Ədəbiyyatımız milli kimlik kitabımızdır

post-img

Müsahibimiz AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir

– Teymur müəllim, siz elmi yaradıcılığınızı klassik Azərbaycan ədəbiyyatının öyrənilməsinə və təbliğinə həsr etmisiniz. Sizin bu sahəyə belə dərin bağlılığınız haradan və nədən qaynaqlanır?

– Atam sovet dövrünün ilk illərində əski əlifba ilə təhsil almışdı. Evimizdə Sabirin ərəb qrafikası ilə çap olunmuş “Hophopnamə”si də vardı. Mən həmişə bu kitabı əlimə alaraq vərəqləyir, buradakı şəkillərə maraqla baxırdım. Amma kitabı oxuya bilmirdim. Atamdan soruşurdum ki, burada nə yazılıb? Onun mənə dediklərini əzbərləyirdim. Eyni zamanda, mən bu əlifbanı da öyrənib tam mənimsədim.

Beləcə, atam ilk müəllimim oldu. Əski əlifbanı biləndən orta məktəb illərindən məndə klassik ədəbiyyata böyük bir maraq yarandı. Anam isə şifahi xalq ədəbiyyatını mükəmməl bilirdi. Sinədəftər idi. İnanın, ömrünün sonuna kimi onun yaddaşı korşalmamışdı, mən ona qibtə edirdim. Cəmi bir dəfə eşidib, dinlədiyi şeirləri əzbər deyirdi.

Klassik irsə məndə məhəbbəti atam aşılamışdısa, poeziyaya, mənzum sözə sevgini anamdan öyrənmişdim. Ədəbi-bədii sözün qüdrətinə tapınan valideynlərimin sayəsində ədəbiyyat mənim həyatımın mənasına çevrildi, ruhuma qida gətirdi. Hiss etdim ki, ədəbiyyat mənim yol yoldaşım olacaq. Ona görə də mən ədəbiyyatın, ədəbiyyatşünaslığın ardınca getdim. Əski əlifbanı bilməyimlə klassik ədəbiyyatın qapılarını aça bildim. Tələbə yoldaşlarım əski əlifbanı öyrənməyə başlayanda, mən artıq xalq dili ilə desək, bu əlifbanı “su kimi içirdim”.

– Söz ki, tələbəliyinizdən düşdü, müsahibələrinizdə dəfələrlə qeyd etmisiz ki, Bakı Dövlət Universitetində sizə görkəmli alimlər, nüfuzlu ziyalılar dərs deyiblər...

– Universitetin filologiya fakültəsində bizə dərs deyən müəllimlər, sözün həqiqi mənasında, dahi pedaqoqlar idilər. Ruhumuzu elmə bağlayan bu insanlar auditoriyaya girəndə elə bir əhval-ruhiyyə yaradırdılar ki, biz tələbələr uzun zaman onların söhbətlərinin, mühazirələrinin təsiri altında olurduq.

Bəxtimiz onda gətirmişdi ki, klassik ədəbiyyatın biliciləri bizə dərs deyirdi. İlk dərs günümüzdə professor, yazıçı Mir Cəlal müəllim otağa girdi. Qarşımızda ağır təbiətli, sanballı görünüşlü müəllim dayanmışdı. Bütün tələbələr kimi, mən də sevgi ilə onun dediklərinə qulaq asır, bir kəlməsini belə buraxmaq istəmirdim. Belə bir canlı klassikin auditoriyaya girməsi, tələbələrlə söhbət etməsi bizə bir möcüzə kimi görünürdü.

Bax, belə bir yüksək mənəvi mühitdə yetişdik. Məhz bu mühitdə filologiya sahəsində istedadlı alimlər dəstəsi yarandı. Həmid Araslı, Məmməd Arif, Məmməd Cəfər, Abbas Zamanov kimi nurlu pedaqoqların sayəsində biz gənclər elmi yaradıcılığa üz tutduq.

– Lakin o illərdə aspiranturaya daxil olmaq o qədər də asan olmayıb...

