Naxçıvan
AMEA-nın Naxçıvan Bölməsində Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə “Tariximizin qan yaddaşı: Xocalı soyqırımı” mövzusunda elmi konfrans keçirilib.
Konfransda öncə soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tarixin müxtəlif mərhələlərində ermənilərin xalqımıza qarşı ən qəddar üsullardan istifadə etməklə törətdikləri kütləvi qırğınlar və soyqırımları barədə danışıb. Xocalı faciəsini insanlığa qarşı ən ağır cinayət kimi səciyyələndirib.
Xocalı həqiqətlərinin, xalqın haqq səsinin dünyaya çatdırılması istiqamətində görülən işləri vurğulayan bölmə sədri bildirib ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət məhz ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsidir ki, bu gün Xocalı soyqırımını dünyanın bir sıra ölkələri rəsmən tanıyır. Xocalı həqiqətlərinin, erməni vəhşiliyinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının da mühüm rolu var.
“Bu gün Xocalı azaddır. Azərbaycanın igid oğulları Xocalı şəhidlərinin qisasını alıblar. Xocalı suveren Azərbaycanın yenidən qurulan bölgələrindəndir”, – deyən akademik hələ də davam edən erməni uydurmalarına qarşı mübarizə aparmağın vacibliyini dilə gətirib.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Xocalı soyqırımı – insanlığa qarşı cinayət”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Natavan İbrahimova “Xocalı faciəsi ədəbiyyatımızda” mövzusunda məruzə ediblər. AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev Xocalı həqiqətlərinin təbliğini hər bir tədqiqatçının, hər bir insanın vətəndaşlıq borcu adlandırıb.
Sumqayıt
Gənclik şəhərində Xocalı faciəsinin qurbanlarının xatirəsi ehtiramla anılıb. Anım mərasimində şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Sumqayıtda yaşayan xocalılılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhərin Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüb, Xocalıda həlak olan soydaşlarımızı sükutla yad ediblər. Şəhər rəhbərliyi Sumqayıtda məskunlaşan Xocalı sakinləri ilə görüşərək, Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisasının alındığı, qanlarının yerdə qalmadığı bildirilib.
Sumqayıtın təhsil ocaqlarında da Xocalı faciəsinin ildönümü münasibətilə çeşidli tədbirlər keçirilib. Şəhərdəki 40 nömrəli tam orta məktəbdə rəsm müsabiqəsi təşkil edilib. 9 nömrəli tam orta məktəbin 3–4-cü sinif şagirdləri isə müəllim Ayşən Məmmədovanın və Vəfa Cəfərovanın rəhbərliyi ilə Şəhidlər xiyabanındakı Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, şeirlər söylənib və xatirə şəkilləri çəkdirilib.
Mingəçevir
“Nur şəhəri”ndəki Dövlət Universitetində (MDU) “Əsrin faciəsi”nə həsr edilən mərasimlər təşkil olunub.
“Bizi Xocalıya qovuşduran milli birliyimiz” mövzusunda elmi konfransda universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər. MDU-nun rektoru vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov çıxışında Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı səhifələrdən biri olduğunu vurğulayıb.
Konfrans çərçivəsində Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub. Müəllimlər “Xocalı soyqırımı erməni vəhşiliyinin apogeyidir: faciəyə aparan yol”, “Xocalı faciəsi vətənpərvərlik və qisas duyğuları yaradan milli dəyər kimi”, “Xocalının qisasını almış xalq və milli lider” mövzusunda çıxışlar edərək, xalqın milli həmrəyliyi və güclü liderlik amilinin torpaqlarımızın azad olunmasında əsas rol oynadığını bildiriblər.
Masallı
Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin, Masallı Rayon İcra Hakimiyyətinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Regional bölməsinin və Masallı Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü il dönümü ilə bağlı “Xocalıya qayıdış” adlı mərasim keçirilib.
