Azərbaycanlı şairə dünyanın ən böyük poeziya tədbirlərində çıxış edəcək

post-img

Bugünlərdə Kolumbiyanın paytaxtı Boqota şəhərində planetin ən böyük poeziya günləri keçirilir. Belə ki, iyulun 1-dən başlayan 33-cü Beynəlxalq Medelin Şeir Festivalı davam edir. Bununla yanaşı, 13-18 iyul tarixlərində Medelin və Venesuellanın paytaxtı Karakasda Dünya Poeziya Hərəkatının I Konqresi baş tutacaq. 104 ölkədən 60-a yaxın şairin qatıldığı Medelin beynəlxalq şeir festivalının əsas məqsədi demokratik azadlıqlara, sosial dəyişikliklərə və tam sülhə həsr olunub.

Qeyd edək ki, Azərbaycanı dünyamiqyaslı poeziya tədbirlərində tanınmış şairə Nigar Həsənzadə təmsil edir. Bu barədə məlumatı təsdiqləyən N.Həsənzadə bildirib ki, festivalda Azərbaycan dilində öz şeirlərini səsləndirəcək: “İstər Medelindəki 33-cü Beynəlxalq Şeir Festivalında, istərsə də Dünya Poeziya Hərəkatının ilk Konqresində ölkəmizi layiqincə təmsil etməyə çalışacam. Seçilmiş şeirlərimi təqdim edəcəm. Bundan əlavə, festivalın bağlanış mərasimindəki çıxışımı ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edəcəm”. 

Onu da qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan N.Həsənzadənin şeirləri dəfələrlə İngiltərə, Almaniya, Türkiyə, ABŞ, Kanada, Avstraliya, Polşa və Rusiya kimi ölkələrdə aparıcı şairlər tərəfindən yüksək qiymətləndirilib və tərcümə olunaraq ədəbi mətbuatın səhifələrində dərc olunub. 

N.Həsənzadə 2002-ci ildə Azərbaycanda "Humay” milli mükafatına layiq görülmüş, 2005-ci ildə Böyük Britaniyanın "Modern Poetry in Translations” jurnalının "Russian Women Poets” antologiyasına, eləcə də XX əsrin 70 rus qadın-şairi – "Russian Women Poets” Antologiyasına daxil edilmişdir. Bundan əlavə, o, Böyük Britaniya ərazisində yaşayan "10 ən yaxşı əcnəbi şair" siyahısına daxil edilib.

Anar TURAN,

“Xalq qəzeti”

 



Mədəniyyət