Bakı Dövlət Universiteti
Bakı Dövlət Universitetində keçirilən “Reza Deqatinin Gözündə Xocalı Soyqırımı” adlı görüşdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib, bu qətliamın yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması diqqət mərkəzində olub.
BDU-nun rektoru Elçin Babayev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Gənclər Fondunun icraçı direktor müavini Yusif Vəliyev və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Ələkbərli çıxış edərək bu cür tədbirlərin gənclərin milli tarixi daha dərindən anlaması və Azərbaycan həqiqətlərini beynəlxalq arenada düzgün şəkildə təbliğ etməsi baxımından çox önəmli olduğunu vurğulayıb, dünyaca məşhur fotoqraf Reza Deqatinin Xocalı Soyqırımına dair fotoşəkilləri və şahidliyinin hadisənin faciəvi reallıqlarını gənclərə vizual olaraq çatdırmaqda mühüm rol oynadığını qeyd ediblər.
Tədbirin davamında Reza Deqati Xocalı Soyqırımından dərhal sonra çəkdiyi nadir fotoları təqdim edərək şahidi olduğu hadisələrdən danışıb. O, həmin ağrılı və acılı günlərin indi də gözünün önündə canlandığını söyləyib. Fotoqraf vurğulayıb ki, Xocalı Faciəsi təkcə Azərbaycan xalqına deyil, ümumiyyətlə insanlığa qarşı törədilmiş ağır cinayətdir və bu cinayətin tanınması üçün beynəlxalq səviyyədə mübarizə aparmaq vacibdir.
Qeyd edək ki, “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində Azərbaycan Gənclər Fondu, Bakı Dövlət Universiteti və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Hərbi Prokurorluq
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda “Xocalı soyqırımının otuz üçüncü ildönümü” ilə əlaqədar elmi-praktik konfrans keçirilib. Prokurorluğun inzibati binasında yerləşən və onun nəzdində fəaliyyət göstərən Soyqırımı Memorial Muzeyində reallaşan tədbirdə prokurorluq əməkdaşları, deputatlar, habelə ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Konfransı açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini –Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, o cümlədən tarixi torpaqlarımızın işğaldan azad olunmasından, həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edib. Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, əldə edilən uğurlara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın zəngin fəaliyyəti töhfələr verməkdədir.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev konfrans iştirakçılarının diqqətini Xocalı soyqırımına yönəltməklə, həmin dəhşətli gecədə baş verənlərdən, hadisələrin necə cərəyan etməsindən ətraflı danışaraq, bütün bunların Azərbaycan Respublikasının Baş Prokurorluğunda və Hərbi Prokurorluğunda istintaq olunmuş cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirib.
Ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının son dərəcə mühümlüyünü qeyd edən ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən işlər, o cümlədən Heydər Əliyev Fondunun səmərəli fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Hərbi prokuror Xanlar Vəliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından, o cümlədən Xocalı soyqırımı haqqında doğru və dolğun məlumatların bütün dünyaya yayılması ilə bağlı yorulmaz fəaliyyətindən söz açıb.
Tədbirdə deputatlar – Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Müşfiq Cəfərov, Nigar Arpadarai və digər şəxslər də bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı barədə çıxış ediblər.
Daha sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsü ilə soyqırımı haqqında hazırlanmış “Əsrin faciəsi” rəqəmsal videodiski nümayiş etdirilib.
Milli Azərbaycan Tarixi Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
C.Naxçıvanski adına Hərbi Liseyin kursantları, Bakı şəhəri məktəblərinin şagirdləri və muzey əməkdaşlarının iştirak etdikləri tədbirdə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək, nümayiş olunan “Xocalı yaddaşımız” adlı fotosərgi barədə məlumat verib. Onun sözlərinə görə, sərgidə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) fotoarxivinə məxsus 36 fotoşəkil nümayiş olunub. Fotoların müəllifləri Mirnaib Həsənoğlu, Şahvələd Eyvazov, Xalid Əsgərov, İlqar Cəfərov və Oleq Litvindir.
Şöbənin baş mütəxəssisi Aynur Babayeva faciədə yüzlərlə dinc, günahsız azərbaycanlıların qətlə yetirildiyini xatırladıb. “Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biridir. 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qətliamın məqsədi xalqımızı doğma torpaqlarından qovmaq və işğal siyasətini davam etdirmək idi”, – deyə o, əlavə edib.
Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən biri Mirnaib Həsənoğlu Xocalı faciəsində şahid olduğu dəhşətlərdən söhbət açıb.
Bədii hissədə Günay Uşaq Teatrı tərəfindən Zərəngiz Dəmirçinin “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub. Səhnə əsərinin rejissoru Larisa Tarusovadır.
Milli Kitabxana
Milli Kitabxanada Azərbaycan xalqının tarixində və yaddaşında heç vaxt silinməyəcək və Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “26 fevral – Xocalı soyqırımı” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Kitabxanadan “XQ”yə bildirilib ki, virtual sərgidə erməni faşizminin törətdiyi Xocalı qətliamı, işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar, ağlasığmaz qəddarlıqla törədilmiş dəhşətli faciələr haqqında dövri mətbuatda çap olunan məqalələr, fotolar, ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti, Xocalı soyqırımının dəhşətli məqamları haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
“AzerGold” və Milli Xalça Muzeyi
“AzerGold” QSC və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Milli Xalça Muzeyində təşkil edilən tədbirdə “AzerGold” və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC, eləcə də muzeyin rəhbərliyi və kollektivi iştirak ediblər.
Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova Xocalı soyqırımının XX əsrin ən qanlı cinayətlərindən biri kimi bəşər tarixinə düşdüyünü, bu faciənin xalqımızın yaddaşında dərin izlər buraxdığını diqqətə çatdırıb. Təcavüzkar Ermənistan dövlətinin təkcə Azərbaycan xalqına deyil, mədəni irsimizə və tariximizə qarşı terror siyasəti yürütdüyünü xatırladan direktor bu əməllərə Azərbaycan dövləti və xalqı tərəfindən layiqli cavabların verildiyini qeyd edib.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov isə Prezident İlham Əliyevin liderliyi, qalib ordumuzun gücü ilə işğaldan azad edilmiş digər şəhər və rayonlarımız kimi Xocalının da öz həqiqi sahiblərinə qaytarıldığını, faciə qurbanlarının qisasının döyüş meydanında qətiyyətlə alındığını, Xocalı canilərinin bu gün ədalət qarşısında cavab verdiklərini bildirib.
Xatirə mərasimində Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən Xocalıda yaşanan soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülmüş işlər xüsusi qeyd edilib.
Sonda Xocalı faciəsinə həsr olunmuş bədii-sənədli film nümayiş olunub. Daha sonra əməkdar rəssam Aydın Rəcəbovun eskizi əsasında Xocalı sakinləri tərəfindən toxunmuş “Ana fəryadı” xalçasına baxış keçirilib.
Bakı Yol Polisi İdarəsi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidməti bildirib ki, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Hazırladı:
V.BAYRAMOV
XQ