Ermənilər törətdikləri soyqırımları ilə əbədi lənət qazanıblar

post-img

Çar Rusiyasının erməniləri tarixi Azərbaycan torpaqlarına köçürməsindən, burada onlar üçün “erməni vilayəti” yaratmasından bir müddət sonra azərbaycanlılara düşmən münasibət bəsləməyə başlamış hayların 1905-1907, 1918-20-ci illərdə xalqımıza qarşı törətdikləri soyqırımı siyasəti XX əsrin 80-ci illərinin sonlarından etibarən yenidən geniş vüsət almağa başladı. Bu istiqamətdə ilk addım 1987-ci ilin sonlarında atıldı. Həmin vaxt Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından zorakılıqla deportasiyası prosesinə, necə deyərlər, start verildi.

Sonrakı iki il ərzində (1988-89-cu illərdə) Ermənista­nın müxtəlif şəhər və rayonlarında yaşayan azərbaycanlılar da eyni aqibətlə üzləşdilər. Ermənistanda yaşayan 250 mindən çox azərbay­canlı öz tarixi torpaqlarından zorla qovuldu, onlardan 216 nəfəri vəhşi­cəsinə qətlə yetirildi, 1154 nəfər isə yaralandı. Soydaşlarımız həyatla­rını erməni zorakılığından xilas et­mək üçün Azərbaycana sığınmaq məcburiyyətində qaldılar.

Deportasiya prosesinə paralel ola­raq, 1988-ci il fevralın 13-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi şəhərində 30 ildən çox davam edəcək qanlı hadisələrin əsası qoyuldu. Həmin gün şəhərin mərkəzində yerləşən vilayət partiya komitəsinin binası qarşısındakı Lenin adına meydanda Qarabağın Azərbay­candan ayrılaraq Ermənistana birləşdi­rilməsi tələbi ilə ilk mitinq keçirildi.

Yeri gəlmişkən qeyd edək ki, vilayət partiya komitəsinin binası və həmin meydan Azərbaycana və azərbaycan­lılara qarşı mənfur planların hazırlandı­ğı yerlər idi. Məhz həmin meydandan separatçıların tələbləri səsləndirilirdi. Binada oturan və onlarla həmfikir olan­lar isə həmin tələblərin həyata keçiril­məsi üçün praktiki addımlar atırdılar.

Onu da bildirək ki, hazırda həmin bina Azərbaycan Respublikası Pre­zidentinin Xankəndi şəhərində, Ağ­dərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin binasıdır. SSRİ-nin dağılmasından sonra separatçıların “intibah meydanı” adlandırdıqları mey­dan isə hazırda “Zəfər meydanı” adla­nır. Martın 18-də Xankəndi şəhərindən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edən Prezident İlham Əliyev bu barədə də öz fikirləri­ni bölüşdü. Dövlətimizin başçısı dedi: “Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Ermə­nistan tərəfindən maliyyələşdirilən və silahlandırılan separatçılar faktiki ola­raq Ermənistan ordusunun bir hissəsi idi. Məhz bu meydanda xalqımıza qar­şı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqı­ma bildirmək istəyirəm ki, mən bu mey­dana “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura “Zəfər meydanı”­dır”.

1988-ci il fevralın 22-də Xankən­di–Ağdam şosesi üzərində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında erməni yaraqlılarının DQMV Xalq Deputatları Sovetinin vilayətin Ermənistan SSR-ə birləşdirilməsi qərarına etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açmaları nəticəsində iki gənc soyda­şımızın şəhid olması münaqişədə ilk qan tökülməsi idi. 1992-ci ilin yanva­rından isə münaqişə Ermənistan və Azərbaycan arasında tammiqyaslı mü­haribəyə çevrildi. Bu müharibə zamanı ermənilər dəfələrlə sülh və bəşəriyyə­tin təhlükəsizliyi əleyhinə cinayətlər (soyqırımları, terrorçuluq, müharibə cinayətləri və sair) və insanlıq əleyhinə cinayətlər (adamöldürmə, əhalini məhv etmə, deportasiya, ayrı-seçkilik, insan hüquqlarının sistemli və kütləvi şəkildə pozulması) törədiblər.

