Tarix unutmayır qəhrəmanları

post-img

Bölgələrdə 20 yanvar hadisələrinin 35 illiyi münasibətilə mərasimlər davam edir

Gəncə  

AMEA-nın Gəncə Bölməsində  “20 Yanvar müstəqilliyimiz uğrunda mübarizənin təməl daşıdır” mövzusunda “dəyirmi masa” görüşü təşkil olunub.  

Faciənin 35-ci ildönümünə həsr edilmiş mərasim Azərbaycan Respublikasının Dövlət Himninin sələndirilməsi və Vətən torpaqları uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin anılması ilə başlayıb. Sonra 1990-cı ilin qanlı yanvar hadisələrinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açıb. O, xalqımızın azadlıq əzmini boğmaq məqsədilə  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dağılmaqda olan Sovet İttifaqının ordu birləşmələrinin paytaxtımıza yeridilməsi ilə yaşanan qanlı hadisələri tariximizin faciəvi, eyni zamanda milli birliyimizin qürurverici anı kimi dəyərləndirib. Natiq 20 Yanvar hadisələrinin əsl siyasi qiymətinin, eləcə də həmin faciənin qurbalarına şəhidlik statusu verilməsinin  Ulu Öndər tərəfindən həyata keçirildiyini xatırladaraq, əlavə edib ki, müasir dövrümüzdə də Ulu Öndərin layiqli davamçısı, Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sınaqlardan layiqincə çıxıb. Vətənin  bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə xüsusi diqqət və qayğı göstərilir.

Sonra AMEA-nın əməkdaşlarının məruzələri dinlənilib. AMEA-nın  Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutundan Samirə Qasımova “20 Yanvar – müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq salnaməsi”, Nərgiz  Rəsulova “Qəhrəman şəhərlərin bir gecədə yazılan qəhrəmanlıq dastanı”, Beynəlxalq Əlaqələr şöbəsindən Simuzər Qafarlı “20 Yanvar hadisələrinin beynəlxalq hüquq müstəvisində analizi”, Nizami Gəncəvi Mərkəzindən Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatında 20 yanvar mövzusu”  və İctimaiyyətlə əlaqələr şöbəsindən Zakir Muradov “20 Yanvar ərəfəsində Gəncə və bölgədə baş verən hadisələr” mövzularında çıxış ediblər.  Məruzələr ətrafında müzakirələr aparılıb.

Sumqayıt

 XX əsrin ən dəhşətli hadisələrindən biri olan 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Sumqayıt Dövlət Universitetində (SDU) toplantı keçirilib. 

İştirakçılar əvvəlcə universitetin həyətində ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş məzun şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzüblər. Sonra universitetin foyesində qurulan fotosərgiyə baxış keçirilib. 

Akt zalında davam edən tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Faciənin mahiyyəti və onu doğuran səbəblər barədə çıxış edən rektor Rüfət Əzizov 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə baş vermiş hadisələri xatırladaraq, bunları Azərbaycanın suverenliyi və azadlığı uğrunda mübarizə aparan dinc sakinlərə qarşı törədilən qanlı cinayət adlandırıb. O, 20 Yanvar hadisələrinin Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı olduğunu və bu   faciəyə ilk siyasi-hüquqi qiyməti Ümummilli lider Heydər Əliyevin   verdiyini xüsusi vurğulayıb. Rüfət Əzizov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı zəfərlə üçrəngli bayrağımızın bu gün Qarabağda, Şuşada, müstəqil və güclü ölkəmizin hər yerində dalğalandığını diqqətə çatdırıb. 

Sonra 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub. Toplantıda  Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “20 Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir” mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında həmin kafedranın müəllimi Ceyhun Qasımbəyli “20 Yanvar müstəqillik uğrunda mübarizənin zirvəsidir”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi Zahid Bünyadov “Ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə verdiyi siyasi qiymət” mövzularında çıxışlar edərək Qanlı Yanvar hadisələrinə gətirib çıxaran proseslərdən və xalqın qəhrəmanlığından danışıblar.   

Mingəçevir

“Nur şəhəri”nin ayrı-ayrı təşkilatlarında 20 Yanvar faciəsinin 35-ci il dönümü şəhid ruhlarına ehtiramla qeyd olunub.  

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir şöbəsinin kollektivi faciənin 35-ci ildönümü ilə bağlı toplantıya təbii kədər və qürur hissi ilə toplaşıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Natiqlər Azərbaycanın müstəqillik əldə etməsində bu hadisələrin  önəmindən danışıb, şəhidklər haqqında xatirələrini söyləyib, imperiya canilərini lənətləyiblər.

Mingəçevir Dövlət Universitetində (MDU) 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş “Azərbaycan dövlətinin müstəqilliyində və xalqın birliyində yaşayan şərəf və ölməzlik tarixi: 20 Yanvar” mövzusunda elmi konfrans keçirilib.

Konfransda MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər. Universitetin rektoru vəzifəsini icra edən, tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik mübarizəsi tarixindəki əhəmiyyətini vurğulayıb və bu hadisələrin milli yaddaşın ayrılmaz hissəsi olduğunu qeyd edib. Açılış nitqindən sonra 20 Yanvar hadisələrinə aid videoçarx nümayiş etdirilib. Konfransda 20 Yanvar hadisələrinin tarixi və ədəbi əhəmiyyəti ilə bağlı bir sıra maraqlı məruzələr təqdim edilib.

