Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 80 Bakı şəhəri, 7 mart 2023-cü il
“Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
“Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:
2.1. Minatəmizləməyə dair informasiya sistemini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və həmin sistemin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirsin;
2.2. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birlikdə informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
3.1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq Minatəmizləməyə dair informasiya sisteminin dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin;
3.2. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Minatəmizləməyə dair informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsinə dair tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respub-likasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə”nin 4-cü hissəsi ilə müəyyən edilmiş məlumatların Minatəmizləməyə dair informasiya sisteminə ötürülməsini təmin etsinlər.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 7 mart tarixli 80 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Minatəmizləməyə dair informasiya sistemi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Minatəmizləməyə dair informasiya sisteminin (bundan sonra – İnformasiya sistemi) formalaşdırılmasının, aparılmasının və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya olunmasının hüquqi, təşkilati və texnoloji əsaslarını və informasiya sisteminə daxil ediləcək məlumatların növünü, həcmini, daxiledilmə müddətini müəyyən edir.
1.2. İnformasiya sistemi, bu İnformasiya sisteminə sahib, minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları və minatəmizləmə fəaliyyətinə cəlb olunmuş təşkilatlar tərəfindən aparılan minatəmizləmə prosesləri barədə məlumatların daxil edilməsini, məlumatların ümumiləşdirilməsini və hesabatlılığının aparılmasını təmin edir.
1.3. İnformasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir.
1.4. Bu Əsasnamənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.4.1. iştirakçı – İnformasiya sisteminin informasiya proses-lərində iştirak edən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və minatəmizləmə fəaliyyətinə cəlb olunmuş təşkilatlar;
1.4.2. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada İnformasiya sistemi üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə İnformasiya sisteminin aparılmasını təmin edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi;
1.4.3. operator – sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə İnformasiya sisteminin fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələrini həvalə etdiyi qurum və ya struktur bölmə;
1.4.4. elektron kabinet – sistemin iştirakçılarını Vahid Giriş Sistemi vasitəsilə identikləşdirməklə məlumatların daxil edilməsini, məlumatlardan istifadə olunmasını, məlumatlarla (Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hallar istisna olmaqla) tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, müraciətləri elektron formada göndərməsini, həmçinin sahib və operatorla qarşılıqlı əlaqəni təmin edən fərdi elektron səhifə.
1.5. Bu Əsasnamənin məqsədləri üçün istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın müha-fizəsi haqqında”, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda (bundan sonra – Qaydalar), eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
1.6. Fərdi məlumatların İnformasiya sistemində toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.
1.7. İnformasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.8. İnformasiya sistemindən istifadə ödənişsizdir.
1.9. İnformasiya sisteminin formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına və arxivləşdirilməsinə dair bu Əsasnamə ilə tənzimlənməyən digər məsələlər Qaydalara uyğun olaraq həll edilir.
2. İnformasiya sisteminin məqsədi və fəaliyyət prinsipləri
2.1. İnformasiya sisteminin formalaşdırılmasının məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd edilən məlumatların vahid infor-masiya bazasında toplanılması və məlumatların əlaqələndirilmə-sindən, eləcə də minatəmizləmə fəaliyyətinə dair məlumatlardan istifadə olunarkən əlçatanlığın və rahatlığın təmin edilməsindən ibarətdir.
2.2. İnformasiya sistemi Qaydaların 2.1-ci bəndində və aşağıda qeyd edilən prinsiplər əsasında formalaşır və fəaliyyət göstərir:
2.2.1. istifadə rahatlığı – məlumat mübadiləsinin, eləcə də sahib, operator və iştirakçıların İnformasiya sistemindən istifadəsinin rahat və əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
2.2.2. əlaqəlilik – İnformasiya sisteminin iştirakçılarının mövcud olan və ya yeni yaradılan informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) üzərindən qarşılıqlı əlaqələrinin və uzlaşmanın təmin edilməsi;
2.2.3. sərbəstlik – İnformasiya sisteminin fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması və fasiləsiz həyata keçirilməsi;
2.2.4. funksionallıq və davamlı inkişaf – İnformasiya sisteminin inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə edilməklə İnformasiya sisteminin daim təkmilləşdirilməsi;
2.2.5. operativlik – məlumat mübadiləsinin və İnformasiya sisteminin bu Əsasnamənin 1.2-ci bəndində qeyd edilən funksiyalarının ən qısa müddətdə həyata keçirilməsi;
2.2.6. şəffaflıq – İnformasiya sisteminin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi.
3. İnformasiya sisteminin texniki infrastrukturu
3.1. İnformasiya sisteminin texniki infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
3.1.1. texniki avadanlıq və proqram təminatı;
3.1.2. telekommunikasiya qurğuları və kanalları;
3.1.3. İnformasiya sisteminin əsas və ehtiyat nüsxələri;
3.1.4. İnformasiya sisteminin informasiya ehtiyatı və onun idarəetmə paneli;
3.1.5. İnformasiya sisteminin test mühiti.
3.2. Texniki avadanlıq və proqram təminatı İnformasiya sisteminin bu Əsasnamənin 1.2-ci bəndində qeyd edilən funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə iştirakçıların İnformasiya sistemindən istifadəsini və məlumat mübadiləsini təmin edir.
3.3. İnformasiya sistemi fəaliyyətinin etibarlılığını, təhlükəsiz-liyini, habelə operativ və keyfiyyətli məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malik olmalıdır.
3.4. İnformasiya sistemində formalaşdırılan və İnformasiya sisteminə daxil edilən, göndərilən məlumatlar İnformasiya sisteminin informasiya ehtiyatında saxlanılır. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə İnformasiya sistemi (informasiya sisteminin informasiya ehtiyatı da daxil olmaqla) və həmin sistemdə toplanılan məlumatlar, o cümlədən onların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
3.5. İnformasiya sisteminin idarəetmə paneli informasiya ehtiyatlarının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatlarından istifadəni təmin edir.
3.6. İnformasiya sistemində aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir.
3.7. İnformasiya sistemi bu İnformasiya sisteminin sahibi, operatoru və iştirakçıların identikləşdirilməsi məqsədilə Vahid Giriş Sistemi ilə təchiz olunur.
4. İnformasiya sisteminə informasiya sistemlərinin inteqrasiyası və İnformasiya sistemində məlumat mübadiləsinin təşkili
4.1. İnformasiya sistemi ilə bu Əsasnamənin 1.4.1-ci yarım-bəndində qeyd olunan dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları (ilkin mənbə olan) arasında məlumat mübadiləsi (İnformasiya sisteminə məlumatların ötürülməsi, habelə İnformasiya sistemində formalaşdırılan və ya İnformasiya sisteminə daxil edilən məlumatların digər dövlət informasiya sistemlərinə və ehtiyatlarına ötürülməsi) EHİS vasitəsilə real vaxt rejimində həyata keçirilir.
4.2. İnformasiya sisteminin digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
4.3. İnformasiya sistemi ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi mümkün olmadıqda, məlumatların İnformasiya sisteminə daxil edilməsi əməkdaş tərəfindən birbaşa həyata keçirilir.
4.4. İştirakçılar 5 (beş) iş günü ərzində elektron kabinet vasitəsilə aşağıdakı məlumatları İnformasiya sisteminə daxil etməlidirlər:
4.4.1. Qeyri-Texniki Tədqiqat Məlumatları (1 nömrəli əlavə);
4.4.2. Texniki Tədqiqat və Mina Sahəsi Məlumatları (2 nömrəli əlavə);
4.4.3. Əl ilə Təmizləmə Məlumatları (3 nömrəli əlavə);
4.4.4. Minaaxtaran İtlərlə Dəstək Məlumatları (4 nömrəli əlavə);
4.4.5. Mexaniki Vasitələrlə Dəstək Məlumatları (5 nömrəli əlavə);
4.4.6. Təmizləmə Məlumatları (6 nömrəli əlavə);
4.4.7. Tamamlama Məlumatları (7 nömrəli əlavə);
4.4.8. Xarici Keyfiyyət Yoxlaması Məlumatları (8 nömrəli əlavə);
4.4.9. Partlayış Məlumatları (9 nömrəli əlavə);
4.4.10. Mina/PHS (partlamamış hərbi sursat) Hadisəsi və Zərərçəkən haqqında Məlumatlar (10 nömrəli əlavə);
4.4.11. Partlamamış Tək Sursat Məlumatları (11 nömrəli əlavə)
4.4.12. Minatəmizləməyə dair Gündəlik Məlumatlar (12 nömrəli əlavə).
4.5. Bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş sahibə aid məlumatlar operator tərəfindən İnformasiya sisteminə daxil edilir.
4.6. İnformasiya sisteminə daxil edilməsi üçün natamam və ya təhrif olunmuş məlumatın təqdim edilməsində təqsirkar olan, məlumatların informasiya ehtiyatına və sisteminə daxil edilməsində təhrifə, saxtakarlığa yol verən, habelə informasiya ehtiyatında və sistemində olan informasiyanı qanunsuz məqsədlərlə istifadə edən və yayan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
5. Sahibin funksiyaları
5.0. İnformasiya sisteminin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı funksiyaları vardır:
5.0.1. aparılan minatəmizləmə prosesləri barədə məlumatları daxil etmək, məlumatları ümumiləşdirmək və məlumatların hesabatlı-lığının aparılmasını təmin etmək;
5.0.2. İnformasiya sisteminin idarə olunmasını təşkil etmək və İnformasiya sisteminin funksional imkanlarının artırılması istiqamə-tində tədbirlər görmək;
5.0.3. İnformasiya sisteminin formalaşdırılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
5.0.4. İnformasiya sisteminin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla (təşkilatlarla) əməkdaşlıq etmək;
5.0.5. İnformasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşları gücləndirilmiş elektron imza ilə təmin etmək;
5.0.6. İnformasiya sisteminə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görülməsinə, məlumatların aktuallığına, etibarlılığına, əlçatanlığına, tamlığına, konfidensiallığına, habelə onların ehtiyat surətlərinin saxlanılmasına və qorunmasına nəzarət etmək, informasiya təhlükəsizliyinin təmin olunmasında iştirak etmək;
5.0.7. tələb edilən sənədlər barədə məlumatlar dövlət informasiya ehtiyatında və sistemində olduqda, həmin məlumatların ilkin mənbədən əldə edilməsi üçün operatorla birlikdə tədbirlər görmək;
5.0.8. İnformasiya sisteminin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri sənədləri (məlumatları) əldə etmək üçün iştirakçılara sorğular vermək və həmin iştirakçılardan belə sənədləri (məlumatları) almaq;
5.0.9. iştirakçıların İnformasiya sisteminin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri sənədləri (məlumatları) onlara təqdim etmək.
6. Operatorun funksiyaları
6.0. İnformasiya sisteminin fəaliyyətini təmin etmək üçün operatorun aşağıdakı funksiyaları vardır:
6.0.1. aparılan minatəmizləmə prosesləri barədə məlumatları daxil etmək, öz fəaliyyətlərinə dair, habelə iştirakçılar tərəfindən İnformasiya sisteminə daxil edilən məlumatları ümumiləşdirmək və məlumatların hesabatlılığının aparılmasını təmin etmək;
6.0.2. İnformasiya sistemindən sərbəst və maneəsiz istifadəni, İnformasiya sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək, bu məqsədlə İnformasiya sisteminin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışları təşkil etmək həmçinin İnformasiya sistemindən istifadə zamanı yaranan nasazlıqları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görmək;
6.0.3. İnformasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqla-mentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilən tələblərə uyğun formada aparmaq, İnformasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahib və aidiyyəti dövlət qurumuna təqdim etmək;
6.0.4. İnformasiya sisteminin təhlükəsizliyi pozulduqda, əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdiyi halda qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün tədbirlər görmək, bu mümkün olmadıqda İnformasiya sisteminin ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək və belə hallar barədə sahibi məlumatlandırmaq;
6.0.5. iştirakçıların İnformasiya sisteminin fəaliyyətinin təmin edilməsi ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq;
6.0.6. İnformasiya sistemini EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsinin EHİS vasitəsilə həyata keçirilməsini təşkil etmək;
6.0.7. İnformasiya sistemində iştirakçılar tərəfindən məlumat-ların elektron kabinet vasitəsilə daxil edilməsi üçün texniki-texnoloji infrastrukuturu formalaşdırmaq;
6.0.8. İnformasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.0.9. İnformasiya sisteminə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlı-ğını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin “Hökumət buludu”nda saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün digər tədbirlər görmək;
6.0.10. İnformasiya sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, sahib və aidiyyəti dövlət qurumunun təklifi əsasında təkmilləşdirilməsinə dair profilaktik işlər aparmaq, zərurət yarandıqda İnformasiya sisteminin texniki parametrlərində dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
6.0.11. sahib və aidiyyəti dövlət qurumunun müraciəti əsasında normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
6.0.12. iştirakçıları İnformasiya sistemindən istifadə və onun funksiyaları ilə bağlı təlimatlandırmaq, maarifləndirmə və məlumat-landırma işləri aparmaq;
6.0.13. İnformasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin etmək üçün “Hökumət buludu”nun operatoru ilə birlikdə zəruri tədbirlər görmək.
7. İştirakçıların funksiyaları
7.0. İştirakçıların İnformasiya sisteminin fəaliyyətinin təmin edilməsi ilə bağlı funksiyaları aşağıdakılardır:
7.0.1. İnformasiya sisteminə bu Əsasnamənin 4.4-cü bəndində qeyd olunan məlumatları daxil etmək;
7.0.2. İnformasiya sisteminə daxil edilən sənədlərin (məlumat-ların) aktuallığını, tamlığını, etibarlılığını, dürüstlüyünü və konfidensiallığını təmin etmək;
7.0.3. İnformasiya sisteminin fəaliyyətində iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.0.4. İnformasiya sisteminə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
7.0.5. sahibin və operatorun sorğularını normativ hüquqi aktların tələblərinə uyğun olaraq cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri sənədləri (məlumatları) sahibə və operatora təqdim etmək;
7.0.6. sahibin və operatorun İnformasiya sisteminə daxil etdiyi və iştirakçıların bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları daim izləmək;
7.0.7. İnformasiya sisteminin fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək.
8. İnformasiya sistemindən istifadə
8.1. İnformasiya sistemindən istifadə internet informasiya ehtiyatı üzərindən həyata keçirilir. Həmin iştirakçılar Vahid Giriş Sistemi vasitəsilə qeydiyyatdan keçdikdən sonra İnformasiya sisteminə daxil olurlar.
8.2. Qeydiyyatdan keçən hər bir iştirakçıya İnformasiya sistemində avtomatik qaydada elektron kabinet formalaşdırılır. İştirakçılar elektron kabinetləri vasitəsilə bu Əsasnamənin 4.4-cü bəndinə qeyd olunan məlumatları İnformasiya sisteminə yerləşdirirlər.
8.3. Sahib tərəfindən iştirakçıların İnformasiya sisteminə giriş hüququ aşağıdakı hallarda məhdudlaşdırılır:
8.3.1. İnformasiya sisteminə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;
8.3.2. bu Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.