Fotoları tarix olan sənətkar

post-img

20 Yanvar şahidi Reza Deqati faciə barədə xəbəri eşidən kimi Bakıya gəlib 

20 Yanvar faciəsinin baş verdi­yi o qanlı, müdhiş gündən bizi 34 illik zaman ayırır. Bir neçə gündür ki, xalqımız faciənin qurbanlarını ehtiramla anmaq üçün Şəhidlər xiyabanına üz tutur və qırğını törə­dənlərə öz nifrətini bildirir. Müqəd­dəs məkana gələnlərin arasında özünəməxsus görkəmi ilə uzaq­dan seçilən görkəmli fotojurnalist Reza Deqatini görüncə biz də ona yaxınlaşıb görüşdük.

Ötən müddət ərzində bu faciənin dünyada tanıdılması üçün bir çox işlər görülüb: sərgilər təşkil edilib, teatr ta­maşaları səhnələşdirilib, sənədli filmlər nümayiş edilib. Reza Deqati də “Qanlı şənbə” günü baş verənləri fotolentin yad­daşına köçürərək dünyaya tanıdanlardan olub. El-aləm həmin vaxt keçmiş sovet hökumətinin Bakıda mülki əhaliyə qarşı planlı şəkildə törətdiyi qətliamdan dünya­ca məşhur fotojurnalistin və komandası­nın çəkdiyi fotolar və videolar sayəsində xəbər tutub. 

Reza Deqatinin müəllifi olduğu 30-dan çox kitabın ikisi Azərbaycanla bağ­lıdır. O, bir sıra beynəlxalq mükafatların laureatıdır. Haqqında Avropada, Ameri­kada, “National Geographic”də, Fransa televiziyasında 10-dan çox sənədli film çəkilib. İndiyədək dünyanın əksər şəhər­lərində 250-dən çox sərginin iştirakçısı olub, ən böyük universitetlərdə 500 dəfə konfrans keçirib.

Onun Parisdə “Mühacirin düşüncələ­ri”, “Kəsişən talelər”, Vaşinqtonda “Bir dünya, bir tayfa”, Normandiyada “Mühari­bə+Sülh” və Dohada “Ümid” adlı sərgiləri təşkil olunub. Reza Deqati Missuri Uni­versitetinin “Şərəf” medalına layiq görü­lüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Məşhur fotojurnalist həyatında sənətinə verilən ən böyük mükafatdan birini Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çat­dırılmasında çoxillik səmərəli fəaliyyə­tinə görə alıb. Prezidenti İlham Əliyevin sərəncamı ilə o, “Dostluq” ordeni ilə təltif edilib.

Fədakar foto sənəti ustasının çəkdiyi şəkillərin hərəsi özündə bir tarix yaşadır. Rezanın fotoqrafiyası daha çox inqilab­lardan, müharibələrdən, münaqişələrdən “danışır”. Çünki o, sülhsevər insandır, şəkilləri də Yer üzündə müharibələrə son qoyulmayana qədər danışacaq. Ötən yarım əsrdə dünyanın elə bir münaqişə ocağı olmayıb ki, məşhur fotojurnalistin ayağı ora dəyməsin, fotoaparatının səsi eşidilməsin. 

Tale elə gətirib ki, Reza Deqati 1979-cu ildə İranda baş verən xalq hərəkatını öz fotokamerasının yaddaşına köçürmək istəyib. Məhz bu hadisəni fotoobyektivin yaddaşında tarixə çevirən Reza o vaxt­dan sonra fotojurnalist kimi tanınmağa başlayıb. İran inqilabından sonra Deqa­tinin artıq bu ölkədə fəaliyyət göstərmə­si çətinləşib və o, 1981-ci ildə Fransada sığınacaq tapıb, necə deyərlər, oradan dünyaya çıxıb.

Bu gün dünyanın “National Geog­raphic”, “Time Photo” və digər populyar nəşrlərində onun əsərlərinə yer ayrılma­sı, fotolarının “PixPalace” platformasında yerləşdirilməsi həmin şəkillərin dəyərini göstərir.

...İnişil iyun ayının 23-ü idi. Lənkəran­da məktəblilərin yay festivalında məşhur fotojurnalist Reza Deqati ilə tanış olub söhbət etdik. Ünlü cərrah, deputat Rəşad Mahmudov, Elm və Təhsil Nazirliyinin əməkdaşı Cəsarət Valehovla birlikdə dör­dümüz şəkil də çəkdirdik və mən sənət­kara “Qara yanvar”da Bakıya gəlməsi barədə sual verdim. Qaşlarını çataraq, həmin günlərin bəzi məqamlarından da­nışdı. 

– Qətliamdan xəbər tutan kimi xalqı­mızın başına gətirilən faciəni çəkib dün­yaya yaymağı özümə borc bilərək Bakıya gəlmişdim, – dedi, – O günlər insanların əsas xəbər mənbəyi olan televiziya yayı­mı dayandırılmışdı, Bakıya xarici jurna­listlərin girişi qadağan olunmuşdu. Mən Parisdən çətin yollarla Bakıya üz tutdum. Birbaşa buraya gəlmək mümkünsüz ol­duğu üçün Moskva kinostudiyalarını zi­yarət etmək adı altında həmkarlarımla birlikdə sovet vizası alaraq SSRİ-nin pay­taxtına gəldim. Jurnalistlər üçün müəy­yən qadağalar olduğu üçün azərbaycanlı dostların köməyi ilə Bakıya yola düşən qatarda gizləndim, təhlükəni nəzərə alıb, insanlarla lazımsız ünsiyyətdən qaçaraq 48 saatlıq yol gəldim. Qatarda ilk işim isə “Ya pa rusky ni znaya” (mən rusca danışmıram) və “Ya Azerbaijani” (mən azərbaycanlıyam) kimi dolaşıq cümlələr öyrənmək idi. Çünki rus dilini bilməyən azərbaycanlıları çox sorğu-suala tutmur­dular. Ancaq kimsə mənim sənədlərimi yoxlasaydı, bu, artıq son demək idi...

