Gürcüstanın hansı addımlar atması onun suveren hüququdur
“Gürcü Arzusu–Demokratik Gürcüstan” Partiyası 2012-ci ildən hakimiyyətdədir. O vaxtdan bəri bir neçə dəfə parlament seçkiləri keçirilib. Hər dəfə də qalib gələn tərəf “Gürcü Arzusu” olub. Bu, gürcü xalqının siyasi iradəsini əks etdirməklə yanaşı, ölkədə daxili qarşıdurma yaratmaq, hakimiyyətə öz əlaltılarını gətirmək istəyən dairələrin planlanlarını iflası deməkdir. Həm də sülhə, sabitliyə və inkişafa verilən səslərdir. Bu və digər məsələlərə aydınlıq gətirmək üçün Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirovla həmsöhbət olduq.
– 26 oktyabr parlament seşkiləri əvvəlkilərdən nə ilə fərqləndi?
– Gürcüstanda parlament seçkiləri müstəqillik tarixində ilk dəfə elektron səsvermə yolu ilə keçirilib. Səslərin yoxlanılması və hesablanması cihazlarından istifadə edilib. Şəxsiyyəti təsdiq edən sənəd isə yoxlama aparatında yoxlanılıb. Seçki bülletenləri ilə bağlı da yenilik var. Onlar müəyyən edilmiş qaydalara uyğun seçilmiş mətbəələrdə çap olunub. Proses həm yerli, həm də beynəlxalq müşahidəçilər tərəfindən müşahidə olunub. Sonra bülletenlər zərflərdə yerləşdirilib və xüsusi aparatlarda sayılıb. Bu da, təbii olaraq, saxtakarlığın qarşısını alıb.
İkinci yenilik isə ölkə konstitusiyasındakı dəyişikliklərə müvafiq olaraq proporsional sistemin tətbiqidir. Yəni seçkilərdə iştirak edən siyasi partiyalar aldıqları səslərin sayına müvafiq mandat əldə ediblər. Qalib yenə də “Gürcü Arzusu–Demokratik Gürcüstan”dır. Bu partiya sübut etdi ki, proporsional sistemlə də qalib gələ bilər. İqtidar partiyasının 54 faizə yaxın səs toplaması bunun əyani göstəricisidir. Hazırda “Gürcü Arzusu”nun parlamentdə 89 deputat yeri var. Bu da parlament çoxluğu deməkdir. Müxalifət partiyaları isə 61 mandatla təmsil olunacaqlar.
– Parlament seçkilərində mütləq əksəriyyət, əslində, sülhü, ölkənin suverenliyini dəstəklədi. Borçalıda yaşayan azərbaycanlı seçicilər də fəal idilər.
– Gürcüstanın müstəqilliyi dövründə bu dərəcədə demokratik, real seçki kampaniyası keçirilməmişdir. Bu, gürcü xalqının və Gürcüstan vətəndaşlarının seçimi idi. Seçicilərin əksəriyyəti, 2012-ci ildə olduğu kimi, zorakalığa yox, qanunun aliliyinə, insan hüquqlarının pozulmasına yox, ədalətə səs verdilər. Saakaşvili dövründəki qanlı olaylara, günahsız insanların öldürülməsinə “yox!” – dedilər. Çünki Saakaşvili dövründə gürcü cəmiyyəti bunu yaşamışdı. Ölkəmiz 2008-ci ilin avqustunda Rusiya ilə ağılsız müharibənin qurbanı olmuş, milyardlarla dollar maddi ziyan çəkmiş, mənəvi sarsıntı keçirmişdi. Biz Gürcüstan vətəndaşları bunu yaşamış və görmüşük. Bunları təkrar yaşamaq istəmirdik.
“Gürcü Arzusu–Demokratik Gürcüstan” Partiyası 12 ildir ki, hakimiyyətdədir. Bu vaxt ərzində ölkədə ciddi iqtisadi dirçəliş baş verib, əhalinin sosial vəziyyəti yaxşılaşıb. İnsanlar azad nəfəs ala bilirlər.
Əlbəttə, seçkilərdə Gürcüstanda yaşayan azərbaycanlılar da fəal iştirak etdilər. Soydaşlarımız sülhə, inkişafa, ənənələrə və milli dəyərlərin təntənəsinə səs verdilər. Parlament seçkiləri bir daha göstərdi ki, biz Gürcüstan dövlətçiliyinin yanındayıq. Hesab edirəm ki, bundan sonrakı dövrdə Gürcüstanda sabitlik daha da möhkəmlənəcək və inkişaf daha intensiv xarakter alacaq.
– Hazırda Gürcüstanda etiraz dalğası, iğtişaşlar yaratmaq və inqilabi ssenarinin inkişafını nəzərdə tutan seçkilərin qeyri-legitim kimi tanınması prosesi müşahidə olunur. Müxalifət oktyabrın 28-də keçirilən etiraz mitinqində xarici müşahidəçilərin nəzarəti ilə təkrar parlament seçkilərinin keçirilməsini tələb ediblər.
