Azərbaycanın qədim diyarı Naxçıvan təbii zənginliklərə yanaşı, həm də böyük mədəni irsin saxlancıdır. Bu irsin bir hissəsini günümüzədək gətirib çatdıran isə tarixi abidələrimizdir.
Muxtar respublikanın hansı səmtinə üz tutsan, orada tarixin müxtəlif dövrlərinə məxsus abidələrlə qarşılaşarsan. Belə nümunələr sırasında Naxçıvan memarlığında özünəməxsus yeri olan türbə tipli abidələr xüsusi seçilir. Böyük ustad Əcəminin yaradıcılığında əsas ana xətt təşkil edən və günümüzə gəlib çatan türbə memarlığı nümunələri artıq təkcə bir xalqın və regionun deyil, dünya tarixinin yadigarları sırasında yer alıb. Belə incilərdən biri də Naxçıvan şəhərində yerləşən Yusif Küseyir oğlu türbəsidir. El arasında bu abidəyə “Atababa günbəzi” də deyirlər.
Yusif Küseyir oğlu türbəsi 1162-ci ildə Əcəmi Əbubəkr oğlu Naxçıvaninin layihəsi ilə tikilib. Bu türbə həm də Şərqin böyük memarı Əcəminin bugünümüzə gəlib çatan ilk böyük əsəri kimi qiymətlidir. Türbə sərdabə və yerüstü qülləvarı hissədən ibarətdir. Abidənin kitabəsində onun kimin şərəfinə və hansı tarixdə inşa edildiyi əksini belə tapıb: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Kuseyir oğlunundur”.
Digər kitabədə isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılıb. Türbə haqqında yazılı ədəbiyyatda da maraqlı məlumat var. Memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyevin “Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq” adlı kitabında oxuyuruq: “İlk baxışdan təmiz həndəsi biçimi və gözəl harmonik quruluşu ilə diqqəti cəlb edən türbə ikiqatlıdır. Türbənin hər iki qatı planda düzgün səkkizbucaqlıdır. Səkkizüzlü plana uyğun olan sərdabə yastı günbəzlə örtülüb. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvarı türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan tək abidədir”.
Rahibə Əliyevanın “Memar Əcəmi Əbubəkr oğlu Naxçıvani” adlı kitabında isə qeyd olunur ki, Yusif Küseyir oğlu türbəsi həcm etibarilə bir o qədər böyük tikinti olmasa da, ümumi kompozisiya aydınlığı, yüksək səviyyəli inşaat işləri, gözəl daş nəqqaşlıq işləri memar Əcəminin yüksək sənətkarlığından xəbər verir. Türbənin taxçalarının səthində kərpic dekorun “girih” adlanan xüsusi həndəsi ornamentlərindən istifadə edilib. Girih naxışlarını əmələ gətirən elementlər həndəsi formalardan (çoxbucaqlar, yaxud ulduzlardan) ibarətdir. Ciddi riyazi qanuna tabe olan bu naxışlar bütünlüklə xətlərin bir-biri ilə bağlı ahəngdar birləşməsindən yaranır.
Əcəmi yaradıcılığının gözəl nümunələrindən olan türbənin həndəsi quruluşu heyrətamizdir. Abidənin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlərlə bəzədilib. Bu ornamentlər bişmiş kiçik kərpiclərdən quraşdırılıb, sonra gəc məhlulu ilə birləşdirilərək səthlərin üzərində möhkəmləndirilib. Eyni zamanda, Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm də bəzək hörgüsü yalnız eyni materialla – keyfiyyətli bişmiş kərpiclə işlənib. Bu da abidənin aydın və təmiz həndəsi biçiminin bütövlüyünü yaradır. O ki qaldı Yusif Küseyr oğlunun kimliyinə, bu haqda mənbələrdə geniş məlumat yoxdur.
Tarixçi alim Fəxrəddin Səfərli türbə ilə bağlı qeyd edir ki, Yusif Küseyir oğlu türbəsi, məlum olduğu kimi, 1162-ci ildə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Digər qaynaqlardan Yusif Küseyir oğlu haqqında bizə məlumatlar gəlib çıxmadığı üçün onun şəxsiyyəti haqqında aydın təsəvvür yaratmaq mümkün deyildir. Ancaq kitabənin verdiyi məlumatlar müəyyən fikir söyləməyə imkan verir. Kitabədə o, “xacə, ər-rəis əl-əcəl” (“xacə” – tanınmış rəis) titulları və bir sıra epitetlərlə (“mömin”, “islamın gözəlliyi”, “şeyxlərin başçısı”) təqdim olunub.
Orta əsrlərdə “xacə” titulu ilə böyük tacirlərə, görkəmli alimlərə müraciət edilirdi. Bu titulu daşıması onun tacirlər gildiyasının başçısı, “rəis” titulunu daşıması isə Atabəylər dövlətinin paytaxtı olarkən Naxçıvan şəhərinin rəhbəri olduğunu göstərir. Eldənizlərin hakimiyyəti (1136-1225) dövründə şəhərləri hökmdarın müavini sayılan valinin adından idarə edən rəislər, bir qayda olaraq, yerli, tanınmış nəsillərdən seçilirdi. Göründüyü kimi, Yusif Küseyir oğlunun tutduğu şəhər rəisi vəzifəsi kifayət qədər nüfuzlu vəzifə imiş. Kitabədə adına əlavə olunan “şeyxlərin başçısı” sözləri isə Yusif Küseyir oğlunun şəhərdə yaşayan, ali ruhani təbəqəsinə və həmin vaxt Naxçıvan şəhərində fəaliyyət göstərən müxtəlif sufi təriqətlərinə məxsus xanəgahların başçılarına rəhbərlik etdiyini göstərir.
Son illərdə bu tarixi abidədə də bərpa işləri aparılıb, ətrafı abadlaşdırılıb. İndi Naxçıvana gələn qonaqlar buradakı digər tarixi abidələr kimi Yusif Küseyir oğlu türbəsini də ziyarət edir, Azərbaycan türbələri içərisində üst örtüyü 800 ildən artıq dövrdə tək salamat qalan bu tarixi abidənin möhtəşəm memarlıq xüsusiyyətini daha yaxından izləmək imkanı əldə edirlər.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan