31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür – qanlı-qadalı tariximizin növbəti ildönümünü yaşayırıq. Həmin məşəqqətli tarixdən 106 il ötür. Bu barədə indiyədək çox yazılıb, deyilib və gələcəkdə də yeni faktların üzə çıxacağı şübhəsizdir.
31 Mart xalqımız və dövlətimiz üçün həm qan yaddaşıdır, həm də ibrətamiz tarixdir. Qan yaddaşımızdır ona görə ki, 1918-ci ilədək və ondan sonra min bir müsibətlərlə üzləşmişik. 31 Mart məruz qaldığımız qanlı olayların, ümumən, soyqırımı səhnələrimizin ümumiləşdirilmiş simvoludur.
1918-ci ilin 31 martı ona görə ibrət örnəyidir ki, həmin faciə, eyni zamanda, dövlətsizliyimizin faciəli yaşantısıdır. 1992-ci ilin 26 fevralına da eyni prizmadan yanaşmaq mümkündür. Çünki Xocalı soyqırımı, böyük ölçüdə, dövlətsizliyimizin, daha doğrusu, müstəqillik yoluna qədəm qoymuş dövlətimizin zəifliyinin nəticəsi idi. Nəzərə alaq ki, gücsüz hər zaman əzilir, güclü həmişə ayaqda qalır.
Azərbaycan xalqı faciə yaşantılarına rəğmən ayaqda qalmağı bacarıb. Dərdlərə, acılara necə dözmüşük, bir Allah bilir. Dözmüşük və təəssüf ki, unutqanlığımız da olub. Daha doğrusu, tarixin müəyyən dönəmində unutqan xalq olmuşuq. Əslində, bunun özü də dövlətsizliyimizin məhsulu kimi meydana çıxıb.
Baxın, dövləti olan millətə çevrildik, tariximizi yada saldıq. Faciə yaşantılarımızı ibrət lövhələri kimi gözümüzün önündən asdıq. Dövlətsizlik şəraitində isə bizə o lövhələri unutduranlar meydan sulayırdılar. Meydan suladılar və özlərini başımıza yeni oyunlar açmağa köklədilər. Təəssüf ki, istəklərinə nail olmağı bacardılar...
Nəticədə, bu soyqırımları həm də üzləşdiyimiz tarixi ədalətsizliklər üçün zəmin oldu. Faciələrimizi unutduqca ədalətsizliklərlə üzləşmə səhnələrimizin sayı çoxaldı. Sanki, sayıqlığımızı itirdik. Torpaqlarımızın peşkəş edilməsinə göz yumduq, səsimizi çıxara bilmədik. Qəflət yuxusundan ayılmadıq.
Düşmənlərimiz isə ədalətsizliklərə qarşı müqavimət hissimizin olmamasını, unutqanlığımızı özləri üçün fürsət bildilər, üstümüzə gəldilər, bizi əzib tamamilə yox etmək niyyətinə düşdülər. Bəli, elə buna görə də 31 Martı həmişə yadda saxlamalıyıq. 31 Mart düşüncələrimizdə tarixi ədalətsizliklərə müqavimət çağırışı kimi qalmalıdır.
31 Martın və faciə yaşantılarımızın təbliğində beynəlmiləl motiv də ön planda dayanmalıdır. Bu gün biz dünyaya sülhü, multikulturalizmi, tolerantlığı ixrac edirik. Bu, ümumbəşəri dəyərlərin qorunmasına misilsiz töhfəmizdir. Ümumən, mədəniyyətimiz belə töhfə nümunələri ilə zəngindir. Ancaq bəşəriyyət bəlalardan xali deyil. Dünyanın dörd bir yanında günahsız insanlar qətlə yetirilir, onlara qarşı olmazın işgəncələr törədilir. Bu şəraitdə faciə yaşantılarının təbliği həm də qeyri-insani təmayüllərin qarşısını almaq immunitetdir. Azərbaycan xalqı qan yaddaşı olan 31 Mart reallıqlarını dünyaya həm də bu immunitetin formalaşmasına kömək göstərmək naminə daha böyük əzmlə çatdırmalıdır. Beynəlxalq aləmdə insanlığı təhdid edən hallara münasibətdə ciddi müqavimət yaranmalıdır ki, bəşəriyyət faciələrlə üzləşməsin.
Bəli, sonda bir daha vurğulayaq ki, bəlalarımız, üzləşdiyimiz soyqırımları dövlətsizliyimizdən qaynaqlanıb. Belə düşünə bilərik ki, Azərbaycan xalqı tarixən malik olduğu dövlətçiliyini itirməyin cəzasını çəkib. Axı insanlar gəldi-gedərdir, önəmli olan Vətəndir, Vətən torpağıdır. Onu göz bəbəyi kimi qorumaq müqəddəs vəzifədir.
Onu da bildirək ki, bu gün Azərbaycan azaddır, müstəqildir. Ən əsası isə faciələrin mirası kimi üzərimizdəki torpaq itkisi kimi ağır dərdi tarixin arxivinə gömmüşük. İlk dəfədir ki, 31 Mart Azərbaycanlıların Soyqırımı Gününü ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu şəraitdə, Qarabağlı Azərbaycanda, xoşbəxt Vətəndə qeyd edirik. Bizə bu xoşbəxtliyi yaşadan Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuza, igid övladlarımıza minnətdarlıq hisslərimiz sonsuzdur.
İlk dəfədir ki, 106 il əvvəlin qurbanlarını itirdiklərimizi tam şəkildə özümüzə qaytardığımız bir zamanda anırıq. Heç şübhəsiz ki, bu gün onların ruhları şaddır. Bütün soyqırımı qurbanlarının ruhları dinclik tapıb. Deməli, ağrılarımızın üstünə müəyyən qədər də olsa, su səpməyi bacarmışıq. Və deməli, bu gün həm də qürur və iftixar hissi keçirməyə dəyər.
Allah xalqımıza bir daha ağrı-acılar göstərməsin!
Uca Tanrı dövlətimizi, dövlətçiliyimizi qorusun!
Əflatun AMAŞOV,
baş redaktor