İsrailin İrana hərbi zərbəsi

post-img

Yaxud növbəti hərbə-zorbası

Dünən sübh tezdən ekspertlərin çoxdan gözlədikləri hadisə baş verib: İsrail İran ərazisinə qırıcı təyyarələr və ballistik raketlərlə davamlı zərbələr endirib. Hava zərbələri gün ərzində bir neçə dəfə təkrar olunub.

İran tərəfi aviazərbələrin böyük əksəriyyətinin havada zərərsizləşdirildiyini bildirib. Buna baxmayaraq, dağıntı və itkilərin olduğu etiraf olunur. Görünən budur ki, regionda ağır və üzücü müharibə alovlanmağa başlayıb.

Qeyd edək ki, dünən günün erkən saatlarında İsrailin Müdafiə Ordusunun mətbuat xidməti “Teleqram” kanalında belə bir məlumat yayıb: “İran rejiminin İsrail dövlətinə qarşı aylarla davam edən hücumlarına cavab olaraq, hazırda İsrail İrandakı hərbi obyektlərə dəqiq zərbələr endirir”.

Xatırladaq ki, bu il oktyabrın 1-də HƏMAS hərəkatı, Livanın “Hizbullah” təşkilatı və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Silahlı Qüvvələrin elit hissələri) rəhbərliyindəki şəxslərin öldürülməsinə cavab olaraq, İran Ordusu İsrail ərazisinə kütləvi raket zərbələri endirib. Təl-Əviv bunu cavabsız qoymayacağını bildirmişdi.

İsrail–İran qarşıdurması indi qlobal medianın əsas mövzusudur. ABŞ-nin “Axios” portalı yerli mənbələrə istinadən bildirib ki, İsrail şənbə günü səhər tezdən İrana hücum edib. Bundan əvvəl “Tasnim” agentliyi Tehranda partlayış səslərinin eşidildiyini xəbər verib. Bir çox mətbu nəşrlər qeyd ediblər ki, İran İslam Respublikasının paytaxtı Tehranda ağır partlayışlar və dağıntılar olub.

İran ordusunun məlumatına görə, İsrail Tehranda, eləcə də Xuzistan və İlam əyalətlərində bir neçə hərbi mərkəzə aviazərbələr endirib. İsrailin gecə saatlarında İrana hücumu zamanı iki hərbçi həlak olub. Dünən gün ərzində yayılan başqa bir xəbərdə isə deyilir ki, İranın cənub-şərqində baş verən hücumda 10 iranlı sərhədçi öldürülüb.

“Mehr” və “Tasnim” xəbər agentlikləri hücumun necə həyata keçirildiyini açıqlamadan bildiriblər ki, sərhədçilər Taftan mahalında hərbi maşınlara edilən hava hücumu zamanı öldürülüblər.

NBC telekanalının məlumatına görə, İsrailin Tehrana hücumunun hədəfi, ilk növbədə, hərbi obyektlər və silah anbarları ola bilər. Bu arada məlum olub ki, Tehranın cənubundakı Şəmsabad sənaye şəhərində yerləşən “Taksaz” hərbi zavodu İsrail ordusunun hücumuna məruz qalıb. Bu barədə “Azad İran” kanalında məlumat verilib. Hücumdan sonra bölgəyə bütün giriş yolları bağlanıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

İran Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir ki, Tehranın BMT Nizamnaməsi əsasında özünü digər ölkələrin “aqressiv hərəkətlərindən” müdafiə etmək hüququ və öhdəliyi var.

Bu arada İsrailin şimal bölgələri Livan ərazisindən yenidən atəşə tutulub. Bildirilib ki, Livan ərazisindən, təxminən, 15 raket atılıb və buna görə Qərbi Qalileyanın bəzi ərazilərində hava hücumu xəbərdarlığı elan edilib. “Mərmilərin bir hissəsi zərərsizləşdirilib”, – deyə məlumatda qeyd olunub. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

“Hizbullah” hərəkatı isə İsrailin şimalında “Mossad” kəşfiyyat xidmətinin qərargahına zərbə endirib. Bu barədə xəbərdə qeyd edilir ki, İraq İslam Müqaviməti Hərəkatının döyüşçüləri Səfad şəhərində Mişar bazasına – İsrailin şimal bölgəsi üzrə əsas kəşfiyyat qərargahına bir neçə raket atıb.

Bir sözlə, İsraillə onun barışmaz rəqibi İran arasında ağır silahlı münaqişənin yeni, daha kəskin mərhələsi başlanıb. Hadisələrin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyini proqnozlaşdırmaq çətindir.

M.HACIXANLI
XQ

Dünya