№ 173 Bakı şəhəri, 3 iyun 2025-ci il
“Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 dekabr tarixli 238 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Bələdiyyələrlə iş” informasiya sisteminin fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə “Bələdiyyələrlə iş” informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Qərarın 1-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri