Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 219 Bakı şəhəri, 25 iyun 2023-cü il

“Azərbaycan Respublikası Döv­lət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilat­larda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qayda­ları”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici döv­lətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1936 nömrəli Fərmanının 3.2-ci bən­dinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlət­lərdə və beynəlxalq təşkilatlarda nü­mayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) nor­ma və ödəniş qaydaları” təsdiq edilsin (əlavə olunur). 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun 

tarixli 219 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi

Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən ................təmsilçilik xərclərinin) norma və ödəniş

 

QAYDALARI

 

1.             Ümumi müddəalar

 

1.1.            Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respub-likası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1936 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra – Xidmət) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayən-dələrinin (bundan sonra – xarici ölkələrdəki nümayəndələr) saxlanma xərcləri (o cümlədən təmsilçilik xərcləri) ilə bağlı məsələləri tənzimləyir, o cümlədən təyin olunduqları ölkələrdə xidmət etdikləri dövrdə xarici ölkələrdəki nümayəndələrə və onların ailə üzvlərinə ödənişlərin verilməsini və digər təminatların həyata keçirilməsini müəyyən edir. 

1.2.            Bu Qaydaların məqsədləri üçün xarici ölkələrdəki nümayən-dələrin ailə üzvləri dedikdə, xarici ölkələrdəki nümayəndələrin xidmət etdikləri dövlətdə onlarla birlikdə yaşayan nümayəndənin əri (arvadı), uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları başa düşülür.

1.3.            Xarici ölkələrdəki nümayəndələrin fəaliyyətinin maliyyələş-dirilməsi dövlət büdcəsindən Xidmətə ayrılmış vəsaitlər dairəsində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə, mərkəzləşdirilmiş qaydada dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir.

1.4.            Bu Qaydalara uyğun olaraq müəyyən olunan ödənişlər xarici ölkələrdəki nümayəndələrə xidmətə təyin olunduqları tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qayda-ları”nda hər bir dövlət üzrə müəyyən edilmiş xarici valyutada ödənilir.

1.5.            Məzuniyyət, ezamiyyət, əmək qabiliyyətini müvəqqəti itirmə dövrləri, eləcə də qanunvericilikdə hərbi qulluqçunun xidmət yerinin və pul təminatının saxlandığı digər hallar istisna olmaqla, xarici ölkələrdəki nümayəndələr təyin olunduqları xidmət yerində hər hansı səbəbdən öz vəzifələrini 30 (otuz) təqvim günündən artıq müddətdə icra edə bilmədikdə, onlara yalnız milli valyutada dövlət məvacibi ödənilir.

1.6. Xarici ölkələrdəki nümayəndələrin saxlanma xərcləri (maddi-texniki, maliyyə və digər təminatları) dövlət büdcəsində Xidmət üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir. Xarici ölkələrdəki nümayəndələrə dövlət məvacibi və bu Qaydalarda nəzərdə tutulan digər ödənişlər Xidmət tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Nazirlik) ilə razılaşdırılmaqla təsdiq edilən xərclər smetası (bundan sonra – xərclər smetası) əsasında ödənilir.

1.7. Xarici ölkələrdəki nümayəndələrə maliyyə vəsaiti xarici valyutada təhtəlhesab şəxslər üzrə avans şəklində ayrılır. Bu məqsədlə xarici ölkələrdəki nümayəndələr tərəfindən xarici bank müəssisəsində fiziki şəxs qismində bank hesabı açılır və hər ayın           18-25 tarixləri ərzində Xidmət tərəfindən həmin bank hesabına vəsaitin köçürülməsi təmin edilir.

1.8. Xarici ölkədəki nümayəndə (təhtəlhesab şəxs) tərəfindən rüb ərzində əldə edilən maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı növbəti rübün birinci ayının 5-dək “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Nazirlik tərəfindən müəyyən olunmuş formada Xidmətə rüblük avans hesabatı təqdim edilir. Təhtəlhesab şəxs avans hesabatına xərcləri təsdiq edən bütün təsdiqedici sənədləri (dövlət məvacibi, kompensasiya və müavinətlər istisna olmaqla) əlavə etməlidir. Bu sənədlərin siyahısının avans hesabatının müvafiq hissəsində qeydiyyatı aparılır. Avans hesabatına əlavə edilən bütün sənədlər hesabata birləşdirilmə ardıcıllığı ilə nömrələnir.

