Gədəbəydə səyyar tibbi aksiya keçiriləcək

post-img

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildiriblər ki, mərkəzin Avtomobil Səyyar klinikası iyulun 14–15-də Gədəbəy rayonunda Heydər Əliyev Mərkəzində tibbi aksiya keçirəcək. Qeyd edək ki, əsasən şəhid ailələri və qazilər üçün təşkil edilən tibbi aksiya Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilib.

Aksiyanın keçirilməsində məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, həmçinin cərrahi xidmət göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilmişdir. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi əhalinin vaxt itirmədən, öz yaşadıqları ərazilərdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Mərkəzin həyata keçirdiyi tədbirlər daim artır. 

Mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. Bununla yanaşı, Səyyar klinikanın fəaliyyətini daha da genişləndirmək üçün 2018-ci ildən Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar klinikası da fəaliyyətə başlayıb.

Hazırda dünyada 7,8 milyard insandan 2,2 milyardı görmə zəifliyi və görmə  qabiliyyətinin tamamilə itirilməsindən əziyyət çəkir. Bu rəqəm hər il artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Oftalmologiya mərkəzinin əsas prioriteti respublikada korluğun qarşısının alınması üçün tədbirlər görməkdir. 

 

Z.BƏŞİRQIZI, 

“Xalq qəzeti”

Səhiyyə