Daşkənddə 20 Yanvar şəhidlərinin xatərəsi yad olunub

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı mərasim keçirilib.  

Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, səfirliyimizin əməkdaşları, yerli azərbaycanlılar, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə və Şəhidlər bağına çiçək dəstələri qoyublar. 

Mərkəzin foyesində 20 Yanvar faciəsini əks etdirəm stend yaradılıb, 20 Yanvar və Qarabağ hadisələri ilə bağlı “İstiqlaliyyətə gedən yol” adlı kitab və rəsm sərgisi təşkil olunub. Mədəniyyət Mərkəzinin nəzdindəki rəsm dərnəyinin üzvləri qəhrəmanlıq və vətənpərvərlik rəmzi olan 20 Yanvara dair düşüncələrini rəsmlərdə təqdim ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar tarixinin yalnız faciə kimi deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq istəyinin oyanış günü olduğunu deyib. O, istiqlal tariximizdə şanlı səhifə yaradan şəhidlərin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu qeyd edərək şəhidlərin Vətən üçün tökdükləri qanın hədər getmədiyini, ölkəmizin öz müstəqilliyinə qovuşduğunu söyləyib.

Çıxış edən digər natiqlər - “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, azərbaycanlı alim Almaz Məcidova və başqaları bu hadisələr zamanı uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın öz azadlıq səsini ucaltdığını, dövlətimizin suverenliyi, Vətən torpaqları üçün cəsarət nümayiş etdirdiyini bildiriblər. Onlar 20 Yanvar hadisələrindən sonra Azərbaycan xalqının ictimai şüurunda, azadlıq ideyalarında ciddi dəyişikliklərin baş verdiyini vurğulayıb, müstəqillik mübarizəsinin dönüş nöqtəsi olan o dəhşətli günlərdə xalqın bir yumruq kimi vahid bir ideya ətrafında birləşdiyini qeyd ediblər.

Daşkənddəki Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələri 20 Yanvar, Vətən məhəbbəti, şəhidlər haqqında şeirlər söyləyib, şəhidlərə həsr olunmuş kompozisiya təqdim ediblər.

Tədbir zamanı 20 yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

 













Qan yaddaşı