Qanla qazanılmış milli azadlıq

post-img

35 il öncə, yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin güc nümayişi ilə sivil xalqa qarşı işğalçı mövqedən yanaşıldı, amansız qətliam həyata keçirildi. Hərbi əməliyyatlar nəticəsində yüzlərlə dinc sakin qətlə yetirildi, minlərlə insan yaralandı, həbs olundu. 20 Yanvar, eyni zamanda, azadlıq və müstəqillik uğrunda mübarizənin simvoluna çevrildi. O gün Bakının küçələri qana boyandı. 20 Yanvar yalnız faciə günü deyil, həm də xalqımızın mübarizə əzmini alovlandırdı.

Qanlı Yanvarın hər bir anı zamanla keçmişin kölgələrində qalsa da, onun dərdi və qələbəsi xalqın yaddaşında həmişə qalacaq. Bu faciə azadlıq uğrunda mübarizənin necə şərəfli, necə qəhrəmanlıq dolu bir yol olduğunu göstərir. 20 Yanvar hadisələri Azərbaycanın milli kimliyinin və siyasi mövqeyinin formalaşmasında əsas rol oynadı. Sovet İttifaqının daxili sabitliyi qorumaq iqtidarında olmadığını nümayiş etdirdi. Bu qanlı faciə müstəqil milli şüurun formalaşmasında həlledici rol oynadı. 

“Xalq qəzeti” Şəhidlər xiyabanında azadlığımız uğrunda canından keçən igidlərimizin məzarlarını ziyarətə gəlmiş şəhər sakinləri ilə yanaşı, xarici vətəndaşlarla, müvafiq müəssisələrin əməkdaşları, məktəblilərlə həmsöhbət oldu. Onların faciə ilə bağlı fikirlərini oxucuların diqqətinə çatdırırıq. 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi Masil Dəmirov dedi ki, 20 Yanvar 1990-cı il Azərbaycanın tarixində azadlıq və müstəqillik uğrunda faciəli mübarizənin simvolu kimi əbədi olaraq qalacaq tarixdir: 

– Həmin gün Qorbaçovun başçılığı ilə Sovet İttifaqının rəhbərliyi beynəlxalq normalara və insan haqlarına zidd olaraq, mərkəzi hökumətin hərəkətlərindən, o cümlədən onun Dağlıq Qarabağdakı ermənilər tərəfindən etnosiyasi münaqişəni həll edə bilməməsinə dair narazılığını bildirən kütləvi etirazları yatırtmaq məqsədi ilə Bakıya qoşun yeritdi. 20 Yanvar faciəsinin səbəblərini anlamaq üçün 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycanda və Sovet İttifaqında formalaşmış siyasi konteksti nəzərdən keçirmək lazımdır. Bu vaxta qədər Azərbaycan 1988-ci ildə kəskinləşən Dağlıq Qarabağ münaqişəsi səbəbindən qonşu Ermənistanla münasibətlərdə kəskin böhran yaşayırdı. Bölgədə ermənilər tərəfindən təşkil olunmuş etnik gərginlik çoxsaylı toqquşmalara və zorakılıqlara səbəb olurdu. Ermənilərin artan millətçilik əhvali-ruhiyyəsi vəziyyəti daha da gərginləşdirirdi. Azərbaycanda sovet rəhbərliyinin Qarabağ probleminin həllində siyasi acizliyinə, habelə Qorbaçovun siyasəti və onun “yenidənqurma” kimi islahatlarının yaratdığı iqtisadi və sosial çətinliklərə qarşı kütləvi etirazlar başlandı.

1989-cu ilin sonu və 1990-cı ilin əvvəlində Azərbaycan müstəqillik və özünüidarə tələbi ilə kütləvi nümayişlərlə antisovet hərəkatının mərkəzinə çevrildi. Eyni zamanda, Sovet İttifaqında daxili problemlər getdikcə ağırlaşır, mərkəzi rəhbərlik imperiyanın kənarında istənilən siyasi ifadə cəhdlərini boğmağa çalışırdı. Azərbaycan da digər respublikalar kimi, hakimiyyətin repressiv siyasətinin qurbanı oldu və bu, faciəvi nəticələrə gətirib çıxartdı. Bakı Dövlət Universitetinin müəllimi Mübariz Göyüşlü bildirdi ki, 20 Yanvar xalqımızın həm yarası, həm də qürurudur. Bu gün azadlığın nə qədər böyük dəyər olduğunu bizə xatırladır. Şəhidlərimizin fədakarlığı yalnız bir xalqın azadlıq istəyinin simvolu deyil, həm də milli ruhun ölməzliyini sübut etdi:

