Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
QƏRAR
№ 3-27/3-7-15/2024
Bakı şəhəri 12 sentyabr 2024-cü il
“Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 8.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
qərara alır:
1. “Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Kollegiyanın sədri,
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
Kollegiyasının 2024-cü il 12 sentyabr tarixli 3-27/3-7-15/2024 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Hava gəmilərinin və onların komponentlərinin
uçuşa yararlılığının saxlanılması
QAYDASI
1. Ümumi müddəalar
1.1. “Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası” (bundan sonra – Qayda) “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyanın (bundan sonra - Konvensiya) 6 və 8 nömrəli Əlavələrinə əsasən hazırlanmışdır və mülki hava gəmilərinin (pilotsuz uçuş aparatları istisna olmaqla) və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasına dair qaydaları müəyyən edir.
1.2. Bu Qayda ilə tənzimlənməyən müddəalar Konvensiyanın 6 və 8 nömrəli Əlavələrininələblərinə uyğun həyata keçirilir.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və Konvensiyanın 6 və 8 nömrəli Əlavələrində nəzərdə tutulmuş mənaları ifadə edir.
1.4. Pilotsuz uçuş aparatlarının uçuşa yararlılığının saxlanılması ilə bağlı müddəalar Konvensiyanın 6 və 8 nömrəli Əlavələrinə uyğun həyata keçirilir.
2. Hava gəmisinin və onun komponentlərinin uçuşa yararlılığının saxlanılması üzrə tələblər
2.1. Hava gəmisinin və onun komponentlərinin uçuşa yararlılığının saxlanılması hava gəmisinin mülkiyyətçisi qismində hava gəmisinin sahibi tərəfindən təmin edilir.
2.2. Hava gəmisinin mülkiyyətçisi qismində hava gəmisinin sahibi hava gəmisinin və onun komponentlərinin uçuşa yararlılığının təmin olunması üçün aşağıdakı tədbirləri görməlidir:
2.2.1. hava gəmisinin uçuşa yararlı vəziyyətdə saxlanılması;
2.2.2. uçuş əməliyyatlarının həyata keçirilməsini, eləcə də hava gəmisinin istismarı zamanı baş verə biləcək qəza hallarının mənfi təsirlərinin azaldılmasını təmin edən avadanlıqların hava gəmisinin istehsalçısı tərəfindən müəyyən edilən təlimatlara uyğun şəkildə hava gəmisində quraşdırılması və istismara yararlı olması, eləcə də həmin avadanlıqlar istismara yararlı olmadıqda bu barədə məlumatların hava gəmisinin texniki jurnalında ətraflı qeyd edilməsi;
2.2.3. hava gəmisinin uçuşa yararlılıq sertifikatının etibarlı olması;
2.2.4. hava gəmisinin və onun komponentlərinin uçuşa yararlılığının saxlanılmasının idarə edilməsinin, habelə hava gəmisinə texniki xidmət göstərilməsinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin (bundan sonra – Agentlik) sertifikatlaşdırdığı təşkilatlar tərəfindən həyata keçirilməsi;
2.2.5. hava gəmiləri üçün texniki xidmət proqramının təsdiq edilməsi ilə bağlı tədbirlərin görülməsi, həmçinin texniki xidmətin həmin proqrama uyğun olaraq həyata keçirilməsi.
2.3. Hava gəmisinin uçuş əməliyyatlarına başlamasına hava gəmisinin sahibi tərəfindən bu Qaydanın 2.2-ci bəndində qeyd edilən tələblər təmin edildikdən sonra yol verilir.
2.4. Hava gəmisi icarəyə verildikdə bu Qaydanın 2.2-ci bəndində qeyd edilən tələblərin təmin olunması öhdəliyi hava gəmisinin icarəsi haqqında müqavilədə nəzərdə tutulduğu hallarda icarəçi tərəfindən həyata keçirilir.
