Nazim Hacıyev Anastas Mikoyanın məkrli  planını necə pozub?

post-img

Hər bir xalqın ən böyük sərvəti onun ziyalılarıdır. Haqlı olaraq hesab olunur ki, ziyalı mənsub olduğu xalqın danışan dili, düşünən beynidir. Azərbaycanın ən çətin dövrlərində belə xalqın, Vətənin taleyini hər şeydən yüksəkdə tutan milli məfkurəli şəxsiyyətləri olub. Onlardan biri də Nikita Xruşşov hakimiyyəti dönəmində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi işləmiş, cəmi 38 il ömür sürən vətənpərvər ziyalı Nazim Hacıyev idi. 

Bu görkəmli dövlət xadimi o dövrdə xaricdə yaşayan ermənilərin və sovet rəhbərlərindən biri sayılan qatı millətçi Anastas Mikoyanın Qarabağ və Naxçıvanın Sovet Ermənistanına “hədiyyə edilməsi” kimi məkrli planının qarşısının alınması naminə nəinki karyerasını, hətta sağlamlığını və həyatını qurban verib. 

Xalqımızın bu dəyərli övladının həyatı və fəaliyyəti bu gün də geniş ictimaiyyət arasında daim böyük maraq doğurur. Bunu nəzərə alaraq “Xalq qəzeti”nin redaksiya heyəti Nazim Hacıyevin oğlu, tarix elmləri doktoru, professor Aydın Hacıyevi Xalq TV-yə dəvət etmiş və ondan geniş müsahibə almışdır. Müsahibənin bəzi məqamlarını qəzetimizin hörmətli oxucularının nəzərinə çatdırmağı qərara almışıq. 

– Aydın müəllim, söhbətə atanız barədə avtobioqrafik məlumatları xatırlatmağınızla başlayaq. 

– Məmnuniyyətlə. Atam 1924-cü il 6 iyunda Şəkidə anadan olub. İxtisasca filoloq idi. Şəkinin Baş Küngüt kəndindəki orta məktəbdə dərs hissə müdiri, rayon xalq maarifi şöbəsində metodist, 1943-cü ildə “Nuxa fəhləsi” qəzetinin məsul katibi vəzifələrində işləmişdir. Yüksək təşkilatçılıq qabiliyyətinə, dərin bilik və zəkaya sahib olduğunu nəzərə alaraq hələ gənc yaşlarında məsul vəzifələrə irəli çəkmişlər. 1941–47-ci illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında məsul vəzifəyə təyin edilmişdir. Bakı şəhər Komsomol Komitəsinin katibi, 1950-ci ildə Azərbaycan KP. Bakı Komitəsi təbliğat şöbəsinin təlimatçısı, Azərbaycan Tibb İnstitutunun partiya komitəsinin katibi, 1951-ci ildə isə Respublika Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi, 1952-ci ildə isə I katibi seçilmişdir. 1958-ci ildən 1960-cı ilə qədər SovİKP MK-da müxtəlif vəzifələrdə çalışmış, 1960-cı ildə isə Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi vəzifəsinə seçilmişdir. 

– Bildiyimizə görə, babanız da xalq arasında hörmətli, kübar nəslin nümayəndəsi olub... 

– Bəli, elədir. Babam Məmmədiyə kişi, həqiqətən, Şəkinin adlı-sanlı nəslinin nümayəndəsi olub. Nənəm Bəxti xanım isə İrəvan bəylərinin nəslindəndir. Rusiya Ordusunun polkovniki, məşhur Abbasqulu xanın oğlu Kərim xan İrəvanskinin qızıdır. Onu da qeyd edim ki, Kərim xan İrəvanski Azərbaycan tarixində ilk dəfə olaraq böyük xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti ilə Qızlar Seminariyasını qurmuşdur. Nənəm Bəxti xanım Hacı Zeynalabdinin qızı Sara xanımla həmin məktəbin ilk məzunları olmuşlar. Nənəmlə Sara xanım yaxın rəfiqə olublar. 

Məhz illər sonrası Sara xanım baxımsız, əlacsız vəziyyətdə qalarkən Bəxti xanımın oğlu, yəni atam Nazim Hacıyev onu himayəsinə götürmüş, Sara xanıma diqqət və qayğı göstərməyə çalışmışdır. 

– Bir vaxtlar Sara xanıma qarşı çox haqsızlıqlar olub. Bu gün bu barədə düşünəndə belə adamın ürəyi ağrıyır...

– Sara xanımın başı çox bəlalar çəkib. Amma ona diqqət və qayğı göstərən kişilər də tapılıb. Fəxrlə deyə bilərəm ki, belə xeyirxah insanlardan biri də atam olub. 

Sara xanımla bağlı bir xatirəni danışmaq istəyirəm. 1961-cı ilin oktyabr günləri olub. Atama qəbuluna bir xanımın yazıldığını deyiblər. O, kim olsa, yaxşıdır? Sara xanım Tağıyeva! Atam bunu bilən kimi onu növbədənkənar, yüksək səviyyədə qəbul edib. 

Sara xanım atamdan xahiş edib ki, onun işlə təmin olunmasına kömək etsin. Atam dərhal telefonun dəstəyini götürüb Azərbaycan Dövlət Universitetinin ovaxtkı rektoru, akademik Şəfaət Mehdiyevə zəng edib: 

– Sizin yanınıza Sara xanım Tağıyevanı göndərirəm. Xahiş edirəm, onu işlə təmin edəsiniz. 

