Ölümcül hantavirus infeksiyasının yayıldığı "MV Hondius" kruiz gəmisinin bütün sərnişinləri profilaktik məqsədlə yüksək riskli təmasda olan şəxslər hesab olunur.
Bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) gəminin İspaniyanın Tenerife adasında lövbər salması ərəfəsində yayımladığı operativ tövsiyələrdə bildirilib.
Məlumata görə, xəstəlik əlamətləri olmayan sərnişinlər xüsusi təşkil olunmuş nəqliyyat vasitələri ilə öz ölkələrinə qaytarılacaq və daha sonra özünü təcrid etməlidirlər. Onların daşınması üçün adi kommersiya reyslərindən istifadə nəzərdə tutulmur.
Bildirilir ki, ölkələr Qrinviç vaxtı ilə təxminən saat 06:30–07:00 radələrində vətəndaşlarının "MV Hondius" gəmisindən təxliyəsinə başlayacaqlar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, gəmidə səkkiz nəfər xəstələnib, onlardan üçü həyatını itirib. Ölənlər arasında Niderlanddan olan ər-arvad və Almaniya vətəndaşı var. Xəstələnənlərdən altısında hantavirus laborator şəkildə təsdiqlənib, daha iki hal isə şübhəli hesab olunur.
ECDC vurğulayıb ki, gəmidən enən bütün sərnişinlər yüksək riskli təmasda olan şəxslər kimi qiymətləndiriləcək. Bununla belə, onların yaşadıqları ölkələrə qayıtdıqdan sonra aparılacaq tibbi qiymətləndirmənin nəticələrinə əsasən bu status yenidən nəzərdən keçirilə bilər.
Xəstəlik simptomları müşahidə olunan sərnişinlərin müayinə və testlərə cəlb edilməsi tövsiyə olunur. Vəziyyətlərindən asılı olaraq onlar Tenerifedə təcrid oluna və ya tibbi nəzarət altında öz ölkələrinə təxliyə edilə bilərlər.
Hantavirus əsasən gəmiricilər vasitəsilə insanlara ötürülür. İnsandan insana yoluxma halları isə nadir qeydə alınır. Sanitariya xidmətlərinin qiymətləndirməsinə görə, infeksiyanın geniş yayılma riski hazırda aşağı səviyyədə qalır.

