Azərbaycan Hərb Tarixi Muzeyində Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun yaradılmasının 105 illik yubileyinə həsr olunmuş “Zəfərin qazanılmasında Heydər Əliyev ideyaları” adlı yubiley tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Ordusunun yaradılması və inkişaf tarixinə həsr edilmiş məruzə ilə çıxış edən muzey rəisi polkovnik Əzizağa Qənizadə Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin formalaşdırdığını bildirdi. O qeyd etdi ki, Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır: “1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev ölkəni dərin iqtisadi, siyasi böhrandan xilas etmək üçün Naxçıvandan Bakıya dəvət edildi və yalnız bundan sonra respublikada vəziyyət dəyişməyə başladı. Sabitliyə nail olmaq naminə cəbhədə atəşkəs elan olunması barədə razılıq əldə edildi. Yavaş-yavaş həyatımızın bütün sahələrini əhatə etmiş böhran aradan qaldırıldı, Silahlı Qüvvələrdə intizamsızlığın, başıpozuqluğun qarşısı alındı, elmi əsaslarla və vahid komandanlıq prinsipi ilə idarə edilən intizamlı ordu quruculuğu prosesi başlandı”.
Polkovnik ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini dedi: “Qısa vaxtda Cənubi Qafqazın ən güclü ordusuna çevrilən Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 illik işğala son qoyaraq torpaqlarımızı düşmən tapdağından azad etməklə böyük Zəfər qazandı.
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyası Prezidentinin imzaladıqları birgə bəyanat Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığı özündə əks etdirir və əslində Ermənistanın kapitulyasiya aktıdır. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu.
Azərbaycan hərb tarixinə şanlı səhifə kimi düşən Vətən müharibəsində ordumuz ən müasir silahlardan istifadə etməklə, qısa müddət ərzində düşmənin ordusunu məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı azadetmə əməliyyatı bu gün dünyanın əsas güc mərkəzlərində ciddi öyrənilir, hərbi sənədlərə salınıb”.
Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynurə Salmanlı çıxış edərək Azərbaycan Ordusunun yaradılmasının 105-ci ildönümünü hər kəsin iftixar hissilə qeyd etdiyini vurğuladı: “Azərbaycan dövlətçiliyinin təhlükəsizliyinin təminatçısı olan Silahlı Qüvvələrimiz bu gün döyüş hazırlığı sahəsində öz qüdrətini daha da möhkəmləndirir. Vətən müharibəsində qazanılmış parlaq Zəfər ölkəmizin tərəqqi yollarında inamla irəliləməsinə böyük təkan verəcək”.
Şərifzadə adına Mədəniyyət Mərkəzinin üzvlərinin ifasında bayram konsertindən sonra Azərbaycan Modelistlər Klubunun üzvləri İlqar İsmayılov, Fuad Paşayev və Namiq Bəşirov tərəfindən hazırlanmış texikalardan ibarət “Zəfər Festivalı” adlı sərgi nümayiş olunub.
Leyla QURBANOVA,
“Xalq qəzeti”