Şəhidlər
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…
Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü
O gecə dağıdıb sökdü Şəhidlər…
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər…
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun –
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…
Dözdü hər zillətə, dözdü hər şeyə,
” Dünyada mənim də haqqım var”, – deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.
Bəxtiyar VAHABZADƏ
Xocalım, ay Xocalım!
Bu dağların qoynunda yaşıl bir kənd varıydı,
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.
Yoxdu daha, nağıldı,
İtdi, batdı, dağıldı.
Mənim şirin qafiyəm, mənim üçcə hecalım,
Xocalım, ay Xocalım!
Ağzından alov saçan silahlar yedi səni,
İştahalar, nəfslər, tamahlar yedi səni.
Bağışlanmaz, yuyulmaz günahlar yedi səni,
Göydə Allahı danan “allah”lar yedi səni,
Heç Allah götürərmi qisasımı gec alım?
Xocalım, ay Xocalım!
Neçə ki yer üzündə yamanlar, pislər yaşar,
İçi dolu qurd olan nankor xəbislər yaşar,
Dumanlı beyinlərdə dumanlı hisslər yaşar,
Neçə ki bu şeytanlar, cinlər, iblislər yaşar,
Gərək hər gün, hər saat yağılardan öc alım,
Xocalım, ay Xocalım!
Quruyub cadar olmuş dodaqlara nə deyim?
Kəsilmiş biləklərə, barmaqlara nə deyim?
Qar içində buz olmuş ayaqlara nə deyim?
Yaxınlar eşitmirsə, uzaqlara nə deyim?
Tanrı rəva bilməsin, mən bu dərdlə qocalım,
Xocalım, ay Xocalım!
Sənə yas verənlərə yas dalınca yas gərək,
İgidlərim öyməli, oğullarım xas gərək.
Dəmirdən geyim gərək, poladdan libas gərək,
Ölümə ölüm gərək, qisasa qisas gərək,
Gərək səndən ötəri qala yıxım, bürc alım,
Xocalım, ay Xocalım!
Zəlimxan YAQUB
Silahlan
Bu sərt, ağır günlərdə mən –
Ali Baş Komandan
olsam, olmasam belə
Azərbaycan adından əmr edirəm: – Silahlan!
Silahsız dayanmağa bir
qırpım da haqqın yox.
Gözlərin – qoşalülə... Kirpiklərin güllə, ox.
Bilirəm düşmənlərin bərk durub keşiyində,
Alınmışdır əlindən hətta ov tüfəngi də.
Nə qəm, kinlə silahlan!
Topdan, tüfəngdən üstün,
Tankdan, raketdən güclü
Qeyrətinlə silahlan!
Arxalı köpəklərə nifrətinlə silahlan!
Xiyabani ruhunu alışdır nəfəsinlə,
cürətinlə silahlan!
Bilirəm, Elbrusdan, Savalandan ağırdı
çiynində sənin yükün.
Telegüzgü, radio, mətbuat çoxdan ölgün.
Yox, sən ölməməlisən!
Hələ ki, gedib-gələn nəfəsinlə silahlan!
Qəfəsdəsənmi? Qır, sök, qəfəsinlə silahlan!
Sən bizim şeirimizdən, nəsrimizdən güclüsən.
Əsrimiz qəhrəmandır, əsrimizdən güclüsən.
37-də batmış, 46-da vurulmuş
Nəslimizdən güclüsən.
Dodaqlarından qopan neçin amandır, ahdır?
Alçaqlara qəzəbli bir baxış da silahdır.
Baxışınla, qanınla, vücudunla silahlan!
Dön Səməndər quşuna...Yan...
Odunla silahlan!
Dəyənəklə, kürəklə, daş-kəsəklə silahlan.
Nuş et ildırımları bir şimşəklə silahlan!
Onlar səni silahsız, pənahsız görmək istər,
Sən nəğməylə, marş ilə, nümayişlə silahlan!
Bayraq elə özünsən,
Qalx, döyüşlə silahlan!
Silahlan insanlığa sonsuz məhəbbətinlə.
Humanizm adlanan ən böyük sərvətinlə!
Hələ heç bir fitvaya, felə, məkrə uymayan,
Bircə qarışqanı da tapdamağa qıymayan,
Qəlbi ümmandan dərin,
Bənövşədən də kövrək,
Hətta düşmənlərinə
duz-çörək verən xalqım!
Çəkinmə bu döyüşdə aləm sənə pənahdır,
Sənin gül təmizliyin, saflığın da silahdır.
Qanında saflıq adlı daşqın ilə silahlan!
Dünyaya məhəbbətin, eşqin ilə silahlan!
Vur çatlasın içində, elə bilmə ki, təksən:
Yer də, göy də sənindir. Sən qalib gələcəksən!
Xəlil Rza Ulutürk
614-cü şəhid
Qoy, odlasın bu dünyanı
Acı dilim, od nəfəsim.
Ölüm mənim vüsalımdı,
Həyat mənim daş qəfəsim.
Qılıncını qından sıyır,
Qumbaranı tax kəmərə.
Alçaq düşmən əl qaldırıb
Ağbirçəyə, südəmərə.
İçimizdən, çölümüzdən
Başımızı qatan qatdı.
Bir gecədə şəhidlərim
613-ə çatdı.
Vətənimi fitnə boğdu,
Millətimi söz aldatdı.
Yerdə qalan bu qan bizi
İliyəcən sızıldatdı.
Ağlayanın kini olmur,
Ağrıyanın daş səbri yox.
Külə dönən Xocalıda
Şəhidlərin bir qəbri yox...
Vətənimin bağlı qalan
Yollarına qurbanım var.
614-cünün
Qollarına qurbanım var.
Yağılara göstərəcək
Vətən oğlu öz gücünü,
Hansı ana doğub görən
614-cünü?
Ələmdar QULUZADƏ