Yaqub Mahmudov: “Xalqın layiq bildiyi namizədlərin Milli Məclisə seçilmələri üçün dövlət hər cür şərait yaradıb”

post-img

Tarixçi-alim, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov sentyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin əhəmiyyəti barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

  - Yaqub müəllim, növbədənkənar parlament seçkilərinin Azərbaycan üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

 - Seçki mədəniyyətdir, həm dövlət, həm də millət, cəmiyyət üçün strateji məsələdir. Bir xalqın seçkilərdə iştirakı onun gələcək taleyinin müəyyənləşdirilməsi baxımımından müstəsna əhəmiyyət daşıyır. Ona görə də istərdim ki, cəmiyyətimizin cavanından qocasınadək bütün kəsimi seçkilərdə fəal iştirak etsinlər. Qarşıdan gələn 1 sentyabr seçkiləri də burada istisna deyil. Milli Məclis çox mühüm orqandır və buna görə də parlament seçkiləri dövlət üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə indiki məqamda, dünyanın başının üstünü münaqişələrin aldığı bir dövrdə keçirilən seçkilər ikiqat məsuliyyət yaradır. Burada başqa bir məqam da odur ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində parlaq qələbə qazanması bu seçkilərin əvvəlki seçkilərdən mənəvi cəhətdən üstünlüyünü artırır. Çünki ilk dəfədir ki, parlament seçkiləri bütün ölkəni əhatə edir. Bu, ərazi bütövlüyümüzün bərpasından sonra qazandığımız üstünlük, fərqlilikdir.

 – Parlament seçkilərinin ölkədəki siyasi proseslərə təsiri barədə nə deyə bilərsiniz?

- Seçkilərin özü böyük siyasi prosesdir. Bu prosesin yanında digər siyasi proseslər nisbətən sönük görünür. Lakin seçkilərin sabit, demokratik keçməsi qarşıdan gələn COP29 zamanı da Azərbaycanın əlini xeyli gücləndirəcək və ölkəmizin imicinə müsbət təsir göstərəcək. Bunun üçün də dövlətimiz xeyli işlər görüb. Görülən işləri qiymətləndirmək lazımdır.

 - Yeni parlamenti necə görmək istərdiniz?

- Bir ziyalı kimi Milli Məclisə seçilən deputatların ilk növbədə vətənpərvər və yaxşı vətəndaş olmaları əsas şərtdir. Xeyli yeni namizəd görürəm. Dövlətimiz də onlara uğurlu təşviqat aparmaları üçün çox yaxşı şərait yaradıb. Bu, onu göstərir ki, dövlətimiz demokratik seçkilərin keçirilməsində həmişə olduğu kimi maraqlıdır.  İnanıram ki, layiqli insanlar deputat kürsüsündə əyləşə biləcəklər. Əsas odur ki, fəaliyyətləri boyu xalqın, seçicilərin, dövlətin ümumi prinsiplərinə yaxından dəstək olsunlar. Çünki parlament xalqın bu gününün, gələcəyinin güclü əsaslar üzərində qurulmasında mühüm rol oynayır. İstərdim ki, bizim yeni Milli Məclis də bu kriteriyalara cavab versin. 

Anar ƏLİ

XQ

Müsahibə