11 minə yaxın müraciətə baxılıb

post-img

Yanvarın 19-da Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2023-cü ilin yekunlarına dair geniş əməliyyat müşavirəsi keçirilib.

Baş prokuror Kamran Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi, dahi liderin hüquq sisteminin təkmilləş­dirilməsi, habelə inkişafı istiqamətində gördüyü işlər, prokurorluq orqanlarının inkişafına verdiyi töhfələrdən danışıb.

Baş prokurorunun müavini - Baş pro­kuror yanında Korrupsiyaya qarşı Müba­rizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qey­ri-hökumət təşkilatları ilə qarşılıqlı əmək­daşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq za­manı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Bildirilib ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindən vətəndaşların 10 min 897 müraciətinə baxılıb. Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətən­daşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət­lərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilib, zəruri hallarda ci­nayət-hüquqi tədbirlər görülüb. 

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlə­rin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamə­tində prokuror təsir tədbirlərinin tətbiqin­dən də müvafiq dövr ərzində istifadə edilib, yol verilmiş qanun pozuntuları­nın səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 204 təqdimat göndə­rilib. 

Qeyd edilən müddət ərzində Baş İdarədə 382 müraciət və digər məlumat­lara cinayət xarakterli material kimi baxı­lıb, 301 material üzrə Cinayət Məcəllə­sinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 81 material üzrə isə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin baş­lanmasının rədd edilməsi haqqında qə­rarlar qəbul edilib və digər prokuror təsir tədbirləri tətbiq edilib.

Əməliyyat qurumları tərəfindən 158 cinayət işi başlanılıb, keçirilmiş 49 əmə­liyyat-axtarış tədbiri nəticəsində korrup­siya cinayəti törədən 56 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 30 nəfər saxlanılıb.

Əməliyyat müşavirəsinə yekun vu­ran Baş prokuror Kamran Əliyev növbəti dövr üçün tapşırıq və tövsiyələrini verib.

XQ

Son xəbərlər