Tramp ölüm hökmü ilə bağlı fərman imzalayıb

post-img

ABŞ prezidenti Donald Trampın fərmanı asayiş keşikçilərinin öldürülməsi və ya qeyri-qanuni mühacirlərin törətdiyi ağır cinayətlər üzrə ölüm cəzasının tələb olunmasını evtiva edir.

ABŞ prezidenti Donald Tramp edam cəzasının tətbiqini gücləndirən fərman imzalayıb. Associated Press xəbər verir ki, sənəd baş prokurordan ştatların kifayət qədər ölümcül inyeksiya preparatları ilə təmin olunması üçün “bütün zəruri və qanuni tədbirləri görməyi” tələb edir.

Sərəncama əsasən, Ədliyyə Departamenti yalnız federal işlərdə ölüm hökmü tələb etməməli, həm də bu cür hökmləri yerinə yetirmək üçün ştatları dərmanla təmin etməkdə dəstəkləməlidir.

Trampın 2021-ci ildə o vaxtkı Baş prokuror Merrik Qarlandın qoyduğu moratoriumla dayandırılmış federal edamları bərpa edəcəyi gözlənilirdi. Prezident Co Baydenin 37 ölüm hökmünü ömürlük həbs cəzasına çevirmək barədə son qərarlarından sonra federal ölüm hökmündə yalnız üç məhbus qalır.

Trampın əmri asayiş keşikçilərinin öldürülməsi və ya qeyri-qanuni mühacirlərin törətdiyi ağır cinayətlər üzrə ölüm cəzasının tələb olunmasını ehtiva edir. Fərman, həmçinin ştatların və federal hökumətin ölüm cəzası tətbiq etmək imkanlarını məhdudlaşdıran məhkəmə presedentlərinə yenidən baxmağa çağırır.

"Hökumətin ən fundamental məsuliyyəti öz vətəndaşlarını ağır cinayətlərdən qorumaqdır. Bu administrasiya amerikalılara qarşı qəddar zorakılıq hərəkətləri edənlər üçün ölüm cəzasını nəzərdə tutan qanunları zəiflətmək səylərinə dözməyəcək", - Tramp sərəncamda bildirib.

S.ELAY

XQ

 

Dünya