Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, sosial-iqtisadi inkişaf sahəsində dövlət siyasətinin prioritetlərinə və məqsədlərinə çatmaq üçün dövlət proqramlarının, strategiyaların, konsepsiyaların və bu kimi digər strateji sənədlərin hazırlanması, onların icrasına nəzarətin həyata keçirilməsi və qarşıya qoyulmuş hədəflərə nailolma vəziyyətinin qiymətləndirilməsi, yeni çağırışlar və artan tələblər fonunda istifadəçilərin, o cümlədən aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəsmi statistika məlumatlarına tələbatının ödənilməsi üçün statistik məlumat istehsalının dayanıqlılığını və milli statistika sisteminin inkişafını təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
3.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;
3.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq işlər görsün.
5. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2025-ci il

