O günlərdə dünya meşəlilərin harayını eşitmədi...

post-img

“Düşmən gülləsinə tuş gəlməmək üçün yerə uzanıb sürünürdüm, “Körpəmi kürəyimə bağlayıb ayaqyalın qarın üstü ilə gedirdim”. Belə ürəkparçalayan xatırlamaları Meşəli, Kərkicahan, Kosalar, Cəmilli, Malıbəyli, Quşçular ... nəhayət, müdhiş Xocalı soyqırımlarının cəhənnəmini yaşamış soydaşlarımızın dillərindən az eşitməmişik.

Meşəlini oda qalamış, sakinlərini gül­ləbaran eləmiş qatillərdən birinin son günlərdə 32 ildən sonra ”tələyə” düşüb ələ keçməsi yenidən soyqırımı şahidlərini dinləmək ehtiyacı yaradıb. Mən də Meşəli kəndində erməni vəhşiliyinin, Vaqif Çerke­zoviç Xaçatryan kimi erməni cəlladlarının törətdikləri qanlı cinayətlərin hədəfi olmuş bir qrup sakinlə görüşdüm. Eşitdiklərimin acı təəssüratından özümə gələ bilmirəm... 

Həmin gün şəhid olmuş Bəhlul Hüm­bətovun ailəsinin məskunlaşdığı evdə kənd sakinlərindən Əvəz Mehralıyev və onun həyat yoldaşı Ziba Mehralıyeva hə­min günün canlı şahidləri kimi soyqırımı törədənləri, onların başçılarından biri ol­muş Vaqif Xaçatryanın qanlı cinayətlərini yana-yana, sonsuz hüznlə xatırladılar, kədərli yaşantıları ilə insanlığa ləkə olan erməni faşistlərini lənətlədilər. 

Bəhlul Hümbətovun gəlini Aygün nəvələri Bəhlul və Bəhruz Hümbətovlar isə şəhidin Laçın rayonunun Fərras kən­dindəki məzarını 32 ildən sonra ziyarət et­mələrindən təsəlli tapdıqlarını söylədilər.

Ziba Mehralıyevanın Meşəli qətliamı vaxtı 19 yaşı olub. Hər şeyi olduğu kimi xatırladı:

– 1988-ci ilin fevralında Xankəndidə ermənilər açıq düşmənçiliyə başlayan gündən günümüzü qaraya boyamışdı­lar. Kəndlər erməni faşistləri tərəfindən zorla boşaldılırdı. Belə bir ağrını Meşəli kəndinin camaatı da yaşadı. Birinci dəfə daşnakların hücumuna məruz qalanda igidlərimiz qəhrəmanlıqla döyüşüb, kəndi geri aldılar. Bu məğlubiyyətlə barışma­yan erməni faşistləri rus himayədarları ilə daha güclü hücum hazırladılar. Amma biz erməni daşnaklarının xain əməllərindən xəbərsiz idik.

Bu günlərdə Əsgəran rayonunun Badara kəndində yaşamış Xaçatryan Vaqif Çerkezoviçin Laçın buraxılış-keçid məntəqəsində yoxlama zamanı müəyyən olunaraq saxlanılmasını eşidəndə əlləri­mi göyə qaldırıb dedim: “İlahi, bu qaniçən Xaçatryanın bir gün cəzasına çatdıraca­ğına qəti inanırdıq”. Tanrının səbri böyük­dür. Belə zülmkar insan qatillərinin cəzası da böyük olmalıdır! 

Mən gənc ana idim. 1988-ci ildən 1991-ci ilə qədər erməni faşistləri kənd­lərimizi yandırır, talan edir, dünya isə bu soyqırımdan, sanki, xəbərsiz idi. Heç Ba­kıda özümüzünkülər də bizi eşitmədilər, harayımızı duymadılar. Həmin günün dəh­şətli mənzərəsini danışdıqca içim sızlayır. Körpə balamı, ilk övladımı, oğlum İsməti kürəyimə bağlayıb, düşmənin əlinə keç­məmək üçün qaynanamla birgə tüstünün içində yerlə sürünürdük. Vəhşi ermənilər kəndimizdəki ot tayalarına od vurmuşdu­lar. Göz-gözü görmürdü. Tanrı xilas olma­ğımız üçün bizə nicat yolu verdi. Şaxtadan iliyimiz sızlasa da, sürünməklə kənddən, mühasirədən çıxa bildik. 

Arxada insan ah-naləsindən qulaqlar tutulmuşdu. İndinin özündə belə, həmin səslər qulağıma gəlir: anam hardadır, bacım, qardaşım hardadır, atamı gördün­mü? Hamının biri-birinə verdiyi sualın ca­vabı çox ağır idi, çox!..

