Bakıda türk dövlətləri arasında səhiyyə sisteminin möhkəmləndirilməsi məqsədi ilə yenidən möhtəşəm bir tədbirin keçirilməsi planlaşdırılır. 4-7 oktyabr tarixlərində Gülüstan Sarayında baş tutacaq tədbirdə Azərbaycan, Türkiyə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr mütəxəssisləri bir araya gələcək, kardioonkologiyaya həsr olunmuş böyük bir tədbir keçirəcəklər.
Tədbir çərçivəsində türk dünyasını təmsil edən kardioloqlar, onkoloqlar, radioloqlar, hematoloqlar bilik və fikirlərini, təcrübələrini mübadilə edəcək, eyni zamanda birlikdə aparılacaq yeni tədqiqatların zəminini qoymaq üçün böyük bir platforma çərçivəsində layihələr hazırlanacaqdır.
Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuşdur.
Kardiologiya institutunun direktoru, tibb elmləri doktoru, professor Gülnaz Dadaşova X.Q.-nin müxbiri ilə söhbətində demişdir:
-Möhtəşəm bir tədbirin keçirilməsini planlaşdırırıq. Son illərdə Azərbaycanda tibbin bir çox sahələrində, o cümlədə kardiologiya sahəsində nəzərəçarpacaq uğurlar əldə edilir. Bizim təcrübə, bir sıra digər ölkələrin təcrübəsi, nailiyyətləri üst-üstə düşəndə daha böyük işlər həyata keçirmək mümkündür. Bu baxımdan belə konfransların, toplantıların təşkili mühüm əhəmiyyət kəsb edir. Yəqin ki, kardioloqlarla onkoloqlar bir araya gəlməsi ümumi işimizə yeni töhvələr verəcək. Hər birinizi bu möhtəşəm tədbirin gedişatında fəal iştirak etməyə çağırıram.
Hamlet Qasımov, XQ