 Şəhər Mərkəzi Xəstəxanasında şəhid ruhları sükutla yad edildikdən sonra 20 yanvar hadisələrinin xalqımızın müstəqillik mübarizəsindəki tarixi roluna işıq salınıb. Nümayiş etdirilən videokadrlar hər kəsdə dərin emosional hisslər yaradıb.

Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbində də 20 Yanvar faciəsinin 35-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Lənkəran

 Lənkəran Dövlət Universitetində (LDU) 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş tədbir “Qanlı yanvar – əbədi xatirə” adlanırdı.  

Əvvəlcə faciəni əks etdirən videoçarx nümayiş etdirilib.    

Sonra LDU-nun “Tarix və onun tədrisi metodikası kafedrası”nın müdiri, dosent Kamal Mahmudov “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsidir” mövzusunda məruzə edib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev, bu faciəni hər şeydən əvvəl Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırıb. 20 Yanvar hadisəsi ilə bağlı Ümummilli liderin mövqeyi, açıqlamaları, atdığı addımlar 35 il öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımız üçün qiymətli mənəvi qaynaqdır.

Universitetin “Tarix və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Aslan İbrahimov “20 Yanvar və Lənkəran”, LDU TGT-nın sədri Sara İbadzadə “Azadlıq yolu: “20 Yanvar şəhidlərinin əbədi xatirəsi” mövzularında çıxış ediblər.  

Tədbirdə LDU tələbələrinin ifasında 20 Yanvar şəhidlərindən biri olan məktəbli Larisa Məmmədovanın xatirəsinə həsr olunmuş səhnəcik təqdim edilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

Lənkəranda “20 Yanvar, Danışan talelər” adlı film də nümayiş olunub. 

Ekran əsərinin təqdimatı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə reallaşdırılıb. Filmin həyəcan doğuran səhnələri, hadisə şahidlərinin xatirələri, imperiya qüvvələrinin törətdiyi vəhşiliklər barədə hekayətlər 20  yanvar hadisələrinin heçş zaman unudulmayacağından soraq verib. 

Masallı 

Rayonun təhsil, səhiyyə, mədəniyyət və digər dövlət orqanlarında 20 Yanvar faciəsinin 35-ci ildönümü  bir-birindən maraqlı silsilə təbdirlərlə qeyd olunur.   

Mərasimlərdə xüsusi vurğulanıb ki, 20 Yanvar faciəsi ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü naminə dəmir yumruq kimi birləşən yenilməz xalqımızın qəhrəmanlıq salnaməsidir. İmperiya ordusu təkcə paytaxt Bakını qan gölünə qərq etməklə kifayətlənməyərək, Sumqayıt yolunda, Neftçala və Lənkəranda da dinc əhaliyə atəş açıb, yüzlərlə adamı öldürüb, yaralayıb, obyektlərə ciddi ziyan vurub.

Mərasimlərdə çıxış edən natiqlər bildiriblər ki, xalqımız faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edir və hər il əliyalın qəhrəmanların qanı-canı bahasına başa gələn 20 yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunur. Tarixin qanlı səhifələrinin unudulmaması, yeni nəsillərin bu barədə ətraflı məlumatlandırılması baxımından belə mərasimlərin önəmi vurğulanıb.  

Qazax 

Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon  Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş toplantı  “20 Yanvar – Müstəqilliyə gedən yolun başlanğıcıdır”  mövzusunu əhatə edib.     

İştirkçılar əvvəlcə YAP rayon təşkilatının inzibati binasında Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Təşkilatın iclas zalında davam edən tədbirdə  şəhidlərimizin ruhlarına ehtiram ifadə olunub.     

Toplantıda bildirilib ki, 20 Yanvar faciəsi müdrik xalqımız üçün təkcə böyük bir faciə deyil, həm də şərəfli bir səhifədir, müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvə nöqtəsidir. Ulu Öndər Heydər Əliyevin bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında, ona hüquqi-siyasi qiymət verilməsində misilsiz xidmətlərindən, möhtərəm Prezident İlham Əliyev tərəfindən bu gün faciə, soyqırım, qətliam qurbanlarına, müqəddəs şəhidlərə göstərilən ehtiramdan, şəhid ailələrinə olan diqqət və qayğıdan ətraflı söz açılıb.  Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbənin sayəsində bütün şəhidlərimizin, o cümlədən, 20 Yanvar faicəsi qurbanlarının ruhlarının rahatlıq tapdığı bildirilib.   

Sonda Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş müxtəlif ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Hacıqabul 

Rayon Mədəniyyət Mərkəzində rayon mədəniyyət işçilərinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Azadlığa gedən yolun zirvəsi” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.   

Mərasimdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.    Daha sonra rayon mədəniyyət işçilərinin ifasında qəhrəmanlıq tariximizin şanlı səhifəsi olan 20 Yanvar faciəsinə həsr olunmuş maraqlı ədəbi-bədii kompozisiya nümayiş olunub. 

Hazırladılar: Əli NƏCƏFXANLI,

Hamlet Qasımov,

İlqar HƏSƏNOV

 XQ













Qan yaddaşı