– Aldığımız filoloji bilikləri inkişaf etdirməli idik. Elə bu arzu ilə də aspiranturaya gəldik. Bir yerə 17 nəfər ərizə vermişdi. Bizim dövrümüzdə elmə güclü axın var idi. Aspiranturada oxumaq üçün isə müsabiqə böyük olurdu. Elmin gücü, mən deyərdim ki, bundadır, rəqabətdədir. Çox təəssüf ki, indi belə müsabiqələr görmürük. Tələbə yoldaşım, professor Vilayət Quliyevlə hər 3 fəndən əla qiymət almışdıq. Əski əlifbanı bildiyimə görə məni götürdülər və dedilər ki, 6 aydan sonra Vilayət Quliyevi imtahansız qəbul edəcəyik.

Beləliklə, əski əlifbanı bildiyim üçün mənə Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı mövzu təklif olundu. Nizamişünaslığın korifeylərindən biri olan Azadə xanım Rüstəmovanın rəhbərliyi altında Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında namizədlik dissertasiyamı işləməyə başladım. Mən Azadə xanımın ilk aspirantı idim. Çalışırdım ki, onun etimadını doğruldum. Azadə xanım istedadlı gənclərə himayədarlıq edirdi, belə böyük ürək sahibi olmaq hər kəsə nəsib olmur.

Gecə-gündüz M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında işləyirdim. Klassik ədəbiyyatın məxəzlərini oxuyurdum. Beləliklə, mən dissertasiyamı uğurla müdafiə edib, alimlik dərəcəsi qazandım.

Bütün bunları bu gün deməkdə məqsədim odur ki, elm yolunda fədakarlıq və gördüyün işə sonsuz məhəbbət olmalıdır. Elm zəngin mənəviyyatlı, təkəbbürsüz insanları sevir.

– Sizin namizədlik və doktorluq dissertasiyalarınız da dahi Nizami Gəncəvi yaradıcılığına həsr olunub.

– Əvvəl Nizamidən başlayaq. Nizami elə bir yüksək əxlaqlı şəxsiyyət olub ki, xalq ona Şeyx Nizami, loğman, həkim deyə müraciət edib. Bu, əsl filosofa verilən qiymətdir. Nizami nə qazanıbsa, öz həyat tərzi ilə qazanıb, heç kimə qismət olmayan və qibtə edilən yüksəklikləri fəth edib. Nizamidən sonra nə qədər yazan olsa da, heç kim onun mərtəbəsinə çata bilməyib. Onun əsərləri 850 ildən çoxdur ki, bütün dövrlərlə səsləşir. Nizami dünya ədəbiyyatına ilk dəfə olaraq demokratizm gətirib, humanizmi təbliğ edib, insanın dəyərini, böyüklüyünü verib. O öz xalqını çox yüksək tərənnüm edib, türklüyünü yenilməzliyi ilə təsdiq edib. Türkün qüdrəti Nizaminin simasında bütün dünyada təcəssümünü tapıb.

Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsərində bu fikirlər dərin və geniş təhlil olunub. Təsəvvür edin ki, Nizamidən sonra davamçıları olan 500-dən çox şair onun əsərlərinə nəzirələr yazıb. Onların arasında özbək şairi Əlişir Nəvai Nizamiyə məhəbbətini hədsiz heyranlıqla ifadə edib: “Yüz əsr gəlib-getsə belə, Nizaminin yaratdığı xəzinəni heç kim çəkə bilməz”. Professor Azadə Rüstəmova, akademik Həmid Araslı və başqaları da Nizami yaradıcılığındakı türklüyü tədqiq ediblər. Dahi şairin türklük sevgisinin bariz nümunəsi olan əsərlərinin əsasında elmi-tədqiqat işləri genişləndirilib.

