Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir! Bu ucalığa yüksələnlərin, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.
2023-cü il sentyabrın 19-da baş verən lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi, ölkəmiz öz suverenliyini tam bərpa etdi Antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin bir daha güclü olduğunu göstərdi.
Gənclərimizin məhz vətənpərvərlik ruhunda tərbiyə alması bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər.
Bu qısa ömür yolunda canlı əfsanələr, şəhidlər var. Tanrı və əbədiyyət sevgisinə ucalmaq qısa ömür yolunun mükafatıdır.
12 igid oğul da bu cür qəhrəmanlardandır. Az ömür yolları ilə tarixə öz adlarını yazan oğullar. Sentyabrın 19-da həmin igidlər Vətənin müdafiəsi üçün eyni yola çıxdılar, Laçın rayonunun Vəngli kəndində şəhid oldular. Hər kəsin öz yolu var: birləşən yollar, kəsişən yollar, ayrılan yollar. Yolların görüşməsinin mütləqliyi bax budur. İllərdir xidmət etdikləri hərb yolları şəhidlik yolunda da birgə kəsişdi. Vətən, torpaq uğrunda şəhadət ən ali məqamdır. Vətən üçün yaşanan ömürlər unudulmur və hər zaman insanların qəlblərində, yaddaşlarında qalır.
Alber Kamyu yazırdı ki, "yalnız azadlıq uğrunda ölməyin mənası var, çünki bu zaman insan inanır ki, o, təmamailə ölmür".
Bu gün haqqında söz açacağım qəhrəmanlar isə Daxili Qoşunların Gəncədəki “N” saylı Hərbi hissəsinin üzvləri, şəhid hərbçiləridir.
Hər şəhid ömrü bir tarixdir. Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.
Polkovnik-leytenant Rəşad Rəhim oğlu Hüseynov 10 mart 1980-cı ildə Şirvan şəhərində anadan olub. 1995-1998-ci illlərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub. 1998-2002- ci illərdə Heydər Əliyev adına Ali Hərbi məktəbdə təhsil alıb. Daxili Qoşunların tədris mərkəzində dinləyici kursunu bitirdikdən sonra Daxili Qoşunlarda tabor komandiri, qərargah rəisi kimi müxtəlif vəzifələrdə çalışıb. Qüsursuz xidmətlərinə görə çoxaylı medallarla təltif olunub. Əsgərlərini tək qoymayan, onlarla birlikdə şəhid olan polkovnik-leytenant Rəşad Hüseynovun 2 qız övladı var - 14 yaşlı Rəşidə və 9 yaşlı Xədicə. Rəşad Hüseynov təkcə qəhrəman zabit kimi yox, əsl insan kimi də xatırlanır. Əsgərləri, tabeliyində olan hərbçiləri ilə ata kimi davranıb. Vətənə, dövlətə, xalqa, torpağa sədaqətli xidmət göstərən polkovnik-leytenantın həyat yolu bugünkü nəsillərə örnəkdir. Şəhid Rəşad Hüseynov minlərlə əsgərin, zabitin, saysız-hesabsız vətənpərvərin qəlbində özünə əbədiyyət abidəsi ucaldıb.
Gizir Vaqif Rəcəbov 23 fevral 1982-cü ildə Naxçıvanda anadan olub. Hərbin sirlərinə peşəkarcasına yiyələnən Vaqif bir çox xüsusi təlimlərdən də uğurla keçmişdi. O, xüsusi təyinatlı tətbiq bölməsində gizir rütbəsində Vətənə xidmətini davam etdirməyi özünə şərəf bildi. Doğulduğu Naxçıvan şəhərində torpağa tapşırılıb. Nuray və Nurtən adlı övladları bu gün ataları ilə qürur duyurlar.
Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir.
Gizir Elvin Əhmədov 15 yanvar 1990 cı ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. Alinənin yeganə oğul övladı olan Elvin Qazax şəhər Humanitar və Təbiət fənlər təmayüllü məktəb-liseyin məzunudur. Bir qızı yadigar qalıb. Bu gün Qazaxın hər bir sakininin qəlbində Elvin ucalığı, Elvin mətinliyi yaşayır. Şəhid ucalığı isə ən yüksək zirvədir. Bu zirvədən o, elinə, obasına baxır, ədəbiyaşarlıq qazanır.
Hərbi qulluqçu Sahil Sarıbala oğlu Babayev 21 mart 1992-ci ildə Masallı rayonunun Ərəb kəndində müəllim ailəsində anadan olub. Vətənə əmanət 3 azyaşlı övladı - Samir, Elçin və Milay yadigar qaldı. Azyaşlı körpələr bu gün qəhrəman ataları ilə fəxr edirlər. Ailənin yeganə oğul övladı olan Sahil Babayevin xatirəsi doğulub boya-başa çatdığı Ərəb kəndinin sakinləri, təhsil aldığı məktəbin müəllim və şagird kollektivi tərəfindən əziz tutulur. Əslində qəhrəmanlıq zirvəsinə gedən bu yolda Sahilin qəlbində iz qoyan vətənpərvərlik qığılcımları elə həmin ocaqda, valideyn və müəllimlərinin gözü önündə qoyulub. Sahilsiz bir dəniz oldu, Sahilin vətən sevgisi. Vətəni qorumağı özünə şərəf bildi. O, Vətən torpağı uğrunda düşmənə hünər göstərdi, döyüşdü və canından keçdi. Sahil Babayev əsl insana xas olan mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə malik bir gənc idi. Oğlu Elçin Sumqayıt şəhərində 23 nömrəli orta məktəbdə atasının adına açılmış 1-ci sinifdə oxuyur.