2.5. Hava gəmisinə texniki xidmət göstərən təşkilatlar hava gəmisinə və onun komponentlərinə texniki xidmətlə bağlı lazımi işlərin yerinə yetirilməsini təmin etməlidirlər.
2.6. Hava gəmisinin kapitanı (komanda verən pilotu) və ya kommersiya hava daşımaları üzrə istismarçı hava gəmisinin istismara yararlılığına əmin olmaq üçün hava gəmisinə uçuş öncəsi baxışın keçirilməsi ilə bağlı tədbirlər görürlər. Qeyd edilən baxış həmin hava gəmisinin istismara buraxılışını təsdiq edən personalın iştirakı olmadan hava gəmisinin kapitanı (komanda verən pilotu) və ya digər ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilir.
2.7. Kommersiya hava daşımaları zamanı istifadə olunan hava gəmisinin istismarçısı öz istismarçı sertifikatında qeyd edilən hava gəmiləri üçün uçuşa yararlılığın saxlanılmasını idarə edən təşkilat kimi sertifikata malik olmalıdır. Digər hallarda istifadə olunan hava gəmisinin uçuşa yararlılığın saxlanılmasının idarə edilməsi istismarçı (hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilat kimi sertifikata malik olduğu halda) və ya istismarçı ilə bağlanılmış müqavilə əsasında uçuşa yararlılığın saxlanılmasının idarə edilməsi üzrə müvafiq sertifikata malik olan təşkilat tərəfindən yerinə yetirilir.
2.8. Texniki xidmət hava gəmisinin istismarçısı (texniki xidmət göstərən təşkilat kimi sertifikata malik olduğu halda) və ya uçuşa yararlılığın saxlanılmasını idarə edən təşkilat (uçuşa yararlılığın saxlanılmasının idarə edilməsi müvafiq sertifikat əsasında istismarçı tərəfindən həyata keçirildiyi halda isə istismarçı) ilə bağlanılmış müqavilə əsasında texniki xidmətin göstərilməsi üzrə müvafiq sertifikata malik olan təşkilat tərəfindən yerinə yetirilir.
2.9. Hava gəmisinin sahibi və ya istismarçısı bu Qaydanın 2.2-ci bəndində qeyd edilən tələblərin yerinə yetirilməsini müəyyən etmək üçün Agentliyin səlahiyyətli nümayəndəsinə (müfəttişə) sahibin və ya istismarçının istənilən obyektinə, hava gəmisinə və ya onun fəaliyyəti ilə bağlı sənədlərə baxış keçirilməsinə zəruri şərait yaratmalıdır.
3. Hava gəmisinin və onun komponentlərinin uçuşa yararlılığının saxlanılması üzrə vəzifələr
3.1. Hava gəmisinin və onun komponentlərinin uçuşa yararlılığının saxlanılması, o cümlədən bu Qaydanın 2.2.2-ci yarımbəndində qeyd edilən avadanlıqların istismara yararlılığının təmin olunması üçün uçuşa yararlılığın saxlanılmasını idarə edən təşkilat tərəfindən aşağıdakı vəzifələrin həyata keçirilməsi ilə bağlı tədbirlər görülür:
3.1.1. hava gəmisinə uçuş öncəsi bu Qaydanın 2.6-cı bəndində qeyd edilən baxışın keçirilməsi;