Mənim atam kəndin meşəbəyisi idi. Bizim evimizdə mərkəzlə əlaqə saxlamaq üçün rabitə xətti qurulmuşdu. Çox təəs­süf ki, vaxtında köməyimizə gəlmədilər. Amma atam ermənilərin biri-biri ilə danı­şığını eşidib bilmişdi ki, Meşəli kəndinin başını qara buludlar alıb. Təkrar edirəm, köməyimizə gələn olmadı. Atam cərra­hi əməliyyatdan çıxmışdı. Düşmən əlinə keçməsin deyə, onu da sürüyə-sürüyə ça­yın yuxarı tərəfinə apardıq. Arxaya baxan­da yanan evimizin tüstüsünü görən atam hönkür-hönkür ağladı. Dəhşət idi. Bizə sürünə-sürünə çatanlar xəbər verdilər ki, qardaşım və kənd cavanları mühasirəyə düşüblər. 

Ziba xanım dərin bir ah çəkib sö­zünə davam etdi:

– O dəhşətli gündə körpəmi, ilk övla­dım İsməti itirdim. Kürəyimə sarımışdım, şaxtaya dözmədi, körpəm donmuşdu, onu nəfəsimlə isidə bilmədim. Bir ananın körpəsini donmuş halda görüb fəryad qo­parmasını təsəvvür edirsinizmi?.. Tanrı Xaçatryanların cəzasını verməlidir! 

Ayağımızda corab buz bağlamışdı. Ayaqlarımız şaxtadan keyimişdi. Amma yenə də düşmən əlinə keçməmək üçün var gücümüzlə sürünürdük. Böyüklər de­yirdilər ki, ayağa qalxsanız düşmən güllə­sinə qurban gedəcəksiniz. 

Nə yaxşı, Laçın yolu bağlanmamışdı. Yeganə yolumuz, ümidimiz ora idi. Xoca­lı ilə məsafəmiz 18 kilometr idi. Ağdərə, Xocavənd, Əsgəran, Ağdama, Xocalıya gedən yolları düşmən bağlamışdı. Hər tərəfdən mühasirəyə alınmışdıq. Yeganə yolumuz Laçın istiqamətinə idi. Ona görə də, şəhidlərimizi də maşına yığıb Fərraş kəndinə apardıq. İndiyə kimi şəhidlərimi­zin qanına boyanmış maşının dəhşət sa­çan mənzərəsi gözlərimin qarşısındadır...

Ziba Mehralıyeva şəhid Bəhlul Hüm­bətovun nəvələrinin Vətənə layiq övladlar olmasını qeyd etməklə yanaşı, həmin gün şəhid olan, Laçının Fərraş kəndində tor­pağa qovuşan Meşəli şəhidlərinin xatirə­sini ehtiramla xatırladı və söylədi:

– Şəhidlərimizin adını ehtiramla çək­mək istəyirəm: Bəhlul Hümbətov, ailəliklə şəhid olan kəndlilərimizin adını bu gün də ürək ağrısı ilə deyirəm: Qənimət Quliyev, Quliyeva Ruba, Quliyev Mətləb, Quliyev İsmayıl. Digər bir ailə: Novruzov Novruz, Novruzova Adilə, Novruzov Zakir, Novru­zova Rahilə, Novruzova Rübabə, Mehrə­liyev Əli, İbadullayev Nadir. Ümumillikdə 25 şəhidimiz oldu. Onların qanı yerdə qalmadı. 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz tərəfindən qisasımız alındı. Biz Meşəliyə mütləq qayıdacağıq, o yerlər – meşələr, çaylar, dağlar həsrətlə doğma sakinlərini gözləyir.

Əvəz Mehralıyev həyat yoldaşının fik­rini tamamlayaraq şəhid Bəhlul Hümbə­tovun nəvələrini qürurla bizə təqdim etdi və dedi ki, Bəhlul da, Bəhruz da Vətənin keşiyində ləyaqətlə durub, hərbi qulluğu şərəflə yerinə yetiriblər, babalarının şəhid olduğu Meşəli kəndini görmək arzusu ilə yaşayırlar və inanırlar ki, həmin günə çox az qalıb.

Mehralıyevlər ailəsi Meşəli kəndində amansız qırğın törətmiş Vaqif Xaçatryan kimi erməni cəlladlarının haqq-ədalət məhkəməsi qarşısında layiqli cəza ala­caqlarına qəti əmindir:

– Bu gün tarix və zaman qarşısında Xaçatryanlar cavab verməli, cəzalarına çatmalıdırlar. Onların qana bulaşmış əl­ləri, qolları qandallanmalıdır! Var olsun, ədalətli qalib ordumuz! Biz Meşəliyə qa­yıdacağıq. 

Kəmalə ABDİNOVA,
jurnalist



Qan yaddaşı