1.9. Xidmətə təqdim edilən avans hesabatı üzrə xərclənməyən qalıq vəsait ilkin mənbəyə qaytarılmadan növbəti rübdə istifadə olunur. Eyni şəxsə rübdən sonrakı yeni avans məbləği yalnız əvvəlki rüb ərzində ödənilmiş avans məbləğləri haqqında hesabat təqdim edildikdən və vəsaitin qalığı barədə məlumat əldə edildikdən sonra ödənilir. Təhtəlhesab məbləğlərin avans hesabatı müəyyən olunmuş müddətdə təqdim edilmədikdə bu borclar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Nazirlik tərəfindən müəyyən olunmuş qaydada xarici ölkədəki nümayəndənin məvacibindən tutulur. 

1.10. Qanunvericiliklə müəyyən olunmuş müddət ərzində növbəti il üçün dövlət büdcəsi təsdiq olunmadıqda, dövlət büdcəsi təsdiq olunanadək Nazirlik tərəfindən hər ay üzrə xarici ölkələrdəki nümayəndələrin ötən il üzrə xərclərinin on ikidə bir hissəsi qədər maliyyələşdirilməsi aparılır. 

1.11. Dövlət büdcəsindən xarici ölkələrdəki nümayəndələrin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər təyinatı üzrə istifadə edilməli və ilin sonuna istifadə olunmayan qalıq vəsait ilkin mənbəyə qaytarılmalıdır. 

1.12. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Əmək pensiyaları haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanun-larına uyğun olaraq, xarici ölkələrdəki nümayəndələr sığorta olunarkən, onlara əmək pensiyası təyin edilərkən, müavinətlər və kompensasiyalar ödənilərkən, habelə Xidmətin hərbi qulluqçuları üçün normativ hüquqi aktlarda nəzərdə tutulmuş birdəfəlik ödənişlər verilərkən pul təminatı nəzərə alındığı halda onların Xidmətdə ştat üzrə tutduğu vəzifəyə uyğun hesablanan pul təminatı əsas götürülür.

           

2. Xarici ölkələrdəki nümayəndələrə ödənilən dövlət məvacibi, aylıq əlavə və dövlət məvacibinə fərqləndirici əmsalın tətbiq edilməsi

 

2.1. Xarici ölkələrdəki nümayəndələrə bu Qaydaların 2.2-ci bəndinə əsasən müəyyən edilən dövlət məvacibi və təyin olunduqları dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraitinə uyğun olaraq dövlət məvacibinə bu Qaydaların tələblərinə uyğun fərqləndirici əmsal tətbiq edilməklə müəyyən edilən aylıq əlavə ödənilir.

2.2. Xarici ölkələrdəki nümayəndələrin dövlət məvacibi Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbər-lərinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən dövlət məvacibinin 85 faiz nisbətində müəyyən edilir.

2.3. Aylıq əlavənin məbləği xarici ölkələrdəki nümayəndələrin dövlət məvacibindən qanunla müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta  haqları, həmçinin gəlir vergisi çıxıldıqdan sonra qalan vəsaitə fərqləndirici əmsal tətbiq edilməklə alınan məbləğlə həmin qalan vəsait arasında fərqə bərabər götürülür.

2.4. Xarici ölkələrdəki nümayəndələrin dövlət məvacibinə fərqləndirici əmsal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada və hədlərdə tətbiq edilir.

 

3. Tibbi təminat xərcləri

 

3.1. Xarici ölkədə xidmət etdikləri dövrdə xarici ölkələrdəki nümayəndələrin və onlarla birlikdə yaşayan ailə üzvlərinin tibbi təminatı dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” ilə müəyyən edilmiş tibbi sığorta zərfi əsasında həyata keçirilir. Bu məqsəd üçün dövlət büdcəsində xarici ölkələrdəki nümayəndələrin xidmət etdikləri ölkələrdə tibbi sığorta qiymətlərinin orta səviyyəsi nəzərə alınmaqla müvafiq vəsaitlər nəzərdə tutulur. 

3.2. Fəaliyyət göstərdikləri ölkələrdə tibbi sığorta xidmətindən istifadə mümkün olmadıqda, xarici ölkələrdəki nümayəndələr və onlarla birlikdə yaşayan ailə üzvləri xərclər smetasında tibbi təminat xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində bu Qaydaların  3.1-ci bəndində göstərilən tibbi sığorta zərfinə daxil olan tibbi xidmətlərdən yararlana bilərlər. Müvafiq tibbi sığorta zərfinə daxil olmayan tibbi xidmətlərdən istifadə xərcləri xarici ölkələrdəki nümayəndələr tərəfindən öz vəsaitləri hesabına ödənilir.

 

4. Nəqliyyat xərcləri

 

4.1. Xarici ölkələrdəki nümayəndələr xidmətə təyin olunarkən, habelə xarici ölkələrdə fəaliyyətlərini başa çatdırıb Azərbaycan Respublikasına qayıdarkən nümayəndələrin və onlarla birlikdə yaşayan ailə üzvlərinin nəqliyyat və yükün daşınması xərcləri (onların xarici ölkələrdə yaşadıqları ünvandan limana (vağzala) kimi olan nəqliyyat xərcləri də daxil olmaqla) xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.  

4.2. Xarici ölkədəki nümayəndəyə verilən ödənişli illik məzuniyyət dövründə və ya xarici ölkədəki nümayəndə ilə birlikdə yaşayan ailə üzvlərindən birinin ölümü ilə əlaqədar, xarici ölkədəki nümayəndənin və onunla birlikdə yaşayan ailə üzvlərinin Azərbaycan Respublikasına gəlməsi və xidmət etdiyi dövlətə qayıtması üçün nəqliyyat xərcləri də bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. 

4.3. Xarici ölkələrdə xidmətə təyin olunarkən, habelə fəaliyyətlərini başa çatdırıb Azərbaycan Respublikasına qayıdarkən xarici ölkələrdəki nümayəndələrə və onlarla birlikdə yaşayan ailə üzvlərinin hər birinə müvafiq sənədlər əsasında 80 kq-dək (yükün ümumi çəkisi 240 kq-dan artıq olmamaqla) yükün aparılması xərcləri xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir. 

 

5. Yaşayış sahəsi ilə təminat

 

5.1. Xarici ölkələrdəki nümayəndələrin və onlarla birlikdə yaşayan ailə üzvlərinin fəaliyyət göstərdikləri ölkələrdə yaşayış sahəsi ilə təmin olunması üçün xərclər smetasında müvafiq vəsaitlər nəzərdə tutulur. Həmin vəsaitlər nümayəndələr və onlarla birlikdə yaşayan ailə üzvləri üçün yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı bütün xərcləri, o cümlədən nümayəndələrin fəaliyyət göstərdikləri ölkələrin qanunvericiliyinə uyğun yaranan əlavə xərcləri təmin etməlidir.  

5.2. Xarici ölkədəki nümayəndənin yaşayış sahəsi üzrə kommunal xidmətlərinin haqqı nümayəndənin şəxsi vəsaiti hesabına ödənilir. 

5.3. Xarici ölkələrdəki nümayəndələr və onlarla birlikdə yaşayan ailə üzvləri nümayəndələrin tutduqları vəzifə və yerli şərait nəzərə alınmaqla, onların fəaliyyət göstərdikləri ölkələrdə mebellə təchiz edilmiş yaşayış sahəsi ilə təmin olunurlar. 

5.4. Xarici ölkələrdəki nümayəndələrin yaşayış sahəsi ilə təminatı xərclər smetasında qeyd olunan məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində bu Qaydaların əlavəsi ilə müəyyən edilən norma əsasında həyata keçirilir.

5.5. Yaşayış yerinin sahəsi nəzərdə tutulmuş normadan (müvafiq qaydada artırılma nəzərə alınmaqla) yuxarı olduğu təqdirdə, artıq olan sahənin haqqı nümayəndələrin öz şəxsi vəsaitləri hesabına ödənilir.

5.6. Xarici ölkələrdəki nümayəndələr fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan Respublikasının mülkiyyətində olan yaşayış sahələri ilə təmin olunduqları hallarda, həmin sahələrə görə icarə haqqı ödənilmir.   

5.7. Xarici ölkədəki nümayəndənin yaşayış sahəsi icarəyə götürüldükdə həmin sahənin icarəsi üçün ödənilən haqqın məbləği fəaliyyət göstərdiyi yaşayış məntəqəsində mövcud olan qiymətlərin orta səviyyəsinə uyğun müəyyən edilir. Qiymətlərin orta səviyyəsinin müəyyən edilməsi məqsədilə xarici ölkədəki nümayəndənin xidmət etdiyi yaşayış məntəqəsində yaşayış sahəsinin icarəsi ilə məşğul olan bir neçə şirkətə (3 şirkətdən az olmamaq şərtilə) sorğu edilir.

5.8. Yaşayış sahəsi icarəyə götürüldükdə icarəyə verənlə icarə müqaviləsi həmin sahədə yaşayacaq xarici ölkədəki nümayəndə tərəfindən bağlanılır. Bu müqavilə nümayəndənin təyin olunduğu ölkəyə gəldiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq bağlanılmalıdır. Həmin müddət ərzində mehmanxanadan istifadə olunduqda, mehmanxana xərcləri həmin ölkə üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş mehmanxana xərcləri normalarından artıq olmamalıdır. Qeyd olunan müddət ərzində müqavilə bağlanılmadıqda, mehmanxana xərcləri xarici ölkədəki nümayəndənin şəxsi vəsaiti hesabına ödənilir. 

5.9. İcarə müqaviləsində digər şərtlərlə yanaşı, aşağıdakıların da nəzərdə tutulması zəruridir: 

5.9.1. yaşayış sahəsinin ölçüləri, icarə müddəti və ödəniş şərtləri; 

5.9.2. icarəçinin hər hansı vergi ödəməli olmaması; 

5.9.3. icarəçinin xidməti zərurətlə əlaqədar icarə müqaviləsinə istənilən vaxt xitam vermək hüququ;

5.9.4. yaşayış sahəsi və oradakı mebel, inventar və digər avadanlığın icarəyə verənin hesabına sığortalanması; 

5.9.5. yaşayış sahəsi və oradakı mebel, inventar və digər avadanlığın təbii aşınma ilə bağlı təmir xərclərinin icarəyə verən tərəfindən ödənilməsi.  

5.10. Yaşayış sahəsinin icarə xərcləri aylıq əsasda ödənilir. Yaşayış sahəsinin icarə xərclərinin illik məbləğinin əvvəlcədən icarəyə verənə ödənilməsinə icazə verilmir.

5.11. Yaşayış sahəsinin icarə xərclərinin ödənilməsi xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində xarici ölkədəki nümayəndə ilə icarəyə verən arasında bağlanılmış icarə müqaviləsi əsasında bank vasitəsilə həyata keçirilir. Xarici ölkədəki nümayəndə ilə birlikdə yaşayan ailə üzvlərindən biri eyni xarici ölkədə Xidmətin və ya digər dövlət orqanının nümayəndəsi qismində çalışdığı halda yaşayış sahəsi üçün icarə xərci ailə üzvlərindən birinə ödənilir.

5.12. Xarici ölkədəki nümayəndənin yaşayış sahəsinin icarəsi zamanı girov kimi depozitə qoyulmuş dövlət büdcəsi vəsaitinin qaytarılması təmin olunmadığı halda həmin vəsait aidiyyəti nümayəndədən tutulur. 

5.13. Yaşayış sahəsinin və oradakı mebel, inventar və avadanlığın təbii aşınması ilə əlaqədar olmayan təmir xərcləri xarici ölkədəki nümayəndənin şəxsi vəsaiti hesabına ödənilir. 

5.14. Xarici ölkədəki nümayəndə icarəyə götürdüyü yaşayış sahəsini icarəyə verənə təhvil verərkən icarəyə verəndən həmin xarici ölkədəki nümayəndəyə qarşı heç bir iddianın olmadığı barədə yazılı təsdiqedici sənəd alınmalı və Xidmətə təqdim edilməlidir. 

5.15. Yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı bu Qaydaların 5-ci hissəsində göstərilən şərtlərlə icarəyə verən razılaşmadıqda və müvafiq ərazidə daha sərfəli şərtlərə yaşayış sahəsinin icarəyə götürülməsi mümkün olmadıqda, qeyd olunan icarə şərtləri Xidmətin və Nazirliyin razılığı əsasında dəyişdirilə bilər. 

 

6. Təhsil haqqı ilə bağlı müavinət

 

6.1. Xarici ölkədəki nümayəndə ilə birlikdə yaşayan və ümumi təhsil müəssisəsində oxuyan ailə üzvlərinin təhsil haqqı ilə bağlı müavinətin ödənilməsi üçün tələb olunan vəsaitlər xərclər smetasında nəzərdə tutulur. 

