Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi təqdir edilib

post-img

Yanvarın 19-da xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampalada Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu Zirvə görüşündə iştirak edib.

Zirvə görüşündə Hərəkatın sədri qis­mində açılış nitqi ilə çıxış edən nazir Azər­baycanın dörd il əvvəl Hərəkata sədrliyi beynəlxalq münasibətlər sistemi üçün ol­duqca mürəkkəb bir dövrdə təhvil aldığını vurğulayıb. Nazir ölkəmizin bu təsisata uğurla sədrlik etdiyini, Hərəkatın mövcud çağırışlarla mübarizədə səmərəliliyinin artırılması üçün substantiv və institusio­nal tədbirlər gördüyünü diqqətə çatdırıb.

Sonra Hərəkatın 19-cu Zirvə görü­şünün gündəliyi qəbul edilib. Gündəliyə əsasən, Azərbaycan Prezidenti İlham Əli­yevin Qoşulmama Hərəkatının sədri qis­mində uğurlu fəaliyyətini və təşəbbüsləri­ni əks etdirən videoçarx nümayiş olunub. Sonra nazir Ceyhun Bayramovun Azər­baycanın Hərəkata sədrliyinin yekunları­na dair çıxışı dinlənilib.

2019-cu ildə Hərəkata sədrliyi təhvil alan Azərbaycanın sədrliyinin 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə daha bir il müddətinə uzadılmasının ölkəmizə göstərilən inam və etimadın təcəssümü olduğunu qeyd edən nazir Azərbayca­nın sədrlik dövründə öz fəaliyyətini tarixi Bandunq prinsipləri əsasında qurduğu­nu bildirib. Bu istiqamətdə Azərbaycanın Qoşulmama Hərəkatının fəaliyyətinin əlaqələndirilməsinin, çevikliyinin təmini istiqamətində əməli tədbirlər gördüyü, bu işlər nəticəsində yüzlərlə bəyanat, kom­münike və bəyannamələrin razılaşdırıl­dığı, Hərəkat üzvləri tərəfindən müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında irəli sürülmüş qətnamələrin qəbul edildiyi diqqətə çatdırılıb.

Tədbirdə iştirak edən digər üzv döv­lətlərin nümayəndələri Azərbaycanın Hərəkata dördillik uğurlu sədrliyini təqdir ediblər. 

Zirvə görüşündə qəbul edilən Yekun Sənəddə ölkəmizin maraqlarını əks et­dirən müddəalar əks olunub. 

Azərbaycanın İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyanın növbəti Tərəflər Görüşünə (COP29) ev sahibliyi etməsi Qoşulmama Hərəkatına üzv ölkələr tərə­findən yekdilliklə alqışlanıb.

Daha sonra Qoşulmama Hərəkatının sədrliyi Azərbaycan tərəfindən Uqandaya təqdim edilib, Zirvə görüşü Uqanda Res­publikasının Prezidenti Yoveri Museveni­nin sədrliyi ilə davam edib.

Azərbaycanın xarici işlər naziri Uqanda Prezidenti ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayra­mov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu Zirvə görüşündə iştirak məqsədilə Uqanda Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Yoveri Kaquta Mu­seveni ilə görüşüb.

Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyin Uqandaya təhvil ve­rilməsi ilə bağlı təbrikləri bu ölkənin dövlət başçısına çatdırılıb. Eyni zamanda, Azər­baycanın sədrlik təcrübəsini Uqanda ilə bölüşməyə hazır olduğu bildirilib. 

Görüşdə iki dövlət arasında siyasi münasibətlərin müxtəlif istiqamətləri üzrə əsas gündəm mövzuları ətrafında fikir mübadiləsi aparılıb və əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Həm ikitərəfli əsasda, həm də BMT, Qo­şulmama Hərəkatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əhəmiyyətli məsələlər üzrə əlaqələndir­mə və qarşılıqlı dəstək təcrübəsinin da­vam etdirilməsinin önəmi vurğulanıb. 

Azərbaycan-Uqanda ikitərəfli əlaqələ­rinin inkişafı, iqtisadi, sosial və humanitar sahələrdə təmasların və işgüzar münasi­bətlərin intensivləşdirilməsinə dair həmfi­kirlik ifadə olunub. 

Söhbət zamanı Ermənistanın ölkə­mizə qarşı təcavüzü, qaçqın və məcburi köçkün probleminə toxunularaq, keçmiş münaqişənin tarixçəsi barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ərazi bütövlüyü­müzün və suverenliyimizin tam bərpası ilə nəticələnmiş 44 günlük Vətən müha­ribəsini və sonrakı qısamüddətli antiterror tədbirlərini şərtləndirən amillərdən bəhs olunub. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə danışılıb. 

Görüşdə qarşılıqlı maraq doğuran di­gər məsələlər ətrafında da fikir mübadilə­si aparılıb.

XQ

Son xəbərlər