3.1.2. uçuşların təhlükəsizliyinə təsir edən, eləcə də uçuş əməliyyatlarının həyata keçirilməsinə maneə yaratmayan nasazlıqların hava gəmisinin istehsalçısının müəyyən etdiyi texniki xidmət təlimatlarına uyğun olaraq aradan qaldırılması ilə bağlı işlərin görülməsi və həmin işlərin qeydiyyatının aparılması;
3.1.3. texniki xidmətin təsdiq edilmiş texniki xidmət proqramına uyğun olaraq həyata keçirilməsi və həmin işlərin qeydiyyatının aparılması;
3.1.4. hava gəmisinin modifikasiyası və təmiri üzrə işlərin “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 23.6-cı maddəsinə əsasən müəyyən edilən tələblərə uyğun olaraq həyata keçirilməsi;
3.1.5. güc qurğusu ilə hərəkətə gətirilən mürəkkəb hava gəmiləri, habelə kommersiya hava daşımalarında istifadə edilən hava gəmiləri üçün təsdiq edilmiş texniki xidmət proqramının effektivliyinin təhlili;
3.1.6. dizayn dövlətin mülki aviasiya sahəsi üzrə səlahiyyətli orqanı tərəfindən dərc olunan mövcud təhlükəli vəziyyətin aradan qaldırılması və ya baş verə biləcək təhlükəli vəziyyətin qarşısının alınması ilə bağlı uçuşa yararlılıq direktivlərinin, habelə Agentliyin uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı göstərişlərinin təxirəsalınmadan yerinə yetirilməsi;
3.1.7. hava gəmisinin cari kütlə və balans hesabatının təmin edilməsi;
3.1.8. zərurət yarandıqda, texniki xidmət məqsədləri üçün yoxlama uçuşlarının həyata keçirilməsi.
4. Hava gəmisinin texniki xidmət proqramı
4.1. Hava gəmilərinə texniki xidmətin göstərilməsi təsdiq edilmiş texniki xidmət proqramına uyğun olaraq həyata keçirilir.
4.2. Texniki xidmət proqramını hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatın müraciəti əsasında ilkin olaraq Agentlik təsdiq edir. Həmin proqrama dəyişikliklərin edilməsi isə Agentlik tərəfindən (uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilat məlumatlandırılmaqla) və ya Agentliklə razılaşdırmaqla uçuşa yararlılığın saxlanılmasını idarə edən təşkilat tərəfindən həyata keçirilir.
4.3. Texniki xidmət proqramı Agentliyin uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı göstərişlərinə, eləcə də hava gəmisinin uçuşa yararlılığın saxlanılması ilə bağlı təlimatların tələblərinə uyğun tərtib olunmalıdır.
4.4. Texniki xidmət proqramı hava gəmisində yerinə yetiriləcək texniki xidmətlə bağlı bütün tədbirləri özündə ehtiva etməlidir.
4.5. Güc qurğusu ilə hərəkətə gətirilən mürəkkəb hava gəmilərinin texniki xidmət proqramı həmin hava gəmiləri üzrə həyata keçirilən texniki xidmət tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı prosedurları müəyyənləşdirən etibarlılıq proqramını ehtiva etməlidir.
4.6. Texniki xidmət proqramı uçuşa yararlılığın saxlanılmasını idarə edən təşkilat tərəfindən ən azı ildə 1 (bir) dəfə nəzərdən keçirilməli və həmin təşkilat tərəfindən zəruri hesab edildiyi halda Agentliklə razılaşdırmaqla müvafiq dəyişikliklər edilməlidir.
