Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin ümumi dəhlizində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i uşaq olmaqla 11 nəfər bina sakini təxliyə edilib. Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 5p.m. elektrik kabeli yanıb. Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.
Nazirlik Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində qarajda baş vermiş yanğını da genişlənməsinə, o cümlədən digər qarajlara keçməsinə imkan vermədən qısa müddətdə söndürüb.
P.ƏMİRCANOV
XQ