Özü də şəhidin adını daşıyır
Paytaxt çoxminli qonaqlarını gözləyir. Bununla bağlı mərkəzdə geniş abadlıq, təmizlik işləri görülür. Şəhər ətrafının problemlərinin həlli ilə bağlı davamlı layihələr də gerçəkləşdirilir. Bütün bunlar sevindirici olduğu kimi, nöqsanlar, çatışmazlıqlar da bir o qədər təəssüf və narazılıq doğurur.
Sabunçu sakinlərinin rahatlığını pozan nöqsanlardan biri qəsəbənin bir çox küçələrinin bərbad, tör-töküntü, toz-palçıqlı durumudur. İllərdən bəri asfalt örtüyə həsrət qalan küçələr bu yerin qəsəbə olduğuna şübhə yaradır. Böyük, izdihamlı bir küçə isə şəhid Elşən Mehdiyevin adını daşıyır.
Vaxt var idi ki, Elşən də yaşıdları kimi bu toz-torpaqlı yollarla məktəbə getmək məcburiyyətində qalmışdı. Lakin onun ürəyində Vətən torpağı qədər böyük sevgi var idi. Elə o ruhla da Qarabağ savaşında igidlikləri ilə şəhadətə qovuşdu. Elşənin böyüdüyü məhəllə şəhid övladları ilə fəxr edir, onunla öyünür. Elşənin adı yaşadığı əraziyə veriləndən sonra isə sakinlər düşündülər ki, əlaqədar təşkilatlar, nəhayət, insafa gəlib şəhidin adına layiq abadlıq işləri görəcəklər.
Küçə sakinləri nə vaxtdır ki, yola asfalt salınacağını, ərazinin abadlaşacağını gözləyirlər. Bu günlərdə yağan leysan yağışın fəsadlarına – gölməçələrə, palçıq yığnağına baxanda ilk yada düşən belə bir sual olur:
– Xalqımıza igid bir oğul vermiş məhəllənin sakinləri belə bir narahatlığa, diqqətsizliyə layiqdirlərmi? Axı burada Elşənin doğmaları, dostları, onu sevənlər yaşayır. Bir də burada sabahın Elşən kimi övladları böyüyürlər.
Nəhayət, Bakının gözəlliyinə, səliqə-sahmanına heyran qalan qonaqlardan birinin yolu bu baxımsız məhəlləyə düşərsə... Sabunçu rayonunun məsul şəxsləri, heç olmasa, bunu düşünsünlər.
Kəmalə ABDİNOVA
XQ