Tarix təkcə keçmiş hadisələrlə yadda qalmır, həm də həmin hadisələri yaradan böyük şəxsiyyətlərin böyüklüyünü yaşadır. Elə insanlar var ki, onların adı əbədiyyətin simvoluna çevrilir, gördükləri fövqəl işlər isə zamanın yaddaşında silinməz iz buraxır.
Belə şəxsiyyətlərin doğum günləri xalqın qəlbində ehtiramla xatırlanan, mənəvi dəyər qazanan xüsusi gün kimi yaşayır. 10 may tarixi də Azərbaycan xalqı üçün məhz belə əlamətdar günlərdən biridir. Bu gün ölkəmizin hər yerində hörmət və ehtiram hissi ilə xatırlanır, sevgi və şükranlıqla qeyd olunur. Çünki bu tarix müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dövlətçiliyimizin və müstəqilliyimizin qorunub saxlanılması yolunda misilsiz xidmətlər göstərmiş Ümummilli lider Heydər Əliyevin doğum günüdür.
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini tarixi sınaqlardan çıxaran böyük şəxsiyyətdir. Hamının bildiyi bir həqiqət ondan ibarətdir ki, onun qətiyyəti və güclü siyasi iradəsi olmasaydı, müstəqil Azərbaycan dövləti bu gün mövcud olmazdı. O dövrdə ölkəmiz ciddi təhlükələrlə üzləşmiş, ağır dövlətçilik böhranı yaşamış, taleyimiz isə böyük suallar qarşısında qalmışdır. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider ölkəni dağılma və xaos təhlükəsindən xilas etdi, vətəndaş müharibəsinin qarşısını aldı, sabitlik yaratdı və inkişaf yolunu müəyyənləşdirdi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan adlı müstəqil dövlət möhkəmləndi və öz dayaqlarını formalaşdırdı. Milli həmrəyliyin təmin olunması istiqamətində mühüm addımlar atan Heydər Əliyev dövlət idarəçiliyində sabitlik yaratdı, ölkənin siyasi və iqtisadi müstəqilliyini gücləndirdi.
Eyni zamanda, demokratik cəmiyyətin formalaşması üçün konstruktiv yanaşma nümayiş etdirərək, ölkədə fikir plüralizminin inkişafına xüsusi diqqət yetirdi. Cəmiyyətdə müxtəlif baxışların sərbəst ifadəsinə şərait yaradılması, vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində mühüm islahatlara start verdi. Siyasi, iqtisadi islahatlarla yanaşı, təhsil sahəsində də genişmiqyaslı islahatlar həyata keçirildi. Təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin müasir biliklərə yiyələnməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyası istiqamətində mühüm addımlar atıldı. Yeni təhsil strategiyaları formalaşdırıldı, ali və orta ixtisas təhsil müəssisələrinin inkişafına diqqət artırıldı, savadlı və bilikli gənc nəslin yetişdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bütün bu addımlar Azərbaycan cəmiyyətində siyasi mədəniyyətin yüksəlməsinə, idarəetmədə şəffaflığın artmasına, vətəndaşların dövlət proseslərində daha fəal iştirakına və ölkənin hərtərəfli inkişafına zəmin yaratdı. Bunun nəticəsində Azərbaycan beynəlxalq aləmdə tanınan, mövqeləri möhkəmlənən və nüfuzu artan bir dövlətə çevrildi.
Məhz Ulu öndərin rəhbərliyi ilə ayrı-ayrı qrupların əlində müstəqilliyimiz üçün təhdid olan hərbi birləşmələr ləğv olunaraq vahid nizami ordu yaradıldı. Elə bir ordu yaratdı ki, tariximizin ən qüdrətli sərkərdəsi ilə həmin ordu Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək Azərbaycanı bütövləşdirdi. Haqqında əfsanələr dolaşan, həsəd aparılası Azərbaycan Ordusunu məhz böyük lider yaratmışdı. Ona görə biz dövlət və vətəndaş olaraq hər bir uğurumuzda Ümummilli liderin böyüklüyünü görürük. Bu möhkəm təməl üzərində formalaşan ordu sonrakı illərdə daha da gücləndirildi, müasir texnologiyalarla təchiz olundu və yüksək peşəkarlıq səviyyəsinə çatdırıldı. Bu siyasətin uğurlu davamçısı olan Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü islahatlar nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi. Hər bir azərbaycanlı yaxşı anlayır ki, müstəqil dövlətimizin gücü, sabitliyi və əldə etdiyi qələbələr Ulu öndər tərəfindən qoyulan siyasi kursun və dövlətçilik fəlsəfəsinin məntiqi nəticəsidir. Bu irs həm də gələcəyin təminatıdır və Azərbaycanı daha böyük uğurlara aparan əsas yol xəritəsidir.
Bu gün ölkədə mövcud olan dövlətçilik modeli, sabit ictimai mühit və formalaşmış beynəlxalq nüfuz onun müəyyən etdiyi strateji istiqamətin nəticəsidir. Buna görə Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində təkrarsız siyasi lider, bütöv bir dövlətçilik düşüncəsinin əsasını qoyan dahi azərbaycanlı kimi sevilir, adı ehtiramla çəkilir. 10 may tarixini biz azərbaycanlılar yalnız doğum günü kimi qəbul etmirik. Bu gün xalqın öz liderinə bəslədiyi hörmətin, minnətdarlığın və onu yaddaşında yaşatmaq istəyinin ifadəsidir. Zaman keçdikcə Ulu öndər müqəddəslik simvolu kimi hər an xatırlanır. Onun ideyaları və fəaliyyəti yeni nəsillər üçün istiqamət verir, gələcəyə aparan yolda bələdçi rolunu qoruyur.
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti


.jpeg)