Payız yoluxmaları ilə bağlı təşvişə səbəb yoxdur

post-img

Ölkəmizdə epidemioloji duruma nəzarət edilir

Havaların soyuması ilə xəstəliyə yoluxmalar çoxalıb. Tibb müəssisələrinə gedənlərin sayı da artıb. Bəzi xəstələr isə təbii üsullarla müalicəyə üstünlük verirlər. Öskürək, qızdırma, burun tutulması ilə müşayiət olunan yoluxmalar koronavirusun yeni mutasiyası, mövsümi qrip, yoxsa yeni bir virusdur? Bu sualla müraciət etdiyimiz Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov XQ-yə bildirdi:

– Yeni koronavirus infeksiyası, bildiyimiz kimi, vaxtaşırı dalğalanmalarla təzahür edir. Virusun mutasiyaya uğraması onun təbii təkamülü olub bütün dövrlərdə davam etməkdədir. Bu altnövlər, təxminən, eyni klinik əlamətlərlə müşayiət olunur. Onların hər biri digərindən yoluxuculuq sürətinə görə fərqlənsə də, immunkompetent şəxslərdə ağır xəstəliktörətmə potensialı kiçikdir. Çünki əhali əvvəllər kütləvi şəkildə bu infeksiyanı keçirib və vaksinasiya olunub. Ona görə, epidemioloji vəziyyəti izləyən mütəxəssislər bir o qədər də narahat deyillər. Yalnız risk qruplarına aid insanlar diqqətli olmalı, profilaktik tədbirlərə ciddi əməl etməlidirlər.

Hazırda bir çox, o cümlədən bizə qonşu olan ölkələrdə yayılan viruslar Omikron ştamının FLIRT, XEC və bu kimi altnövləridir. Müəyyən edildiyi kimi, XEC variantı, əsasən, yuxarı tənəffüs yollarını zədələyir, xəstələrdə ümumi halsızlıq, oynaq və əzələ ağrıları, öskürək, boğaz ağrısı, burun tutulması və s. kimi əlamətlərlə təzahür edir. Bir çox alimlər həmin növün məhz bu payız–qış aylarında əksər ölkələrdə “dominantlıq” edəcəyini, lakin yeni koronavirusla ümumi xəstələnmə hallarının səviyyəsinin 2023-cü ilin qış fəslində olduğundan fərqlənməyəcəyini proqnozlaşdırırlar.

– Ölkəmizdə vəziyyət necədir? Yoluxmalar nədən xəbər verir?

– Azərbaycana gəldikdə, onu demək olar ki, vaxtaşırı çox cüzi dalğalanmalar olsa da, hazırda yoluxmalarla bağlı diqqət çəkən artımlara rast gəlinmir. Epidemioloji durum qənaətbəxş hesab edilir və nəzarət olunandır. Bu infeksiyadan qorunma üsulları digər hava-damcı infeksiyaları zamanı (kəskin respirator virus infeksiyaları, qrip) tətbiq olunan vasitələrlə eynidir. Xüsusi olaraq risk qrupuna daxil olan insanların –hamilə qadınların, immundefisitli, mərkəzi sinir sistemi, qaraciyər, böyrək, onkoloji, xüsusən tənəffüs sisteminin xroniki xəstəlikləri və metabolik pozğunluqları, məsələn, şəkərli diabeti, ağır xroniki xəstəliyi olanların, ahıl şəxslərin daha ehtiyatlı olmaları tövsiyə olunur.

Müxtəlif alimlər tərəfindən koronovirus ştamlarına qarşı tətbiq edilən peyvəndlərin yeni yaranmış ştamlara qarşı da müəyyən qədər təsirli olması barədə ehtimallar səslənir. O cümlədən, COVID19-un müalicəsində istifadə edilən antiviral preparatların yeni altnövlərin müalicəsində də təsirli olması qeyd olunur. Bildirilir ki, məcburi maska taxma dövrü arxada qalmışdır. İnsanların xəstələnmə riskini azaltmaq üçün maskanın qapalı yerlərdə taxılması və xəstələndikdə başqalarını yoluxdurmamaq üçün onların evdə qalması arzuolunan hesab edilir.

– Yoluxan insan hansı müalicədən istifadə etməyi necə müəyyənləşdirsin?

– Xəstəlik əlamətlərinin səciyyəsinə görə, hazırkı koronavirus infeksiyasını KRVİ-dan (kəskin respirator virus infeksiyalarından) ayırmaq mümkün deyil. Lakin onu da vurğulamaq lazımdır ki, yuxarıda qeyd olunan xəstəlik əlamətləri hazırda mövsümi kəskin respirator virus infeksiyaları ilə də əlaqədar ola bilər. Yəni oxşar simptomlarla müraciət edən şəxslərdə qeyd olunan fərqli infeksiyalar təsdiqlənə bilir. Konkret xəstəlik halında bunun hansı infeksiya olduğunu yalnız spesifik müayinələr aşkar edə bilər.

Kəskin respirator virus infeksiyaları xeyli çoxdur. Bunların arasında fəsillə bağlı qrip nisbətən daha təhlükəlidir, ağırlaşmalar və xoşagəlməz nəticələri ilə fərqlənir. Bu infeksiyalardan qorunma yolları, əsasən, qeyri-spesifikdir və hava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün ümumidir.

– Alış-veriş mərkəzləri, nəqliyyat kimi qapalı məkanlarda necə qorunaq?

– Qripə qarşı spesifik və təsirli qorunma vasitəsi vaksinasiyadır. Hər il sentyabr–oktyabr aylarında dövriyyədə olan fəslə uyğun qrip viruslarına qarşı olunan peyvənd həmin şəxsi növbəti vaksinasiyayadək qoruyur.

Ölkəmizdə hər il Səhiyyə Nazirliyinin dəstəyi ilə bu tip peyvəndlər gətirilərək ambulator-poliklinik müəssisələrə paylanılır və qripə qarşı vaksinasiyanın əhali, birinci növbədə, risk qrupları arasında aparılmasına çağırışlar edilir. Yadda saxlamaq lazımdır ki, yalnız vaxtında edilmiş peyvənd bir çox xoşagəlməz fəsadların və ağır nəticələrin qarşısını ala bilər. Qapalı məkanlara girərkən, mümkün qədər, maskadan istifadə etmək də təsirli ehtiyat tədbirlərindən biridir.

– Açıqlama və məsləhət üçün təşəkkür edirik.

Zərifə BƏŞİRQIZI
XQ



Müsahibə