5. Hava gəmisinin uçuşa yararlılığın saxlanılmasına dair məlumatların uçotu sistemi
5.1. Hava gəmisinin uçuşa yararlılığının saxlanılmasına dair məlumatların uçotu sistemi aşağıdakı məlumatları ehtiva edir:
5.1.1. texniki xidmət göstərən təşkilat tərəfindən hər texniki xidmət yekunlaşdırıldıqdan sonra hava gəmisinə verilən istismara buraxılış sertifikatı (istənilən texniki xidmət başa çatdıqdan sonra 30 (otuz) gündən gec olmayaraq məlumatların uçotu sisteminə əlavə edilməlidir);
5.1.2. hava gəmisinin və komponentlərinin istismara verilmə tarixi, eləcə də ümumi istismar müddəti və həmin müddətin başa çatma tarixi barədə məlumatlar;
5.1.3. hava gəmisinə və onun komponentlərinə texniki xidmətlərin göstərilməsi, uçuşdan əvvəl aradan qaldırılmamış nasazlıqlar və uçuşlar barədə məlumatların, eləcə də bu Qaydanın 2.2.2-ci yarımbəndində göstərilən məlumatların qeyd olunduğu hava gəmisinin texniki jurnalı;
5.1.4. hava gəmisinin cari kütlə və balans hesabatı;
5.1.5. uçuşa yararlılıq direktivlərinin, habelə Agentliyin uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı göstərişlərinin yerinə yetirilməsinin icra vəziyyəti barədə məlumatlar;
5.1.6. hava gəmisinə və onun komponentlərinə göstərilən texniki xidmətlərin texniki xidmət proqramına uyğun həyata keçirilməsinin cari vəziyyəti barədə məlumatlar;
5.1.7. hava gəmisinə və onun komponentlərinə göstərilməsi təxirə salınan texniki xidmətlərin icra vəziyyəti barədə məlumatlar;
5.1.8. hava gəmisinə və onun komponentlərinə göstərilən texniki xidmətlərə dair sənədlər.
5.2. Hava gəmisinin uçuşa yararlılığının saxlanılmasına dair məlumatların uçotu sistemi uçuşa yararlılığın saxlanılmasını idarə edən təşkilat tərəfindən bu Qaydanın 5.1-ci bəndində qeyd edilən sənədlərin (məlumatların) uçotunun aparılması, təhlil edilməsi və mühafizəsi məqsədilə formalaşdırılır.
5.3. Hava gəmisinin uçuşa yararlılığın saxlanılmasına dair məlumatların uçotu sistemində edilən bütün qeydlər aydın və dəqiq olmalı, mövcud qeydlərə dəyişikliklər ilkin qeydləri aydın göstərəcək şəkildə aparılmalıdır.
6. Hava gəmisində baş verən nasazlıqlar
6.1. Hava gəmisinin uçuşları üçün ciddi təhlükə yaradan hər bir nasazlıq uçuşdan əvvəl aradan qaldırılmalıdır.
6.2. Hava gəmisinin uçuşları üçün ciddi təhlükə yaratmayan nasazlıqlar aşkar edildiyi tarixdən sonra mümkün qısa müddət ərzində (texniki xidmət təlimatlarında və ya hava gəmisinin təhlükəsiz uçuşu üçün tələb edilən minimum avadanlıq siyahısında qeyd olunan müddətdən çox olmamaq şərtilə) aradan qaldırılmalıdır.
6.3. Baş vermiş nasazlığın hava gəmisinin uçuşları üçün ciddi təhlükə yaratması və ya yaratmaması, onların aradan qaldırılması üçün görülməli olan tədbirlər, həmin tədbirlərin həyata keçirilmə tarixi (müddəti) və ya təxirə salınması barədə məlumatlar bu Qaydanın 6.2-ci bəndində qeyd edilən siyahıda qeyd olunmadığı halda hava gəmisinin istismara buraxılışını təsdiq edən personal tərəfindən texniki xidmət təlimatlarına uyğun olaraq müəyyənləşdirilir.
6.4. Uçuşdan əvvəl aradan qaldırılmamış nasazlıqlar barədə məlumatlar hava gəmisinin texniki jurnalında qeyd edilməlidir.
7. Hava gəmisinin istismar müddəti məhdud olan və nəzarət edilən komponentləri
Hava gəmisinin istismar müddəti məhdud olan və nəzarət edilən komponentləri texniki xidmət proqramında və uçuşa yararlılıq direktivlərində müəyyən edilmiş tələblərə uyğun olaraq istismar olunmalıdır. Həmin komponentlər texniki xidmət proqramında və uçuşa yararlılıq direktivlərində qeyd edilən müddətlər başa çatdıqdan sonra hava gəmisindən çıxarılmalıdır.