– Hər bir xalq azadlığa gedən yolda tikanlı, çətin və ağır sınaqlarla qarşılaşır, amma məhz bu çətinliklərdən keçərək müstəqilliyə qovuşur. Azərbaycan xalqı üçün bu yolun ən ağrılı və eyni zamanda, ən qürurlu səhifələrindən biri 1990-cı il 20 Yanvar hadisəsidir. Həmin gecə xalqımız azadlıq uğrunda çox qurban verdi, çox gözlər yaşlı qaldı. Amma bu itkilər və ağrılar xalqımızın müstəqillik əzmini boğmaq əvəzinə, onun iradəsini daha da möhkəmləndirdi və Azərbaycan xalqının əzmini bütün dünya gördü. 20 Yanvar 1990-cı il Azərbaycan xalqının yaddaşında tək faciə deyil, həm də qəhrəmanlıq nümunəsi kimi qalmışdır. Həmin gecə Sovet İttifaqının silahlı qoşunları Bakıya daxil olaraq günahsız insanlara divan tutdu, azadlıq səsimizi boğmağa çalışdılar. Lakin bu qanlı hadisə xalqımızın iradəsini qıra bilmədi. Əksinə, həmin gün şəhid olanlar azadlıq mübarizəsinin rəmzinə çevrildi və onların tökülən qanı müstəqilliyin yol xəritəsi oldu. Hər il bu günü ehtiramla yad edərək, şəhidlərimizin xatirəsini əbədiləşdirir və azadlıq uğrunda edilən qurbanların qiymətini dərk edirik.

Uşaqların təlim-tərbiyəsi ilə məşğul olan pedaqoq Orxan Abişov qeyd etdi ki, qan yaddaşımızı, qürur tariximizi unutmamalı, unutdurmamalıyıq: 

– 20 Yanvar Azərbaycan xalqının tarixində silinməz iz buraxmış bir gündür. Biz müəllimlər bu hadisəni dərslərdə yalnız bir faciə kimi yox, həm də qəhrəmanlıq, mübarizə və əzmkarlıq kimi təqdim edirik. 20 Yanvar hadisəsi Azərbaycan xalqı üçün müstəqilliyin nə qədər qiymətli olduğunu göstərən şəffaf və açıq dərsdir. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 35 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.

Türkiyədən Şəhidlər xiyabanını ziyarətə gəlmiş Gergin ailəsi Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, dərdimizə şərik olmalarını dilə gətirdilər. Toros Gergin dedi ki, bu faciə heç vaxt tarixin yaddaşından silinə bilməz:

– Olduqca üzücü hadisədir. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də öz şəhidləri ilə vidalaşa bildi.

Ailənin digər üzvü Zeynəb Gergin də faciə ilə bağlı təəssüratlarını bölüşdü: 

– Bu günün Azərbaycan xalqı üçün dərin anlamı var. Bu tarixi faciə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub.

281 nömrəli tam orta məktəbin müəllimi Xatirə Məmmədova 3-cü sinifdə təhsil alan şagirdlərini Şəhidlər xiyabanına gətirmişdi. O, məktəblilərə 20 Yanvar şəhidləri barədə məlumat verir, balacaların suallarını cavablandırırdı. Dedi ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. 

Şəhidlər xiyabanını müəllimləri, valideynləri ilə ziyarətə gəlmiş məktəblilər faciəni öz məntiqi təfəkkürü ilə izah edir, şeirlər səsləndirdilər. 

Ayxan Eyvazov:

 – 20 Yanvar gecəsi Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın törədilib. Məktəbimizdə hər il yanvar şəhidlərinin anım günü keçirilir. Tədbirdə qanlı gecənin canlı şahidləri ağrılı-acılı xatirələrini bizimlə bölüşürlər. Biz o hadisələri bir an belə unutmuruq.