Təşkilatçı qurumların nümayəndələri, qazilər və gənclərin iştirak etdiyi mərasimin əvvəlində soyqırımı qurbanlarının və Vətənin azadlığı, suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Çıxışlarda Xocalı şəhidləri ehtiramla xatırlanıb, haqq-ədalətin bərpası naminə keçilən çətin, lakin qürurlu yola nəzər salınıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərin qanının yerdə qalmadığı vurğulanıb. Fəxrlə bildirilib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizlənib. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirib.
Yekunda mərasim iştirakçıları muzeydə nümayiş olunan Xocalı soyqırımı qurbanlarına aid foto-sərgi ilə tanış olublar.
Xaçmaz
Erməni quldurlarının qanına qəltan etdiyi soydaşlarımızın qisası müzəffər Ordumuzun şanlı Qələbəsi sayəsində alınıb. Artıq torpaqlarımız azad, qayıdışımız əbədidir.
Bu fikir Xaçmaz Tarix Diyarşünaslıq Muzeyi və Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin birgə təşkil etdikləri "Əbədi qayıdış" adlı tədbirdə söylənilib.
Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan mərasimdə Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatları iştirakçıları, Xaçmaz Rayon İcra Hakimiyyətinin, ictimai birliklərin və təşkilatçı qurumların əməkdaşları, təhsil işçiləri, məktəblilər iştirak ediblər.
Məruzələr səsləndirilib, bu acı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, indi erməni cinayətkarları ədalət məhkəməsi qarşısına çıxarılıb və şəhidlərimizin qisası yerdə qalmayıb.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov haqqında film nümayiş olunub, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.
Tərtər
Əsrin faciəsinin 33-cü ildönümü ilə bağlı Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyində ədəbi-bədii tədbir keçirilib.
İştirakçılar öncə “Xocalıda məhv olmuş ümidlər” adlı filmi izləyiblər. Sonra çıxışlar olub. Natiqlər ermənilərin Xocalının dinc sakinlərinə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlarından danışıblar. Qeyd olunub ki, Xocalı soyqırımı törədilən zaman “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyaları kobud şəkildə pozulub.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılmasına, bu faciənin dünya ictimaiyyəti tərəfindən tanınması və qətliama siyasi-hüquqi qiymətin verilməsinə yönəlmiş “Xocalıya ədalət!” kampaniyası Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın bir çox ölkəsində davamlı olaraq həyata keçirilir. Kampaniya nəticəsində 18 dövlətin qanunvericilik orqanı, ABŞ-ın 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən bu qəddar qətliam pislənilib, soyqırımı kimi qiymətləndirilib, bununla bağlı müvafiq qərar və qətnamələr qəbul edilib.
Tədbirdə “Qarabağ artıq azaddır” adlı ədəbi-bədii kompozisiya, həmçinin faciəyə həsr edilmiş kitab sərgisi nümayiş olunub.
Ağdaş
Ağdaş Rayon İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Sahib Alıyev, rayon ictimaiyyətinin nümayəndələri, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. Əvvəlcə Ağdaş Dövlət Rəsm Qalareyasının gənc rəssamlarının hazırladığı, Xocalı faciəsinə həsr olunmuş əl işləri və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin əhalisinə qarşı törədilmiş soyqırımının insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri olduğunu vurğulayıblar. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi Zəfəri, həmçinin uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğu, Xocalının da separatçılardan tam təmizləndiyi bildirilib. Hazırda azad edilmiş digər ərazilərimiz kimi, Xocalıda da genişmiqyaslı quruculuq işlərinin aparıldığı, doğma yurdlara qayıdış prosesinin davam etdiyi bildirilib.
Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatrının təqdimatında “Qisas qiyamətə qalmadı, Vətən!” adlı tamaşa nümayiş etdirilib.
Hazırladılar:
Ə.ƏLİYEV,
İ.HƏSƏNOV
XQ