Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində faciə qurbanlarının xatirəsinə həsr olunan anım gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Kiyevin məşhur “Jovten” kinozalında keçirilən anım gecəsində Ukrayna Ali Radasının deputatları, Xarici İşlər, Ədliyyə nazirliyinin əməkdaşları, bu ölkədə akkreditə olunmuş səfir, diplomatlar, Krım Tatarları İcmasının rəhbərliyi, həmçinin ukraynalı tarixçilər, alimlər, ali təhsil ocaqlarının müəllim, tələbə heyəti, Azərbaycanın diaspor fəalları və yerli media nümayəndələri iştirak ediblər.
Anım gecəsində Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filminin nümayişindən əvvəl faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verərək qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal edərək dinc əhaliyə qarşı kütləvi qırğın törədiblər. Bu qanlı gecədə 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla 613 nəfər həlak olub. Səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq yetim qaldı. 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
“Əgər dünya ictimaiyyəti Xocalı soyqırımına vaxtında hüquqi qiymət versəydi, bəlkə də dünyanın başqa yerlərində baş vermiş sonrakı soyqırımlarının qarşısını almaq olardı. Burada bir sadə həqiqəti xatırlamalıyıq - cəzasızlıq yeni cinayətlər doğurur”, - deyə diplomat əlavə edib.
Səfir vurğulayıb ki, bu günlərdə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın iştirakı ilə yayılan video görüntülər və onun açıqlamaları azərbaycanlıların qovulmasının Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın siyasətinin tərkib hissəsi olduğunu təsdiqləyir. Ter-Petrosyanın açıqlamaları faktiki olaraq Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində ermənilərin qorxutmaq məqsədilə Xocalıda dinc azərbaycanlıların kütləvi şəkildə qətlə yetirildiyini açıq və birmənalı etiraf edib.
“Lakin Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarını işğal etmək kimi böyük planları pozuldu. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Xocalı 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin bir günlük antiterror tədbirləri nəticəsində 30 ildir davam edən erməni işğalından azad edilib”, - deyə səfir xatırladıb.
Sonra çıxış edən “Sonsuz dəhliz” sənədli filminin əsas yaradıcılarından olan, Xocalı soyqırımını işıqlandıran litvalı jurnalist Riçard Lapaytis 1992-ci ilin fevral ayının sonu və martın əvvəlində Ağdamda gördükləri və yaşadıqları ilə bağlı xatirələrini bölüşüb.
“Ukraynada gedən müharibə zamanı, bu ölkədə Xocalı soyqırımı ilə bağlı həqiqətləri bir daha görmək önəmlidir. Çox istərdim ki, Ukrayna cəmiyyəti bir daha 1992-ci il fevralın 25-dən 26-na keçən gecə hansı vəhşiliklərin baş verdiyinin şahidi olsun”, - deyə litvalı hərbi jurnalist əlavə edib.
Xocalı soyqırımı baş verəndə cəmi 23 yaşı olduğunu deyən Riçard Lapaytis Ağdam məscidi yaxınlığında xocalılı ananın dediklərini xatırladıb.
“O vaxtı Azərbaycanı geniş informasiya blokadasında idi. Xocalı soyqırımından möcüzə şəklində sağ qalan bir qadın Ağdamda mənə yaxınlaşaraq dedi: “Oğlum, nə düşünürsən, bizim haqqımızda heç olmasa bir həqiqəti yazırlar? Mən bilmirəm hansı ölkədən gəlmisən, hansı qəzeti təmsil edirsən, ancaq xahiş edirəm, öz ölkənə qayıdandan sonra Xocalı həqiqətlərdən heç olmasa, bir cümləlik həqiqəti yaz”. Bilirsiniz, artıq illər keçib, mən xocalılı qadına, anaya verdiyim vədi yerinə yetirirəm. Bu gün Kiyevdə yenidən XX əsrin ən dəhşətli Xocalı soyqırımı yad edilir”, - deyə Riçard Lapaytis bildirib.
Daha sonra “Sonsuz dəhliz” filmi Ukrayna dilinə tərcümə olunmuş subtitrləri ilə nümayiş etdirilib. Anşlaq olan kinozalda bütün iştirakçılar dövrün hadisələrinin dəhşətli mənzərəsindən heyrətə gəliblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev