№ 491 Bakı şəhəri, 22 noyabr 2024-cü il
“Azərbaycan Respublikasında sektorlar üzrə strateji planların hazırlanması Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 dekabr tarixli 571 nömrəli Qərarının ləğv edilməsi barədə
“Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 3 may tarixli 54 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında sektorlar üzrə strateji planların hazırlanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 dekabr tarixli 571 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2761 (Cild I) ləğv edilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
3.1. bu Qərarın tətbiqi ilə bağlı müvafiq sektorlar üzrə aparıcı qurumların sektorlar üzrə strateji planlarının, habelə həmin sektorlarda fəaliyyəti olan təşkilatların sektorlar üzrə büdcə planlarının tərtibi, icrasına dair hesabatlılığı və monitorinqi sahəsində təlimatlandırma və koordinasiyalı işin təşkilinin təmin edilməsi məqsədilə “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”ı Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
3.2. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri