“Təhlükənin kulminasiya nöqtəsi”

post-img

“Gilavar Foto Klubu” İctimai Birliyinin mina qurbanlarına həsr olunmuş “Təhlükənin kulminasiya nöqtəsi” layihəsinin bağlanış mərasimi keçirilib.

Qonaqlar əvvəlcə “Düyməni sıxan ayaqlar” adlı fotosərgiyə baxıblar.

Sonra, qurumun idarə heyətinin sədri Rəşad Mehdiyev layihə haqqında geniş məlumat verdi. Bildirdi ki, layihənin məqsədi cəmiyyəti mina təhlükəsi ilə bağlı maarifləndirmək və bəşəriyyətə bununla bağlı mesaj ötürməkdir: “Bu fotoları ürək ağrısı və göz yaşı ilə çəkmişik. Onlarla ünsiyyət quranda belə həyəcanlanmamaq, yaşadığı iztirabları duymamaq mümkün deyil. Gəlin, belə kateqoriyadan olan insanlara qayğı və həssaslıqla yanaşaq”.

Daha sonra, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi Bişnu Mahat çıxış edərək mina təhlükəsinə qarşı mübarizənin gücləndirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Çıxışların ardınca mina terrorunun qurbanları öz hekayələrini tədbir iştirakçıları ilə bölüşüb.

Sonda mina təhlükəsi ilə bağlı hazırlanmış videoçarxlar və Çexiyanın paytaxtı Praqa şəhərində mina qurbanlarına həsr olunmuş fotosərgidən kadrlar nümayiş olunub. Yeri gəlmişkən, “Düyməni sıxan ayaqlar” adlı ilk sərgi Praqanın Qədim Şəhər Meydanında təşkil olunub. Çoxlu sayda turist və yerli sakin sərgini ziyarət edə bilib.

Məlumat üçün bildirək ki, layihə mina hadisələrinin tez-tez baş verdiyi bölgələrdə və cəbhəyanı ərazilərdə həyata keçirilir. Layihə iştirakçıları tərəfindən həmin ərazilərə səfərlər edilir, müxtəlif dövrlərdə mina partlayışları nəticəsində zərərçəkmiş insanlarla görüşlər keçirilir.

Fidan SALMANOVA
XQ



Sosial həyat