İnci Babazadə: 

– Bu gün azadlığın, müstəqilliyin, Qan ilə yazılmış təməl günüdür. Ölümün üzünə dik baxa-baxa Özgür yaşamağın bədəl günüdür.

Nihat Məmmədov: 

– 20 yanvar Azərbaycan xalqının tarixində təkcə qara çərçivədə anılası gün olmamalıdır. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq.

Dəniz Qurbanova: 

– Şəhidlər xiyabanına şəhidlərimizi anmağa gəlmişik. Hər dəfə Şəhidlər xiyabanını ziyarət edib, məzarları üstünə tər qərənfillər düzərkən düşünürəm ki, canları bahasına əldə edilən müstəqilliyimizi qorumaq üçün hər bir kəs öz məsuliyyətini dərindən dərk etməlidir. 

Zakir Abdulzadə:

 Axışdı Bakıya düşmən tankları, 

Qanına bələdi qoca, cavanı. 

Tapdadı insanlıq qoyan qaydanı. 

Dəniz Səmədova:

 – 20 Yanvar şəhidlərinin xatirəsini əziz tuturuq. Bir tərəfdən kədər hissi, digər tərəfdən qürurla şəhidlərimizi ziyarət edirik. Azərbaycanın azadlığı, suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində bundan sonra da əbədi yaşayacaqdır! 

Nərmin Kazımova: 

-Bu gün hüzn günü, qəm günü deyil, Fəxarət günüdür, qürur günüdür. Xalqın varlığını təsdiq eyləyən Şərafət günüdür, möhür günüdür. 

Əsnat Bünyatlı: 

Şəhid məzarı pirdir, ocaqdır 

Vətən torpağında yanan çıraqdır. 

Şəhidlər ölməyir, diridir, sağdır 

Sən nə olar ağlama, şəhid anası. 

“Şəhidlərimizin məzarını ziyarət etmək borcumuzdur”, – deyən paytaxt sakini Vasif Əzizov qeyd etdi ki, Şəhidlər xiyabanı əsl məktəbdir:

– Çünki hər şey buradan başlayır. Bu irsi qoruyub saxlamalı, gələcək nəsilə ötürməliyik. Üzərindən 35 il keçsə də, Bakı şəhərində baş verən qanlı hadisə xalqımızın yaddaşında silinməz izlər buraxıb. 20 Yanvar tarixinin respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilməsi yeniyetmə və gənclərimizdə tarixi yaddaşa, vətənpərvərlik hissinin formalaşmasına böyük təsir göstərir.

Elnarə Cəfərova da faciənin qurbanı olan şəhidlərimizin məzarlarını ziyarətə gələnlərdən idi:

– Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda "Vətən sağ olsun" deyib canlarından keçən övladları bütün dünyaya sübut etdilər ki, Vətən torpağı müqəddəsdir, toxunulmazdır. Təsadüfi deyilməyib ki, heç nə yaddan çıxmır, heç kəs unudulmur. Vətən yolunda şəhidlik zirvəsinə yüksələnlər də heç vaxt unudulmur, yaddaşlardan silinmir, çünki şəhidlər ölməzdir. Bu ölməzlik həm də dövlətimizin müstəqilliyində, xalqımızın birliyində yaşayır.

Faciə baş verən il 1 yaşı olan Rəşad Sadıqov 20 Yanvar qırğınlarının vəhşət saçdığını dedi:

-– Xalqımız üçün ağır gün olub. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 

Bir sözlə, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Əyani sübutdur ki, yeni reallıqlarla əhatə olunan dünyada Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, ölkənin beynəlxalq mövqeyini gücləndirdi. 44 gün ərzində Qarabağ və onun ətraf əraziləri düşməndən azad edildi. Azadlıq xalqların istəyi və təbii haqqıdır. Amma o dəyərli, əvəzolunmaz nemət asan əldə olunmur. Azadlığa gedən yol bəlalardan, qanlardan keçir. Heç təsadüfi deyil ki, Bakı metrostansiyalarında belə “Azadlıq”a gedən yol “20 Yanvar”dan keçir. Eynilə azadlığa getdiyimiz yolda taleyimizə yazılmış 20 Yanvar kimi...

Rizvan FİKRƏTOĞLU

Elşən AĞALAR 
foto


 

 

Qan yaddaşı