Derviş Eroğlu: Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün türk dünyasının yaddaşında əbədi yaşayacaq böyük liderdir

post-img

Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün türk dünyasının taleyində mühüm rol oynamış böyük dövlət xadimi idi.

Bunu AZƏRTAC-a açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) 3-cü prezidenti Derviş Eroğlu deyib.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ilə bağlı xatirələrini bölüşən D.Eroğlu qeyd edib ki, Ulu Öndərlə ilk tanışlığı özünün baş nazir olduğu dövrə təsadüf edib. Sonrakı illərdə isə aralarında səmimi dostluq münasibətləri yaranıb: “Türk dövlətləri qurultaylarında Ulu Öndər Heydər Əliyevlə yaxından işləmək imkanımız oldu. Mən onu baş nazir olduğum dövrdə tanıdım. Qısa zamanda aramızda çox səmimi dostluq yarandı. Heydər Əliyev türk dünyasının birliyi məsələsinə böyük önəm verirdi. O dövrdə Azərbaycan və Türkiyə münasibətlərini "Bir millət, iki dövlət" kəlamı ilə dünyaya tanıdan məhz Heydər Əliyev idi. Bu gün isə onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev sayəsində ŞKTC ilə Azərbaycan arasında yaxın münasibətlər daha da güclənib. Əgər bu gün “Bir millət, üç dövlət” deyə biliriksə, bunun təməlini qoyan yenə də Ulu Öndər Heydər Əliyevdir”.

Derviş Eroğlu bildirib ki, Heydər Əliyevin liderlik xüsusiyyəti onun xalqına olan sevgisi və azadlıq ideallarına bağlılığı idi: “Heydər Əliyev sovet dövründə əldə etdiyi bütün təcrübə və uğurları öz xalqının rifahı, azadlığı və müstəqilliyi üçün istifadə etdi. O, xalqını sevən və onun gələcəyini düşünən lider idi. Azadlıq və müstəqillik onun üçün müqəddəs anlayışlar idi. Prezident İlham Əliyevin bu mirası layiqincə davam etdirdiyini görmək olduqca qürurvericidir. Azərbaycan hər keçən gün daha da inkişaf edir, güclənir və türk dünyasında mühüm mövqeyini qoruyur. Eyni zamanda, ŞKTC-yə göstərilən yaxın münasibət və dəstək də bizim üçün son dərəcə qiymətlidir”.

“Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün türk dünyasının yaddaşında əbədi yaşayacaq böyük liderdir. Onun idealları və dövlətçilik baxışı gələcək nəsillərə yol göstərməyə davam edəcək. Allah rəhmət eləsin, ruhu şad olsun!", - deyə sabiq prezident fikirlərini tamamlayıb.

Siyasət