– Çox sevindiricidir ki, parlament seçkilərinin nəticələri Qərbin bir çox dairələrininin müstəqiliyimizə yönəlmiş məkrli niyyətlərini pozdu. Ancaq onlar bu gün də ədalətli seçki kampaniyasına qarayaxmanı davam etdirir, müxalifəti qeyri-qanuni hərəkətlərə, seçkilərin nəticələrini tanımamağa səsləyirlər. Çox güman ki, müxalifət Vaşinqton və Brüsselin təhriki ilə kütləvi nümayişlər keçirməyə çalışacaq. Hadisələrin inkişafı isə bir sıra amillərdən asılıdır. Daha doğrusu, çox şey insanların mitinqlərdə necə hərəkət edəcəyi ilə bağlı olacaq. Əgər onlar sadəcə olaraq etirazlarını bildirsələr, o zaman heç bir problem meydana çıxmayacaq. Nəzərə alaq ki, Gürcüstan son illərdə müəyyən məsələlərə görə hakimiyyətdən narazı qalan, öz çətinliklərini küçələrdə həll etməyə çalışan vətəndaşların müntəzəm mitinqlərinə öyrəşib.Tbilisidəki Rustaveli prospekti uzun müddətdir ki, davamlı etirazların keçirildiyi məkana çevrilib. Mitinqlər qanun çərçivəsində təşkil ediləcəksə, onda heç bir ciddi qarşıdurma yaranmayacaq. Artıq Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında ilk etiraz aksiyası keçirib. Aksiya səbəbi ilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, təcili yardım maşınları cəlb olunub. Ümumilikdə, tədbir sakit məcrada keçib, ciddi qarşıdurma baş verməyib.
Əgər etirazçılar bundan sonra parlament seçkilərinin nəticələri ilə razılaşmadıqlarını bildirmək üçün yolları bağlamaqdan tutmuş, hökumət binalarına və polis əməkdaşlarına hücuma qədər az-çox zorakılıq üsullarından istifadə etsələr, təbii ki, hakimiyyət tərəfindən qəti cavab tədbirləri görüləcək.
Hakimiyyət isə hər iki ssenariyə hazırdır. Dövlət öz yerindədir və heç kimə konstitusiya quruluşunu sarsıtmağa imkan verməyəcək. Əminəm ki, müxalifət partiyaları uğur qazana bilməyəcəklər. Buna gücləri də yoxdur... Hakimiyyət isə seçkilərdə təkcə reallıqda deyil, Qərbin gözündə də qalib gəldiyi üçün, nəhayət, siyasi sahədə asayişi bərpa etmək və seçici saxtakarlığı ilə bağlı saxta ittihamlar yayanları məsuliyyətə cəlb etmək üçün əla fürsət qazanıb. Əminəm ki, bundan istifadə edəcək.
Ümumiyyətlə, xalq öz seçimini yaxşı bilir. Gürcüstanda parlament seçkiləri bir daha sübut etdi ki, suverenliyimizi, müstəqiliyimizi qoruyub saxlamağa qadirik. Mən əminəm ki Gürcüstanda təkrar parlament seçkiləri keçirilməyəcək. Qərbin fırıldaqları reallaşmayacaq. Bunun təminatçısı gürcü xalqıdır, Gürcüstan vətəndaşlarıdır!
– Ölkədə 2020 və 2021-ci il prosesləri təkrarlana bilərmi?
– Təbii ki, istər Avropa İttifaqı ölkələrində, istərsə də ABŞ-də seçkilər zamanı ciddi nöqsanlar olur. Biz onların daxili işlərinə müdaxilə etmirik. Demokratik cəmiyyətdə bu təbiidir. Əlbəttə, Gürcüstanda keçirilən parlament seçkilərində xırda qanun pozuntuları da oldu. Mərkəzi Seçki Komissiyası hesab edir ki, bu hallar heç bir şəkildə nəticəyə təsir göstərməyib. Əgər partiyalar seçkinin nəticələrinə etiraz etmək üçün əsasları varsa, müvafiq məhkəmələrə müraciət edə bilərlər. Belə olan halda qanunvericilik çərçivəsində ölcü götürüləcək.
Qeyd edim ki, sağlam düşüncəli xarici müşahidəçilər, ekspertlər seçki kampaniyasının normal və ədalətli şəkildə keçirildiyini vurğulayırlar. Mən bir daha əmin edirəm ki, ölkədə 2020–2021-ci illərdə baş verən proseslər təkrarlana bilməz. Gürcüstanda əhali etirazlardan yorulub və Rusiya ilə hərbi münaqişəyə risk etmək istəmir. Digər tərəfdən, müxalifət partiyaları arasında birlik yoxdur. Onları arxasınca aparan güclü lider də görünmür.
Bundan başqa, Gürcüstan vətəndaşları qarışıqlığı deyil, ölkənin inkişaf və tərəqqi yolunu dəstəklədilər. Zorakalıq, xaos, qarmaqarışıqlıq yoluna deyil, sülhə, sabitliyə və Gürcüstanın müstəqilliyinə səs verdi.
– Gürcüstanın Avropa İttifaqına üzvlüyü indiki şəraitdə nə dərəcədə realdır?
– “Gürcü Arzusu” partiyasının hakimiyyəti dövründə Avropa İttifaqına üzvlük məsələsində ciddi irəliləyiş oldu. Ölkəmiz 2014-cü ildə Avropa İttifaqı ilə assosiasiya və ticarət sazişi imzalayıb. 2017-ci ildə Avropa İttifaqı ilə vizasız rejim əldə edilib. Tbilisi 2023-cü ildə isə Avropa İttifaqına üzvlüyə namizəd statusu qazanıb və Avropa İttifaqı ilə sıx əməkdaşlıq yolunu davam etdirib. Ancaq Aİ-nin Gürcüstanın daxili işlərinə kobud surətdə müdaxilə etməsi və ölkəmizə qarayaxma kampaniyasına başlaması vəziyyəti dəyişdi. Bu, heç bir beynəlxalq hüquq və etik normalara sığışmır, çünki bu suverenliyimiz və müstəqilliyimizin əleyhinədir. Bizim yolumuz azadlıq, demokratiya və inkişaf yoludur. Gürcüstanın bu yolda hansı addımları atması onun suveren hüququdur.
Pünhan ƏFƏNDİYEV
XQ