Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. “Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən də silsilə tədbirlər keçirilməsi planlaşdırılıb. Nazirliyin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşəbbüsü ilə “Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda təşkil olunan beynəlxalq elmi-praktik konfransda öncə Dövlət Himni səsləndirilib, ETKİ-nun ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi sənədli film nümayiş olunub.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Gülnaz Dadaşova çıxışında bildirib ki, konfrans ölkəmizdə bu mövzuda keçirilən ilk beynəlxalq tədbirdir. Azərbaycanda kardioloji və onkoloji xəstəliklərlə bağlı statistik göstəricilər heç də ürəkaçan deyil. Hər il onkoloji və kardioloji xəstələrin sayı artır. Səhiyyənin əldə etdiyi nailiyyətlərə baxmayaraq, ürək-damar sistemi xəstəlikləri və onkoloji xəstəliklər bütün dünyada ölüm sayına görə təəssüf ki, birinci yeri tutmaqda davam edir: “Bu gün biz etiraf etməliyik ki, ürək-damar xəstəliyi və onkoloji xəstəliklər hələ də bütün dünyada ictimai sağlamlığın aktual problemlərindən biridir. İnanıram ki, bu konfrans bu xəstəliklərin epidemiologiyası, profilaktikası, diaqnostikası və müalicəsi sahəsində tədqiqatçılar üçün innovativ həllər platformasına çevriləcək”.
G.Dadaşovanın sözlərinə görə, həmin xəstəliklərlə bağlı artan tendensiyanı nəzərə alaraq, bu gün ölkəmizdə ilk dəfə olaraq kardioonkologiya sahəsində tədbir keçirilir. Məqsəd həmin xəstəliklərə bir daha diqqətin yönləndirilməsidir. Qeyd edək ki, ixtisaslı mütəxəssislərin məruzələrini əks etdirən 5 sessiyadan ibarət konfransda professional kardioloq, onkoloq, kardiocərrah, hematoloq, radioloqlardan ibarət yüksəkixtisaslı ekspertlər aktual mövzuları müzakirə ediblər.
Konfransda Səhiyyə nazirinin müavini İlqar Qasımov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, tanınmış elm xadimləri, deputatlar və KİV nümayəndələri, həmçinin Türkiyənin İstanbul, Acıbadəm, Ege universitetlərinin tibb fakültələrinin professorları iştirak ediblər.
Səhiyyə nazirinin müavini İlqar Qasımov Azərbaycanın dövlətçilik tarixində ulu öndər Heydər Əliyevin müstəsna rolunu qeyd edib. Ümummilli lider üçün ən vacib sahələrdən biri insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov elmi konfransın Azərbaycan tibbi və elmi üçün vacibliyini vurğulayaraq, kardioonkologiya kimi problemin ölkəmizdə aktuallığını qeyd edib.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev “Ürəyin birincili və metastatik şişləri” mövzusunda təqdimatı zamanı deyib ki, ürək şişləri nadir rast gəlinən, təsadüfən aşkarlanan, əksər hallarda, xoşxassəli olan törəmələrdir. Ağciyər arteriyasının, beyin damarlarının, daxili orqanların, koronar arteriyaların emboliyası da qeydə alına bilər. Təəssüf ki, bədxassəli ürək şişlərində ağciyər, beyin, sümük metastazları daha çox müşahidə olunur. Professor bildirib ki, xəstəliyin diaqnostikasında exokardioqrafiya ən önəmli vasitədir. Xüsusilə, müalicənin planlaşdırılması zamanı kardiak maqnit rezonans tomoqrafiya əvəzedilməz metoddur. Biopsiya isə nadir hallarda istifadə olunur. Hansısa müayinə metodu nəticəsində ürəkdə törəmə qarşıya çıxanda üç ehtimal düşünülür: tromb, vegetasiya və şişlər. Ürəkdə törəmə şəklində ən çox qarşıya çıxan tromblardır və ürək şişləri ən az ehtimalla təsdiq olunur. Şişlərin 80 faizə yaxını xoşxassəli olur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Hikmət İbrahimli “Kardioonkologiya: Problemə müasir baxışlar” mövzusunda məruzəsində ürək-damar xəstəliklərinin dünyada ölümlə nəticələnən xəstəliklər arasında birinci yeri tutduğunu və bu sahəyə xüsusi diqqət ayrılmasının vacibliyini qeyd edib. Bildirdi ki, icbari tibbi sığortanın xidmətlər zərfi tərtib edilərkən əsas götürülən prinsiplərdən biri də əlillik və ölüm riski yüksək olan xəstəliklərin sığorta ilə əhatə edilməsi olub. Ürək-damar xəstəliklərinin müayinə və müalicəsi, xüsusilə də dəyəri yüksək olan açıq ürək əməliyyatları icbari tibbi sığorta ilə qarşılanır. Hazırda ürək-damar xəstəliklərinin müayinə və müalicəsi ilə bağlı 210-dan artıq tibbi xidmət icbari tibbi sığorta hesabına göstərilir. Buraya aorta koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, minimal invaziv üsullar və bir sıra kardiocərrahi əməliyyatlar daxildir.
Konfransda, həmçinin Milli Onkologiya Mərkəzinin, Tibb Universitetinin Onkoloji klinikasının, Hematologiya İnstitutunun peşəkar mütəxəssisləri, kardioloq və onkoloqlar əldə etdikləri məlumatları paylaşıblar. Beynəlxalq konfrans kardioonkologiya sahəsinin respublikamızda inkişafı üçün öz töhfəsini verəcək, bu istiqamətdə yeni proyektlərə imza atmağa zəmin yaradacaq, həmin xəstəliklərin müalicəsində multidisiplinar yanaşmanın tətbiq olunmasına kömək edəcək.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”