Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışında iştirak edib YENİLƏNİB

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35 kV-luq “İstisu” yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Kəlbəcər rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” sanatoriyasının və “İstisu” mineral su zavodunun elektrik təchizatı məqsədilə 110/35 kV-luq iki ədəd 40 MVA gücündə “İstisu” yarımstansiyası inşa edilib. Bu yarımstansiya 110/35 kV-luq “Kəlbəcər” yarımstansiyasından çəkilən 110 kV-luq ikidövrəli hava xətti vasitəsilə elektrik enerjisi ilə təmin edilir. Yeni inşa edilən yarımstansiyanın 110/35 kV-luq “Qorçu” və “Laçın” yarımstansiyaları ilə əlaqələndirilməsi nəticəsində 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin yaradılmasına nail olunacaq.

Yarımstansiyada 110 kV-luq 40 MVA gücündə iki transformator, müasir standartlara cavab verən 110 və 35 kV-luq eleqaz açarlı yuvalar quraşdırılıb. Yarımstansiya avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşularaq, məsafədən idarəolunma telekommunikasiya qurğuları, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Qeyd edək ki, gələcəkdə yarımstansiyadan 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətlərin çəkilməsi ilə İstisu, Alagöllər, Zəylik, Zar və s. yaşayış məntəqələrinin elektrik təchizatının dayanıqlılığı təmin olunacaq. Yarımstansiya bərpaolunan enerji mənbələrinin inteqrasiyası üçün müasir cihaz və avadanlıqlarla təchiz edilib. Burada növbətçi heyət üçün müvafiq otaqlar, idarəetmə və mühafizə otaqları inşa edilib, lazımi iş şəraiti yaradılıb. Yarımstansiyanın ətrafı abadlaşdırılıb, ərazidə ağaclar əkilib, suvarma sistemi quraşdırılıb.









Rəsmi xronika