6.2. Təhsil haqqı ilə bağlı müavinət xarici ölkədəki nümayəndə ilə birlikdə yaşayan və ümumi təhsil müəssisəsində oxuyan hər bir ailə üzvü üçün müvafiq təhsil müəssisəsi ilə bağlanılmış müqavilədə nəzərdə tutulan məbləğə bərabər, lakin ayda 700 ABŞ dollarından və ya müvafiq valyutada onun ekvivalentindən çox olmamaq şərtilə ödənilir. 

6.3. Təhsil haqqının təhsil haqqı üzrə müavinətdən artıq olan hissəsi xarici ölkədəki nümayəndənin şəxsi vəsaiti hesabına ödənilir. 

 

 

7. Digər təminatlar

 

7.1. Xarici ölkələrdəki nümayəndələrə onların dövlət məvacibinə fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 15 (on beş) faizi həcmində aylıq təmsilçilik xərci ödənilir. 

7.2. Xarici ölkədəki nümayəndəyə nümayəndənin xidmət etdiyi dövlətdə onunla birlikdə yaşayan 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş müavinətin ABŞ dolları ekvivalentində məbləğinə fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğlə milli valyutada ödənilən müavinət arasında olan fərq həcmində aylıq müavinət bu Qaydaların 1.4-cü bəndi nəzərə alınmaqla müvafiq valyutada ödənilir.

7.3. Xarici ölkədə müvafiq vəzifəyə təyin olunarkən xarici ölkədəki nümayəndəyə həmin vəzifə üzrə dövlət məvacibinin 1 (bir) misli həcmində birdəfəlik yerləşmə müavinəti ödənilir.

7.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il          21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” ilə siyahısı müəyyən edilmiş müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə xidmət edən nümayəndələrə onların dövlət məvacibinə fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 30 (otuz) faizi həcmində aylıq kompensasiya ödənilir.

7.5. Xarici ölkələrdəki nümayəndələrin xidmət etdikləri dövrdə onlara və ya onlarla birlikdə yaşayan ailə üzvlərinə öz xidməti vəzifələrini yerinə yetirərkən dəymiş zərərin əvəzi Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir. 

7.6. Xarici ölkələrdəki nümayəndələrin xaricdə xidmət etdikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.  

7.7. Xarici ölkələrdəki nümayəndə və ya onunla birlikdə yaşayan ailə üzvü öldükdə, onların cəsədinin Azərbaycan Respublikasına gətirilməsi xərcləri dövlət büdcəsi hesabına ödənilir. 

7.8. Xarici ölkələrdəki nümayəndələrə təhkim olunan xidməti minik avtonəqliyyat vasitələrinin say həddi (limiti) 1 (bir) ədəd müəyyən edilir. Xarici ölkədəki nümayəndəyə təhkim olunan xidməti minik avtonəqliyyat vasitəsi üçün tam iş vaxtı üzrə aylıq yürüş həddinin norması 1000 km müəyyən edilir. Xidməti minik avtonəqliyyat vasitələri üçün istismar xərclərinin normaları  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada tənzimlənir. 

 

Qeyd. Bu Qaydaların məqsədləri üçün Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi, həmçinin avronun, Böyük Britaniya funt sterlinqinin, İsveçrə frankının və Yaponiya yeninin ABŞ dollarına olan çarpaz məzənnəsi Azərbaycan Respublikası Mərkəzi Bankının 2022-ci il 1 iyul tarixinə olan məzənnə göstəricilərinə əsasən müəyyən edilir.

 

 

 

 

 

_________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qaydaları”na

 

əlavə
 

 

 

Xarici ölkələrdəki nümayəndələrin yaşayış

sahəsi ilə təminat norması

 

 

Sıra

№-si

 
Vəzifənin adı
Yaşayış sahəsinin yuxarı həddi (kv.m)
1.
Xarici ölkədəki nümayəndə
70
 

 

Qeydlər:

1. Xarici ölkələrdəki nümayəndələrlə birlikdə yaşayan 2 və daha çox ailə üzvü olduqda, göstərilən yaşayış sahəsinin yuxarı həddi (adambaşına düşən yaşayış sahəsi 12 kv.metrdən artıq olmamaqla) Xidmət rəisinin razılığı ilə artırıla bilər.

2. Yaşayış sahəsinə yataq otaqlarının tutduğu sahə daxil edilir.

Nazirlər kabinetinin qərarları