Çavuş Zahir Əliyev 4 yanvar 1987-ci ildə Lerik rayonunun Sori kəndində anadan olub. Bir qızı var. Deyirlər şəhid ömrü Vətən qədər əbədidir. Qəhrəman şəhid Zahir Əliyevin xatirəsini leriklilər və iki qız övladı daim əziz tutur,
Baş çavuş Ramin Hüseynov 1 iyun 1987-ci ildə Qazax rayonunda anadan olub. Vətənə əmanət oğlu və qızı var. Ramin vətəninə, millətinə bağlı bir insan idi. Vətəni sevdi, onun üçün yaşadı və vətənin azadlığı yolunda da canını əsirgəmədi.
Əsgər Samir Sadıqov 22 avqust 2000-ci ildə Ağstafa rayonunun Qırılı kəndində anadan olub. Gənc hərbçi uşaq yaşlarından vətənə olan sevgisi, bağlılığı ilə seçilib. Samir Sadıqov bir neçə ay əvvəl ailə həyat qurmuşdu. Ata olmağa hazırlaşırdı. Övladını görmək ona nəsib olmadı. Amma övladına qürur duyacaq bir Ata oldu Samir. Bu gün onun Amir adlı oğlu ailəyə işıq bəxş edib.
Əsgər Fərid Nəbiyev 1 yanvar 2000-ci ildə Qazax rayonunda polis ailəsində anadan olub. Subay idi. Fərid ömrünün ən gözəl gənclik illərini yaşayırdı. Gözəl arzuları , gözəl fikirləri var idi. Bu arzular da, bu fikirlər də, bu diləklər də yarımçıq qaldı.
Kiçik çavuş Süleyman Mehdiyev 28 fevral 1992-ci ildə Ağdaş rayonunda anadan olub. Altı yaşında bir oğlu var . Şəhid olduqdan 10 gün sonra Oksana adlı qız övladı dünyaya gəldi. Bəli, Tanrının bəxş etdiyi ömrü Vətən yolunda qurban verməyi özünə şərəf bilən Süleyman öz ölümü ilə bir daha sübut etdi ki, Vətən sevgisi hər şeydən ucadır.
Əsgər Azər Məmmədov 9 yanvar 1990-cı ildə Biləsuvar rayonunda anadan olub. Bir oğlul övladı var. Azər Məmmədovun tərcümeyi halını oxuduqca onun məsləkinə- Vətən, Millət sevdasına varırsan. Düşmən hücumuna məruz qalan igid hərbçi son nəfəsinə qədər döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucaldı.
Antiterror tədbirləri Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha tanıtdı. Hərbi qulluqçu Camal Səmədov 11 iyul 1991-ci ildə Neftçalada anadan olub. 2 qız övladı Şəfiqə və Yağmur Camalın əmanətləriidir. Bəli, insanlığı və humanist dəyərlərilə seçilən Camal 32 il ömür yaşadı. Bizim qəhrəman Camal Səmədov çox dəyərli, çox önəmli, Vətənə xidmətli bir ömür yaşadı. Və şəhidlik məqamına qovuşdu.
12 nəfər şəhid arasında əməlinin və hünərinin ucalığında dayanan Rəşad adlı bir gənc də var idi.Hərbi qulluqçu Rəşad Vəlizadə 13 iyul 1999-cu ildə Lerik rayonu Tikəband kəndində anadan olub. Subay idi. Rəşad qısa bir ömür yaşadı. Lakin elə bir şanlı ömür ki, unudulmaz qəhrəmanlığı, şücaəti ilə əbədiyyətə qovuşdu, əsl Vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcunu şərəflə yerinə yetirdi. O, igidliyi, qəhrəmanlığı ilə elə-obaya gərəkli övlad, Vətənə layiqli oğul oldu, qəhrəmanlığı ilə hər kəsin başını uca etdi. Rəşadın nakam ömrü yarıda qırılsa da, adı Vətənin hünər tarixinə əbədi həkk olundu.
Vətənin müdafiəsi uğrunda canlarını qurban verənlər heç vaxt unudulmur. Şəhidlər həyat durduqca yaşayırlar.
Bu məğrur, bu azad Azərbaycanı bizə qazandıran həm də Siz oldunuz, şəhid qardaşlarım!
Təranə Çərkəz qızı Şükürlü
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutunun mətbuat xidmətinin rəhbəri