının direktoru Brahim Laituss müsəlmanlara qarşı ayrı-seçkiliyin avropalılara da təsir etdiyini deyib. Bildirib ki, bu, Avropa üçün təhlükəsizlik baxımından çox vacib məsələdir. O, eyni zamanda qeyd edib ki, islamofobiyanın geniş vüsət almasında İslam dini ilə bağlı etibarlı məlumatların çatışmazlığının da böyük rolu vardır. Alimlər elmi tədqiqatlar zamanı İslam dini ilə bağlı axtarış apararkən müxtəlif saytlarda çoxsaylı fərqli məlumatlar ortaya çıxır. Bu da həqiqət axtarışında çətinliklər yaradır.
Politoloq və ərəbşünas, Elmi Araşdırmalar üzrə Fransa Milli Mərkəzində fəxri baş elmi işçi Fransua Burqat bildirib ki, Fransa artıq xristian cəmiyyəti deyil, xristianlıqdan azad edilən cəmiyyətdir. Fransada siz öz inancınıza məxsus hansısa atributla gəzsəniz, bu, qeyri-qanuni hesab olunacaq. Onun sözlərinə görə, Fransada olan islamofobiyanın digər bir səbəbi “Fransa üslublu dünyəvilik”dir.
“Fransa cəmiyyəti dövlət islamofobiyasına doğru gedir. On il əvvəl müsəlmanlarla bağlı kiçik bir mübahisə olardısa, o kriminallaşdırılardı. Artıq Fransa hökuməti hərəkətləri yox, düşüncələri kriminallaşdırır. Müsəlman vətəndaşların fikirləri kriminallaşdırılır”, - deyə politoloq əlavə edib.
Tarixçi, “İslamofobiya lüğəti” kitabının müəllifi Kamil Meziti qeyd edib ki, Fransa son 10 il ərzində klassik irqçilikdən qanuni irqçiliyə gəlib çıxıb. Bu ölkədə Fransa Respublikası dəyərlərinə xas olmayan proseslər baş verməyə başlayıb.
Fransada müsəlmanlar üçün mühitin yaxşı olmadığını bildirən Kamil Meziti deyib: "Onlar deyir ki, müsəlmanlar Fransa cəmiyyətini zəbt edib. Müsəlmanları, eyni zamanda, potensial terrorçu kimi görür, terrorçularla eyniləşdirirlər. Terror aktları baş verdikdə müsəlmanlara işarə edilməməlidir. Nəyə görə birinci müsəlmanlar haqqında düşünülür? Biz birlikdə yaşayırıq. Hamımız birlikdə islamofobiyaya qarşı mübarizə aparmalıyıq”.
Rutgers Universitetinin Hüquq Məktəbinin hüquq və sosial ədalət üzrə tədqiqatçısı Saha Aziz diqqətə çatdırıb ki, Fransada məktəblərdə hicaba qarşı qadağa patriarxat bir qərardır. Bu qərar yalnız həmin şəxsin seçimindən asılı olmalıdır. Bu, qadınlara qarşı çox aqressiv yanaşmadır. O deyib ki, ABŞ-da belə bir fikir var ki, müsəlman azlıqlar şəriət cəmiyyəti qurmaq istəyirlər. Amma müsəlman əhalisi çoxluq təşkil edən ölkələrdə belə şəriət cəmiyyəti yoxdur.
AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Rauf Məmmədov deyib ki, bu gün dünyada İslama qarşı təzyiqlər digər dinlərlə müqayisədə daha çoxdur. Fransa müsəlman əhalisi ən çox olan Avropa ölkəsidir. Belə ki, bu ölkənin əhalisinin 9 faizi müsəlmanlardır. O bildirib ki, 2020-ci ildən Fransada 89 məscid, 650-yə yaxın ibadət yeri bağlanıb, iki imam deportasiya edilib. "Fransa hakimiyyəti 1989-cu ildən başlayaraq, müsəlman əhalisi çox olan şəhərlərdə özlərinin icmalarını yaratmağa başladılar. Bu, məhdudlaşdırma siyasətinin bir parçası idi. Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti dövründə bu ölkədə islamofobiya daha da artıb. Müsəlmanlar polislər tərəfindən təqib edilir. Fransada bəzi elə qanunlar qəbul edilib ki, bütün insanların inancını tanıyır, amma müsəlmanlarınkını yox”,- deyə R. Məmmədov bildirib.
Sessiyada iştirakçıları maraqlandıran suallar cavablandırılıb.