Düşənbədə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri və mətbuat konfransı keçirilib

post-img

Azərbaycanın Tacikistandakı səfirliyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 

Tədbirdə Türkiyənin Tacikistandakı səfiri Umut Açar, səfirliyin əməkdaşları,  Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Əvvəl Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov ermənilərin XIX-XX əsrlərdə mərhələli şəkildə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini və bu siyasətin tərkib hissəsi olan Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin tərkib hissəsi olduğunu bildirib.

Səfir əlavə edib ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün bütün zəruri addımlar atılıb.

Səfir deyib ki, Xocalı soyqırımı zamanı mülki insanlar xüsusi amansızlıqla qǝtlǝ yetirilib, onlara qarşı qeyri-insani rǝftar nümayiş olunub, adamlar işgǝncǝlǝrə məruz qalıb, öldürülǝn insanların nǝşi alçaldılıb ki, bu da beynǝlxalq humanitar hüquq, insan hüquqları , bu istiqamǝtdǝ mövcud beynǝlxalq konvensiyalar, o cümlǝdǝn soyqırım cinayǝtinin qarşısının alınması vǝ cǝzalandırılması haqqında Konvensiya, İşgǝncǝlǝrǝ vǝ digǝr qǝddar, qeyri-insani, yaxud lǝyaqǝti alçaldan davranış vǝ cǝza növlǝrinǝ qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının lǝğv edilmǝsi haqqında beynǝlxalq Konvensiyalara ziddir.

Türkiyənin Tacikistandakı səfiri Umut Açar faciə ilə bağlı başsağlığı verib və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib.

Sonra keçirilən mətbuat konfransı zamanı jurnalistlər Xocalı faciəsi ilə yanaşı,  Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı son işlər və Tacikistan-Azərbaycan əlaqələrinə dair suallar səsləndiriblər. 

Səfir suallara cavab verib, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının sona çatdığını, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini söyləyib, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını, Xocalı, eləcə də digər rayonların sakinlərinin öz evlərinə geri dönməsi prosesinin başlandığını diqqətə çatdırıb. Həmçinin azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsi, ölkənin üzləşdiyi mina problemi və onun yaratdığı fəsadlar barədə jurnalistləri məlumatlandırıb.

Tədbirdə Xocalı faciəsi barədə videoçarx da nümayiş etdirilib. 

İştirakçılar Xocalı faciəsi ilə bağlı səfirlikdə yaradılan guşə ilə də tanış olublar.  

Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Düşənbə







Qan yaddaşı