Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunda Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Baş konsulluğun əməkdaşları, Türkiyənin, Özbəkistanın, Türkmənistanın, İranın Aktaudakı baş konsulları, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov, universitetin müəllim və tələbələri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
İştirakçılar öncə Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən fotosərgi və kitab sərgisi ilə tanış olublar. faciə qurbanlarının xatirəsinə həsr olunmuş guşəyə gül dəstələri düzülüb, onların ruhuna dualar edilib.
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ölkəmizin Aktaudakı Baş konsulu Ayxan Süleymanlı çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayı hərbçilərinin iştirakı ilə şəhərə hücum edərək silahsız azərbaycanlılara qarşı soyqırım törədib. Qeyd edib ki, bu təcavüz zamanı Xocalı ağır hərbi texnikalardan şiddətli atəşə tutularaq darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir gecə ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.
A.Süleymanlı Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun sistemli tədbirlər həyata keçirdiyini, 2008-ci ildə fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının hazırda uğurla davam etdiyini diqqətə çatdırıb.
Baş konsul bildirib ki, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər ordumuz işğal edilmiş torpaqlarımızı azad edib. Çıxışının sonunda A.Süleymanlı Xocalı soyqırımının günahkarları - Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərlərinin bəşəriyyət qarşısında mütləq cavab verəcəklərini qeyd edib və Azərbaycan xalqının Xocalı soyqırımını heç vaxt unutmayacağını diqqətə çatdırıb.
Türkiyənin Aktaudakı Baş konsulu Sabri Alptekin Xocalı soyqırımının insanlığa sığmayan vəhşi cinayət olduğunu vurğulayıb, Xocalı sakinlərinin məhz türk olduqları üçün amansızlıqla qətl edildiklərini bildirib, soyqırımın heç vaxt unudulmayacağını və şəhidlərin xatirəsini ehtiramla yad edib.
“Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov, diasporumuzun üzvü Vaqif Əliyev öz çıxışlarında Xocalıda mülkü əhaliyə qarşı törədilmiş amansız qətliamı pisləyiblər, gələcəkdə belə qanlı hadisələrin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd ediblər.
Çıxışlar zamanı ekranda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar baş konsulluq tərəfindən hazırlanan slaydlar nümayiş etdirilib və iştirakçılara soyqırımla bağlı hazırlanmış press-reliz paylanıb.
Tədbirin sonunda gənc rəssam Lalə Hüseynzadənin Xocalı soyqırımına həsr etdiyi “Qumla rəsm videosu”, sonra isə Vaqif Mustafayevin rejissoru olduğu “Dərdimi çəkirəm” sənədli filmi nümayiş etdirilib və iştirakçılara ehsan veriib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Aktau