Prezident İlham Əliyev Münxendə Qarabağla bağlı yekun qərarı qəbul edə biləcək tək gücün Azərbaycan olduğu mesajını verdi

post-img

Azərbaycanın modern tarixi məğlubiyyət və parçalanma ilə başlayıb. Belə ki, Şimali Azərbaycanda ilk modern dövlət təsisatları, modern inzibati sistem məhz çar Rusiyası ilə gəlib. Yəni, Azərbaycanda ilk modern dövlət institutları müstəmləkə dövründə çar Rusiyası vasitəsilə ortaya çıxıb. Belə olan halda, azərbaycanlıların Qarabağdakı suverenlik böhranı Birinci Qarabağ müharibəsi ilə məhdudlaşmamalıdır. Çünki Türkmənçay müqaviləsi Azərbaycanı ikiyə bölməklə yanaşı, xalqımızın Şuşada (Qarabağda) hakimiyyətini də məhdudlaşdırdı. İki əsrlik modern siyasi tarix ərzində suverenliyin bərpası üçün iki dəfə (1918-ci və 1991-ci illər) imkan yaranıb. Lakin qısa müddət mövcud olan Cümhuriyyət dövlət kimi institutlaşmasını tamamlaya, suverenliyini təmin edə bilmədi. Belə ki, Qarabağla bağlı əsas siyasi və inzibati anlayış sovet dövründə formalaşıb. Belə ki, “Dağlıq Qarabağ” inzibati bölgüsü anlayışı məhz SRRİ dövründə yaradılıb. “Dağlıq Qarabağ” inzibati bölgüsü Qarabağda və paralel olaraq Azərbaycanda azərbaycanlıların suverenliyini, hakimiyyətini şübhə altına salıb. Nəticədə müvafiq münaqişə, müharibə və ardınca torpaqlarımızın bir qisminin işğalı baş verib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Orxan Vəliyev söyləyib.

Politoloq bildirib ki, SSRİ-nin tarixə qovuşması ilə müstəqilliyin bərpa edilməsi müstəqil və suveren dövlət olmaq üçün böyük ümidlər doğururdu. Digər tərəfdən çarlıq və SSRİ-nin uzun illər davam edən müstəmləkə əsasında yaratdığı asılılıq bitmişdi. Ancaq hələ SSRİ dağılmadan onun inzibati və siyasi mirası olan Dağlıq Qarabağda baş qaldıran nümayişlər, ardınca müharibə və işğal ümidləri doğrultmadı. SSRİ dağılsa da, varisi Rusiya Federasiyasının Cənubi Qafqazdakı maraqlarından asanlıqla imtina etməyəcəyi anlaşılan idi. Birinci müharibə Azərbaycan torpaqlarının bir qisminin işğalı kimi qəbul edilə bilər. Ancaq İrəvanın da zəfəri olmadığı aydın idi. Çünki işğalla keçən 30 il ərzində Ermənistan tərəfi Qarabağın işğal edilmiş hissəsində beynəlxalq ictimaiyyət tərəfindən tanınan və dəstəklənən siyasi hakimiyyət inşa edə bilmədi. Xülasə müstəqilliyin bərpası tarixi əhəmiyyətli nailiyyət olmaqla yanaşı, torpaqların bir qisminin işğalı Azərbaycanın Qarabağda suverenliyini sual altında qoymuşdu. Azərbaycan torpaqlarını işğaldan azad etməkdə qərarlı olduğunu ardıcıl şəkildə göstərirdi. İkinci müharibəyə qədər keçən müddətdə diplomatik kanallar vasitəsilə torpaqların işğaldan azad olunması üçün çalışırdı. Ancaq dünya siyasi tarixi bizə bu qəbildən münaqişələrin adətən təkrar müharibə və ardınca sülh sazişi ilə başa çatdığını göstərir. Yəni, ikinci müharibənin - Vətən müharibəsinin baş verəcəyini proqnozlaşdırmaq çətin deyildi.

“2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı və münaqişəyə Azərbaycanın aşkar Zəfəri ilə son qoyuldu. Əlbəttə, uzun müddət müstəmləkə altında yaşayan və dövlət institutları hələ formalaşma mərhələsində olan bir dövlətin zəfərdən sonra da həll etməli məsələlər olduğu aşkardır. Ancaq əsas məsələ “düşmən” qarşısındakı “məğlubiyyət”ə son qoyuldu. Qısacası, 44 günlük müharibə Azərbaycanın Ermənistan üzərində Zəfəri ilə nəticələndi. Beləliklə, Azərbaycan xalqı və dövləti iki əsrdən sonra Şuşada suverenliyini bərpa etdi”, - deyə O.Vəliyev qeyd edib.

Politoloqun fikrincə, müharibədə qazanılan Qələbədən sonra Azərbaycan tədricən Qarabağla bağlı siyasi və hüquqi qərarlarını da formalaşdırmağa təşəbbüs göstərməyə başladı. SSRİ dövründə ötən əsrin maraqları çərçivəsində formalaşdırılan Dağlıq Qarabağ inzibati bölgüsü Qarabağ İqtisadi Zonası ilə əvəz edildi. Qarabağda erməni və Azərbaycan icmalarının artıq Azərbaycanın mərkəzi hökumətinin qanun və qaydaları çərçivəsində yaşayacaqları mesajı verildi. Bir sözlə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub”.

Politoloq diqqəti bir daha Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Forumunda tərəfdaşların işlətdiyi “Dağlıq Qarabağ” ifadəsinə etirazına çəkib. Deyib ki, Prezident Əliyevin çıxışı Azərbaycan xalqının və dövlətinin artıq iki əsrlik modern siyasi tarixinin böyük bir hissəsini əhatə edən asılılıq mərhələsini arxada qoyduğuna və tarixi torpaqlarında hər cür bölgünü, idarəetməni təşkil etmək iqtidarında olduğuna dair güclü siyasi mesaj kimi qəbul edilməlidir. Xülasə Prezident İlham Əliyev Münxendə beynəlxalq ictimaiyyətə Azərbaycanın tarixi torpağı olan Qarabağla bağlı yekun siyasi, hüquqi qərarı qəbul edə biləcək tək güc olduğu mesajını verdi.

Siyasət