Bu gün də gənc aspirantlara Nizami irsini araşdırmağı tövsiyə edirik. Çünki Nizami yaradıcılığında açılmamış qapılar çoxdur. Avropada belə bir termin var: “Kod Da Vinçi”. Nizamidə bəlkə minlərlə, yüzlərlə belə “Kod Nizami” var. Onları açmaq lazımdır. Nizami kimi dahilər dünya ədəbiyyatında barmaqla sayılır. Bununla biz fəxr etməliyik. Dünya ədəbiyyatı xəzinəsinin inciləri sırasında Nizaminin əsərləri ölçüyəgəlməz dərəcədə bəşəri ideyaları ilə təkrarsızdır. Elə ona görə də dünya universitetlərində Nizami irsi tədqiq olunur.

Biz “Qılınc və qələm”in qalibiyyətinə imza atan xalq kimi Nizami ilə öyünməliyik. 44 günlük Vətən müharibəsində 30 illik həsrətimizin ağrı-acısını dalğalanan bayraqlarımızla yaralarımıza məlhəm edən qəhrəman oğullarımızın mənəvi qidası mən deyərdim ki, klassik irsimiz – Nizami, Nəsimi, Füzuli kimi söz, qüdrət sahiblərinin məfkurə iksiri ilə yoğrulmuşdur.

– Ulu öndər Heydər Əliyevin klassik irsimizin təbliğ olunması istiqamətində xidmətləri ilə bağlı da geniş araşdırmalar aparmısınız...

– “Heydər Əliyev və klassik irs” mövzusunda yazdığım kitabımı da sevgi ilə qələmə almışam. Müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycan klassik ədəbiyyatının misilsiz incilərinin xalqımıza təbliğ olunması yolunda çəkdiyi zəhmət sonsuzdur. Xalqın mənəvi köklərinə bir dövlət xadiminin xidmətləri bu baxımdan araşdırılıb, bütün incəlikləri ilə bugünkü və gələcək nəsillərə çatdırılmalıdır. Mən də elmin bir cəfakeşi kimi belə bir zəhmətə qatlaşmaqdan qürur hissi keçirdim.

Dahi rəhbərin çıxışlarını, nitqlərini araşdırmağa başlayanda gördüm ki, 1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyi ərəfəsində Heydər Əliyev Sov. İKP MK-da məsələ qaldırıb ki, dahi söz ustadının yubileyi keçirilsin. Lakin Mərkəzi Komitənin o vaxtkı rəhbərlərindən olan Mixail Suslov etiraz olaraq bildirib ki, 840 illik yubiley deyil. Cəsarətli çıxışı ilə onu susduran Heydər Əliyev deyib ki, Nizami Gəncəvi bütün dünyaya məxsus bəşəri əsərlər yaratdığına görə onun yubileyi hər il keçirilməlidir. Bəli, o, Azərbaycan şairidir. Amma onun yaratdıqları bütün dünyanın sərhədlərini maneəsiz aşıb keçib, çünki o dahi söz ustadı yazdıqları əsərlərlə bəşəriyyətə xidmət etmişdir.

Moskvada belə, millətçiliklə üz-üzə gələn böyük dövlət xadiminin mənəvi cizgilərini öyrəndikcə bir daha yəqin etdim ki, qlobal toqquşmalar dünyasında heç kim bizi ümumi qazanda qaynada bilməz. Biz milli məfkurəmizlə elə bir səviyyədə silahlanmışıq ki, heç bir siyasi hərəkat milli birliyimizi, milli varlığımızı parçalaya bilməz. Ensiklopedik zəka sahibi Heydər Əliyevin strateji uzaqgörənliklə o dövrdəki qətiyyəti nəticəsində biz zaman qarşısında maneələrə cavab verə bilmişik. Ən böyük qələbə beyinlərdə əbədiləşən mübarizələrin son nəticəsidir.

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin klassik irsimizə xidmətləri ilə bağlı apardığım araşdırmaların nəticəsi olaraq, qəti bildim ki, dahilərin qədrini, onların dünyəvi zəhmətinin çəkisini elə dahilər bilir.

Məhz Heydər Əliyevin siyasi iradəsinin sayəsində Nizami Gəncəvinin əsərlərinin misilsiz sənətkarlıq nümunələri olduğunu bir daha ictimaiyyətin diqqətinə çatdırıb. Ulu öndər Nizami Zirvəsini bütün varlığı ilə müdafiə edib, ucaldıb.

