Britaniya-Azərbaycan Cəmiyyətinin sədri: “Milli Məclisə seçkilər dövlətçilik tariximizdə əlamətdar hadisələrdən birinə çevriləcək”

post-img

Britaniya Azərbaycan Cəmiyyətinin sədri Fəridə Pənahova “Seçki 2024” Müstəqil Media Mərkəzinin suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

 – Fəridə xanım, sentyabrın 1-də Azərbaycan Milli Məclisinə seçkilər keçiriləcək. Uzaq İngiltərədə yaşasanız da, Azərbaycanla bağlılığı olan soydaşımız kimi seçkilər barədə fikirlərinizi bilmək maraqlıdır.

 –2024-cü il bizim ölkəmizin tarixində ən önəmli illərdən birinə çevrilməkdədir. Çünki xalqımız ölkəmizin müstəqillik tarixinin yeni bir şanlı səhifəsinə imza atır. Ölkəmizin ərazi bütövlüyü və tam suverenliyi tam təmin edildikdən sonra əvvəl Prezident seçkilərinin, indi isə Milli Məclisə seçkilərin keçirilməsi böyük tarixi hadisədir.

İşğaldan azad edilmiş torpaqlarda dövlətimiz yenidənqurma işləri aparır. Öz ata-baba torpaqlarına yenidən qayıdan məcburi köçkünlərin və ümumilikdə bütün azərbaycanlıların həyatında yeni bir Zəfər dövrü başlayıb. Bu il həm də vaxtilə məcburi köçkün olan soydaşlarımız öz bölgələrində səs verə biləcəklər. Şuşa, Xankəndi, Kəlbəcər, Laçın, Ağdam, Xocalı və digər rayonlardan olan seçicilər müvəqqəti məskunlaşdığı hansısa bölgədə deyil, bilavasitə öz şəhərində səsvermədə iştirak edəcəklər. Beləliklə, 7-ci çağırış Milli Məclisə seçkilər dövlətçilik tariximizdə ən əlamətdar hadisələrdən birinə çevriləcək. Bu, siyasi sistemimiz adına qürurverici bir hadisədir.

 -Səsvermə ərəfəsində seçilərə hansı çağırışla müraciət etmək istərdiniz?

 -Mən fürsətdən istifadə edərək həm öz, həm də icma nüməyəndələrimiz adından qürur mənbəyimiz olan Azərbaycanın hər gününün sülh və əmin-amanlıq içərisində keçməsi, torpaqlarımızın çiçəklənməsi və hər bir azərbaycanlının xoşbəxt, firavan yaşaması arzusu ilə öz xalqıma müraciət edirəm. Hər kəsi qarşıdan gələn Milli Məclisə seçkilərdə aktiv iştirak etməyə, ölkəmizin müstəqilliyinin, suverenliyinin, xalqımızın xoşbəxt gələcəyinin təmin edilməsi uğrunda gecə-gündüz çalışan, onların səsini dinləyib problemlərini həll edən namizədlərə səs verməyə dəvət edirəm.

Anar ƏLİ

XQ

Müsahibə