Xocalı soyqırımı qurbanlarının xatirəsi Londonda anılıb

post-img

Londonda Azərbaycanın Böyük Britaniyadakı səfirliyində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar ehsan süfrəsi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Britaniyada təhsil alan azərbaycanlı tələbələr, diaspor nümayəndələri və ictimai xadimlər iştirak ediblər.

Səfir Elin Süleymanov Xocalı soyqırımının Azərbaycanın tarixi yaddaşında silinməz izlər buraxdığını, beynəlxalq ictimaiyyətin bu faciəni tanımasının vacibliyini vurğulayıb. O, eyni zamanda, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün görülən işlərdən və gənclərin bu istiqamətdəki rolundan bəhs edib. Səfir Ümummilli Lider Heydər Əliyevin Xocalı faciəsinə verdiyi siyasi-hüquqi qiyməti xatırladaraq, məhz onun rəhbərliyi dövründə bu soyqırımın ilk dəfə beynəlxalq müstəviyə çıxarıldığını qeyd edib. Heydər Əliyevin apardığı ardıcıl siyasət nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılıb və bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.

Londonda yaşayan tanınmış tarzən Rafiq Rüstəmov da Xocalı qurbanlarının xatirəsini anıb və faciənin tarixi əhəmiyyətindən danışıb. Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova isə çıxışında Xocalı soyqırımının unudulmaması, bu tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və gənclərin bu istiqamətdəki mühüm rolu barədə danışıb.

Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələr də Xocalı faciəsinin Azərbaycan tarixində ən ağır qətliamlardan biri olduğunu vurğulayıblar. Onlar, Azərbaycan gənclərinin ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında üzərinə düşən məsuliyyətdən danışaraq, Xocalı qurbanlarının xatirəsini daim yaşatmağın vacibliyini bildiriblər.

Sonda Xocalı şəhidlərinin ruhuna dualar oxunub və ehsan süfrəsi açılıb.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri 

London





Qan yaddaşı