Azərbaycan xalqı ədəbiyyata, sənətə, ədəbiyyatşünaslığa böyük qayğı göstərən Heydər Əliyevin dühası sayəsində klassik ədəbiyyat xəzinəsinin incilərini qoruyub və dünyada tanıtdırıb. Biz elm adamlarının vətəndaşlıq borcudur ki, korifeylərimiz barədə təəssübkeşliklə, xalqımızın mənafeyi naminə yazaq. Bax, bu mənada Heydər Əliyev mənəvi dünyamızın böyük təəssübkeşi, cəfakeşi olub.

Mən “Heydər Əliyev və klassik irs” kitabımda qarşıma qoyduğum ideyaları real faktlar əsasında təqdim etməklə mənəvi bir rahatlıq tapdım. Təsəvvür edin ki, Heydər Əliyevin mənəvi dünyamıza xidmətlərinin nəhəngliyi sayəsində fədakar alimlərimiz mənəvi köklərimizi qoruya bilib. Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin qlobal çağırışlar dünyasına mövcud reallıqlarla cavab verməsi isə ədəbiyyatımızın, klassik irsimizin gücünü, mənəvi zənginliyini hifz edib, qorumağa geniş meydan açıb.

Bizim ən böyük uğurumuz müstəqilliyimizdir. Bu gün də humanitar elm sahəsi, xüsusilə ədəbiyyatşünaslığımız dövlət qayğısı ilə əhatə olunmuşdur. Elmimizin borcudur ki, açılmayan tarixi faktları daim araşdırmaqla xalqın mənəvi dünyasını zənginləşdirsin.

Dövlətimizin apardığı ideoloji siyasət nəticəsində və Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın əksər ölkələrində Nizami Gəncəvinin heykəlləri, büstləri qoyulub. Bu, həm də klassik ədəbiyyatımızın geniş arealda tanıdılmasıdır. Əgər bir zamanlar Nizamini fars şairi kimi tanıyırdılarsa, bu gün dünya onun Azərbaycan türkü olduğunu real mənbələr əsasında öyrənir və qəbul edir.

– İnstitutunuzda türkdilli, ərəbdilli, farsdilli əlyazmalar, əski çap kitablarının tərcüməsi, şəxsi arxivlərin tədqiqi şöbələri fəaliyyət göstərir. Belə mənbələr tariximizə işıq salır, qaranlıqları nurlandırır.

– Əvvəlcə, məni ağrıdan məsələlərə toxunmaq istəyirəm. “Molla Nəsrəddin” jurnalı nəşr olunanda Mirzə Cəlil ürək ağrısı ilə yazırdı ki, mən bu sözləri yazıram, amma bilirəm, çox adama sözüm çatmayacaq. Amma olsun, nökərlər mənim vərəqlərimi samovar alışqanı edə-edə hansısa şəklə baxıb anlayacaqlar ki, mən nə yazmışam, nə demişəm.

O vaxt elə olurdu ki, qiymətli bir əlyazmanı yağ küpələrinin ağzına qapaq kimi qoyurdular. Həmin əlyazmalar yağın təsirindən oxunmaz olurdu. Bizim institutun tarixi 1926-cı ilə gedib çıxır. O vaxt “Azərbaycanı Tədqiq və Tətəbbö” cəmiyyəti yaranmışdı. Bu təşkilat böyük ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında fəaliyyət göstərirdi. Onlar xalqa müraciət edirdilər ki, kimdə nə qiymətli əlyazma varsa, gətirsin bir yerdə toplayaq. Əlyazmalar İnstitutunun bünövrəsi belə qoyulub.

Bu gün 12 mindən çox əlyazmamız var. Bunlar da müvafiq şöbələrdə tədqiq olunur. Həm də bu əlyazmalar müasir latın qrafikalı əlifbamıza keçirilir ki, hazırkı gənclik, gələcək nəsillər onları oxuya bilsin, faydalansın. İki türk şöbəmiz var. Biri türkdilli əlyazmalar şöbəsidir ki, bu, sırf Azərbaycana aiddir. Digəri isə türk xalqlarının əlyazmalarını öyrənir.

Tarixdə türk xaqanları bir-biri ilə də döyüşüblər. Mirzə Cəlil, Sabir bu barədə ürəkağrısı ilə yazıb. Bu, türkün faciəsi idi. Bu gün türklər böyük birliyə imza atıblar. Türk Dövlətləri Təşkilatı fəaliyyət göstərir. Azərbaycan lideri İlham Əliyevin diplomatik fəaliyyəti nəticəsində türk dünyası getdikcə qüdrətlənir. Türk birliyini gördükcə ürəyimiz dağa dönür. Əlyazmalar İnstitutu türklüyün əzəmətinin təbliğ olunması üçün ən qiymətli məxəzləri tədqiq edir. Özbəkistanın, o cümlədən başqa türk respublikalarının əlyazmalar fondları ilə sıx əlaqələr saxlayırıq. Məqsədimiz türk birliyinə tarixi ortaqlığımızı öyrənməklə öz töhfəmizi verməkdir.

– Dahi şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi ilə bağlı hansı işlər görürsünüz?

– Biz bu il Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi ilə əlaqədar xüsusi tədbirlər planı hazırlamışıq. Füzuliyə aid Özbəkistanda, xüsusilə Səmərqənddə xeyli əlyazma var. Biz onlarla əlaqə saxlayırıq. Özbəklər Füzulini bir türk şairi kimi çox sevirlər. Füzuliyə aid orada Buxara nüsxələri var. Vaxtilə Həmid Araslı Füzuli divanını hazırlayarkən həmin əlyazmalardan faydalanıb.

Bəli, ədəbiyyatın yaşarılığı klassikliyin göstəricisidir. Füzuli məktəbi hər zaman bizə gərəkdir. Çünki bu məktəb dünyəviliyi ilə kamil insan formalaşdırır.

Füzuli deyir:

Mərhəm qoyub önərim sinəmdə qanlı dağı.
Söndürmə öz əlinlə yandırdığın çırağı.

Bu misraların hikmətinə baxın. Füzulinin hər sözü fəlsəfədir. Onun əsərlərinin mənəvi dünyamıza körpü salmasını, indiyə qədər tədqiq olunmamış sənətkarlıq xüsusiyyətlərini “Görünməyən Füzuli” adlı əsərimdə açmağa çalışmışam.

Bu il bizim təşəbbüsümüzlə Füzulinin Azərbaycan dilində yazdığı əsərlərinin ən mükəmməl nüsxələri UNESCO-nun Dünya Yaddaşı Kitabına daxil edilib. Füzuli divanının Bakı nüsxəsinin reyestrə salınması yubiley ilinə töhfədir. Xurşidbanu Natəvanın “Gül dəftəri” adlı nadir albomunu da UNESCO-nun Dünya Yaddaşı Kitabına daxil etdirmişik. Bu nüsxələr əsasında çap olunmuş kitablar geniş ictimaiyyətə və Şuşa kitabxanasına göndərilib.

Bu il “Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının tədqiqi şöbəsi fəaliyyətə başlayıb. Xeyli sənədlər, qiymətli mənbələr əldə etmişik. Qədim İrəvan torpağının türk torpaqları olması nadir nüsxələrdə öz əksini tapıb.

Əlyazmalar İnstitutu 1980-ci illərdən adi fond səviyyəsindən çıxaraq elmi institut səviyyəsinə qalxmağı ilə böyük işlər görür. Buna görə ümummilli liderimiz Heydər Əliyevin ruhuna ehtiramla baş əyirik. Məhz onun sayəsində institutumuz fundamental elm mərkəzinə çevrilib. Elm adamı hər zaman işləməli, öz bilik və bacarığını xalqına xərcləməlidir. Bizim məqsədimiz, məramımız budur.

Müsahibəni apardı:
Kəmalə ABDİNOVA
XQ

Müsahibə