Bu uzun səyahətdən sonra Bakıya çatdığım zaman burada gördüyüm mən­zərəni İkinci Dünya müharibəsi filmindən bir səhnəyə bənzədirdim. Bakı stansiya­sına daxil olduğu zaman – axşam vaxt­ları komendant saatından bir az əvvəl biz platforma üzərində düzülmüş silahlı sovet əsgərlərini gördük. Soyuq idi, özümü mü­haribə haqqında çəkilmiş filmdəki biri kimi hiss etdim. Sanki heç nə dəyişməyib”...

Yanvarın 24-də dostları Reza Deqati­ni Bakıda qarşılayır və sovet əsgərlərinin dinc əhalini gülləbaran etməsi, tankların mülki vətəndaşların üstündən keçməsi, uşaq, qadın, yaşlı demədən silahsız in­sanları qətlə yetirməsi barədə ona məlu­mat verirlər.

Küçədə gəzməyin belə təhlükəli oldu­ğu bir vaxtda, sovet tank və əsgər patrul­ları ilə əhatələnmiş Bakı şəhərində Reza öz həyatını düşünmədən fotoaparatı ilə gizli şəkildə xəstəxanalara, meyitxanala­ra gedərək gördüyü mənzərələri fərqli as­pektlərdən fotolentin yaddaşına köçürür.

– Bakı tanklar və əsgər patrulları ilə mühasirəyə alınmışdı. Açıq şəkildə gör­düklərimizin şəkillərini çəkmək çox riskli idi. Ehtiyatlı davranmalı, maşınların və binaların pəncərələrindən fotolar çəkən­də kameranı gizlətməyin yollarını tapmalı idik”, – deyə Reza bəy bildirdi. – Hər şey­dən əvvəl, xatırladığım yalnız qırmızı və qara rənglərdir.

Qara Yanvar şəhidlərinin dəfn olun­duğu məzarlığa çevrilmiş, qəbirlərin üzəri qırmızı qərənfillər və qara paltarlarla ör­tülmüş Şəhidlər xiyabanına gələn Reza şübhələri üzərinə çəkməmək üçün hər kəs kimi geyinmiş və insanların da kömə­yi ilə çəkiliş avadanlıqlarını gizlətmişdi.

Orduya məxsus helikopter izdihamı dağıtmaq üçün qəbiristanlığın üzərində uçuşlar həyata keçirdiyi zaman isə ar­tıq Reza bu “qırmızı və qara”dan ibarət kadrları çəkib bitirmişdi. Təhlükəsizlik tədbirləri səbəbilə fotoaparat və avadan­lıqlarsız Moskvaya qayıdan sənətkar sonradan dostlarının köməyi ilə onları əldə edib və oradan da Parisə gedib.

Parisə çatdığı günün axşamı 18-dən çox televiziya kanalı Rezanın çəkdiyi fo­toşəkilləri göstərərək Bakıdakı hadisələr barədə danışdı, onlarla radiostansiya, 2000-dən çox jurnal və qəzet 20 Yanvar faciəsi barədə məlumat yaydı. Fotojurna­list Reza Deqati və komandasının çəkdi­yi fotoşəkillər və videolar sayəsində qan yaddaşımız Qara Yanvar nəinki unudul­madı, dünya əhalisi mülki vətəndaşlara qarşı olan bu misilsiz vəhşilikdən xəbər tutdu.

Onun Azərbaycana xidməti bununla bitməyib. Növbəti gəlişi XX əsrin ən bö­yük faciəsi hesab edilən Xocalı soyqırımı ilə əlaqədar olub. O, bu faciəni də lentə alaraq Azərbaycan həqiqətlərini, xalqı­mızın üzləşdiyi dəhşətləri dünya ictima­iyyətinə çatdırıb. 

Birinci Qarabağ savaşında xalqımızın başına gətirilən müsibətlər də Deqatinin fotokamerasının gözündən yayınmayıb. Ötən 30 il ərzində erməni vandallığını əks etdirən fotokadrları dünyanın müxtə­lif mətbuat orqanlarında çap etdirib. 2020-ci ildə xalqımızın Vətən müharibə­sində qazandığı tarixi Qələbə isə məşhur fotoqrafa yeni ruh verib. O, işğaldan azad olunmuş əraziləri qarış-qarış gəzərək ka­meranın yaddaşına köçürüb və bu möv­zuda bir çox sərgilər təşkil edib.

Yeri gəlmişkən, Reza Deqatinin Vətən müharibəsində Gəncə, Tərtər və Bərdədə çəkdiyi fotolar münaqişə zona­sından çox uzaqda dinc əhalinin hədəfə alındığına, ballistik və kasetli raketlərlə vurulub öldürülməsinə şahidlik edir.

Bu barədə danışarkən dedi: 

– 2020-ci ildə işğalçılar, cinayətkar­lar layiqincə cəzalandırıldı. Budur Qa­rabağın əsas dərsi: özgənin torpağına göz dikmək olmaz. Başqasının mülkünə yiyələnmək olmaz, məsum insanlara pis­lik etmək olmaz, pislik gec-tez onu törə­dənin üzərinə qayıdır.

Ə.DOSTƏLİ
XQ









Qan yaddaşı