Mülki əhaliyə qarşı ilk kütləvi qırğın 1992-ci il fevralın 10-12-də Şuşa rayo­nunun Malıbəyli və Quşçular kəndlərin­də qeydə alınıb. Həmin qırğın zamanı qeyri-qanuni erməni silahlı birləşmələri təxminən 50-yə yaxın dinc azərbay­canlını qətlə yetiriblər.

Gözlərini qan örtən erməni cəllad­ları 5 gün sonra Xocavənd rayonu­nun Qaradağlı kəndi üzərinə hücuma keçiblər. Qeyri-bərabər döyüşlərdə kəndin girov götürülən 118 sakinindən 101-i vəhşicəsinə qətlə yetirilib. Öldü­rülənlərdən 21-i ahıl, 10-u qadın, 8-i məktəbli olub.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan azərbaycanlı əhaliyə qarşı Xocalıda soyqırımı törə­dib. Nəticədə 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər dinc sakin qətlə ye­tirilib.

1992-ci il aprelin 8-də Kəlbəcər ra­yonunun Ağdaban kəndində törədilmiş soyqırımı nəticəsində 130 evdən ibarət kənd tamamilə yandırılıb. 779 nəfər dinc sakinə müxtəlif cür işgəncə verilib, 67 nəfər isə amansızlıqla qətlə yetirilib. Bundan əlavə, 2 nəfər itkin düşüb, 12 nəfər ağır bədən xəsarətləri alıb.

Həmin il avqustun 28-də Goran­boy rayonunun Ballıqaya kəndində törədilən qırğın 24 nəfərin ölümünə, 5 nəfərin ağır yaralanmasına səbəb olub.

1993-cü il aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edilərkən 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 sakini evlə­rini vaxtında tərk edə bilməyib. Aprelin 2-də kənd sakinlərinin bir qrupu mü­hasirədən çıxmağa çalışsa da, onların cəhdi uğursuz olub. Bu zaman sakin­lərdən 9 nəfər yolda qətlə yetirilib, 2 nəfər girov götürülüb. Digər 62 nəfər dağlara çəkilərək kahalara sığınmaq­la özlərini qorumağa çalışıblar. Amma onlar cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də erməni silahlı birləşmələ­ri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzə­rinə hücuma keçiblər. Həmin gecə dinc sakinlərdən 14-ü girov götürülüb, 18-i qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə hə­yatını davam etdirib. Onlar yalnız ge­cələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mü­hasirəsindən çıxa biliblər.

Bu, erməni millətçilərinin XX əsrin sonlarında xalqımıza qarşı təkcə Qa­rabağda törətdikləri qətliamların qısa statistikasıdır. Onlar mənfur əməllərini 44 günlük Vətən müharibəsi zamanı da davam etdiriblər. Terror və soyqırımını dövlət siyasətinə çevirmiş Ermənis­tanın hərbi-siyasi rəhbərliyi Gəncə və Bərdə şəhərlərini raket atəşinə tutub. Gəncə şəhərinə 5 dəfə endirilən zər­bələr nəticəsində 27 nəfər həlak olub, 125 nəfər yaralanıb.

Bərdə şəhərinə və rayonun Qara­yusifli kəndinə endirilən raket zərbələri nəticəsində isə 27 nəfər həlak olub, 80 nəfər yaralanıb. Onu da bildirək ki, həm Gəncəyə, həm də Bərdəyə edilən hücumlar zamanı şəhər infrastruktu­runa, yaşayış binaları da daxil olmaq­la, digər tikililərə, avtomobillərə ziyan dəyib. Ermənistanın cəbhə xəttindən xeyli uzaqda yerləşən şəhərlərə raket hücumları nəticəsində həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da olub.

Qafqaz Tarixi Mərkəzinin direkto­ru, tarixçi Rizvan Hüseynov “XQ”yə açıqlamasında bildirdi ki, Azərbaycan xalqı XX əsrin əvvəlindən, konkret ola­raq, 1905-ci ildən erməni millətçilərinin cinayətləri ilə üz-üzə qalıb. Xalqımıza qarşı çox böyük qırğınlar, qətliamlar törədilib. Azərbaycanlılar erməni mil­lətçiliyindən böyük bəlalar görüblər: “Ancaq XX əsrin əvvəllərindəki əsas qırğınlar 1905-07 və 1918-20-ci illər­də baş verib. Sovet dövründə də er­məni millətçilərinin təxribatçı hərəkət­ləri olurdu. Lakin ən qanlı hadisələr 1988-1994-cü illərdə yaşanıb. Birinci Qarabağ müharibəsi vaxtı törədilən ci­nayətlər, soyqırımları böyük bir planın tərkib hissəsidir. Belə suallar yaranır: Ermənilər nə üçün azərbaycanlılara qarşı belə qəddarcasına davranıblar? Xalqımıza nə üçün vəhşicəsinə divan tutublar? Çünki dünyada indiyədək saysız-hesabsız müharibələr baş ver­sə, elə XX əsrdə çoxlu qanlı qarşı­durmalar yaşansa da, onların heç də hamısında insanlıq əleyhinə cinayət­lər, soyqırımları baş verməyib. Ancaq ermənilər plan əsasında, sistemli şəkil­də Azərbaycan xalqına, eləcə də digər türk-müsəlman xalqlarına qarşı yüz il­dən çox soyqırımları törədiblər”.

R.Hüseynov hesab edir ki, bunun kökünü erməni düşüncəsində olan naqisliklərdə axtarmaq lazımdır: “Yəni, erməni millətçilərinin beyinlərinə yer­ləşmiş mifik “böyük Ermənistan” xülya­sına görə, bu ərazilərdə ancaq haylar yaşamalıdır. Daşnaklar və onların xa­ricdəki havadarları belə bir konsepsiya işləyib hazırlayıblar. Həmin konsepsiya sonradan erməni xalqının düşüncəsinə yeridilib. Guya, qədimdən “böyük Er­mənistan” mövcud olub və bura müasir Ermənistan, Qarabağ da daxil olmaq­la, Azərbaycan əraziləri, Gürcüstan və İranın bəzi torpaqları və Türkiyənin 6 vilayəti daxildir. Guya, bu ərazilərdə yaşayan yeganə xalq ermənilər olub­lar. Haylar xəstə təxəyyülü ilə iddia edirlər ki, biz bura sonradan gəlmişik, onları qırmışıq, dövlətlərini yıxmışıq. Onlar bu mifdən “hüquqi əsas” kimi istifadə edərək, XIX əsrin sonlarında Türkiyədə, XX əsrin əvvəllərində isə Azərbaycanda türk-müsəlman xalqları­na qarşı soyqırımları törədiblər”.

Müsahibimiz qeyd etdi ki, əgər haylarda zərrə qədər sağlam düşüncə olsaydı, başa düşərdilər ki, onlar bu­nunla özlərinin deyil, xarici qüvvələrin maraqlarına xidmət ediblər: “Bunlar o xarici qüvvələrdir ki, onlar türk-müsəl­man toplumlarını qıraraq, bizim döv­lətçiliyimizi əlimizdən almaq, iradəmizi sındırmaq istəyiblər. Erməni millətçilə­rindən burada bir maşa kimi istifadə olunub. Hər dəfə də erməni terrorçuları törətdikləri cinayətlərə görə ağır cəza­larını alıblar”.

Ancaq bütün bu əməllərə baxma­yaraq, Ermənistan və onun xaricdəki havadarları öz məkrli məqsədlərinə nail ola bilmədilər. Ermənistan dövləti­nin əsl terrorçulara xas əməlləri Azər­baycan xalqının əzmini qıra bilmədi, əksinə onu daha da mətinləşdirdi və “dəmir yumruğa” çevirərək düşmənin, necə deyərlər, başını əzdi. Nəticədə Ermənistan “ağ bayraq” qaldıraraq, təslim oldu. Qələbəyə gedən yolda hə­yatını itirmiş soydaşlarımızın əziz xa­tirəsi isə qəlblərdə əbədi yaşayacaqdır.

Səxavət HƏMİD
XQ



Siyasət