– Burada bir haşiyə çıxaraq demək istəyirəm ki, o illərdə atamın vəziyyəti get-gedə ağırlaşdığına görə, Sara xanımı köməkçisi Zakir Bağırova da tapşırır. Sonralar o, mədəniyyət naziri oldu. Görkəmli dövlət xadimi Vəli Məmmədov da atamın yanında işləyirdi. Atam ağır vəziyyətdə olanda onun işlərini Vəli Məmmədov aparırdı. Ona görə də, Nazim Hacıyev Sara xanıma kömək etmək üçün ona da tapşırıqlarını vermişdi. 

 Atam söhbətin sonunda Sara xanıma demişdi ki, hər zaman qapısı onun üzünə açıqdır, elə bilin ki, oğlunuzun yanına gəlirsiniz. Qeyd etmək lazımdır ki, o dövrdə “Xalq düşməni”nin qızına belə yüksək münasibət göstərmək böyük cəsarət tələb edirdi. 

Ayrılarkən atam Sara xanıma xeyli məbləğdə maddi yardım da edib. Özü də bunu çox nəzakətlə, qonağın heysiyyatına toxunmamağa çalışaraq edib. 

Bu görüş Sara xanımı çox təsirləndirib. O, “Ədəbiyyat və incəsənət” qəzetinin 17 aprel 1989-cu il tarixli nömrəsində dərc olunmuş xatirələrində bu barədə belə yazmışdır:

“Həmin gün İçərişəhərdə bir xeyli bazarlıq etdim...Mən onda anladım ki, Nazim məni bağrına ona görə bərk-bərk basırdı ki, pulu cibimə qoysun və mən bunu hiss etməyim. Nazim mənim üçün çox doğma idi. Uşaqlığımın, yeniyetməliyimin dostu olan Bəxti xanımın oğlu idi”.

Fəxrlə bildirmək istəyirəm ki, Nazim Hacıyev bütün varlığı ilə türkçü idi. Atam görkəmli alim Yusif Məmmədəliyevlə də ata-bala kimi yaxın idi. Yusif Məmmədəliyevin atamla bir-birinə sıx bağlılığını onların Şamaxı səfərində görmüşdüm, ora məni də aparmışdılar. Bu böyük alimin zarafatları, məni əzizləməsi heç vaxt yadımdan çıxmayacaq. Onun cərrahiyyə masasında rəhmətə getməsindən atam çox sarsılmışdı. Sanki ailəmizin bir üzvünü itirmişdik. Bütün ailəmiz hüzn içində idi. 

– Nazim Hacıyev ideoloji katib vəzifəsində çalışarkən xalqımız növbəti dəfə erməni məkri ilə üzləşməli olub. Bu barədə müfəssəl danışmağınızı istərdim. 

–1960-cı illərin əvvəllərində xalqımıza qarşı yenidən “qara buludlar axışmağa” başlamışdı və atam məhz həmin qara niyyətlərin qurbanına çevrilmişdir. Hadisə belə olmuşdur. Amerika Birləşmiş Ştatlarının Boston şəhərində yaşayan erməni millətçiləri orada “Ramqavar” milli burjuaziya partiyası yaratmışdılar. Həmin partiyanın orqanı olan “Baykar” (“Mübarizə”) qəzeti erməni dilində nəşr olunurdu. Erməni millətçiləri bu qəzet vasitəsilə Sovet İttifaqı Kommunist Partiyasına məkrli müraciət etmişdilər. Orada Sovet Ermənistanının yaranmasının 40 illiyi münasibətilə Naxçıvan MR və Dağlıq Qarabağ Muxtar Vilayətinin hədiyyə olaraq Ermənistan SSR-ə birləşdirilməsi xahiş olunurdu. 

Bu, o illər idi ki, SSRİ hökuməti ilə ABŞ arasında soyuq münasibətlər hökm sürürdü. Beləliklə, Amerikadan gələn məktub Sov İKP. MK-da müzakirəyə çıxarılır. Mikoyanın və Mixail Suslovun təşəbbüsü və təklifi ilə məktub Azərbaycan  KP MK-ya razılıq arayışı təqdim edilməsi üçün göndərilir. 

O vaxt  Azərbaycan   KP MK-nın I katibi işləyən Vəli Axundov Moskvadan gələn məktuba dərkənar qoyaraq atama tapşırıq verir ki, müvafiq arayış hazırlasın. 
V.Axundov, həmçinin deyir ki, sənin verəcəyin qərarla mən razı olacağam. O, yaxşı bilirdi ki, Nazim Hacıyev heç vaxt xalqının və dövlətinin əleyhinə addım atmaz. 

Atam respublikanın məşhur tarixçilərini, akademiklər Əlövsət Quliyevi, Əlisöhbət Sumbatzadəni və bir çox digər sanballı alimləri bir yerə toplayıb onlarla geniş müzakirələr aparır. Bu müzakirələrin nəticəsi olaraq belə bir yekdil qərar qəbul edirlər ki, Dağlıq Qarabağ və Naxçıvan əraziləri Azərbaycanın hüquqi və tarixi torpaqlarıdır. Bu ərazilər heç vaxt heç bir dövlətə verilə bilməz! 

Həmin arayış tam mətnlə Nazim Hacıyevin imzası ilə Moskvaya göndərilir. Anastas Mikoyan bundan çox qeyzlənir və “partiyanın 1 nömrəli ideoloqu” hesab olunan Suslova şikayət edir. Suslov gecəyarısı evimizə zəng vuraraq atamı təcili olaraq Moskvaya çağırdı. 

Atam vaxtından da 3 gün əvvəl Moskvaya yola düşdü ki, ölkənin ovaxtkı rəhbəri Nikita Xruşşova yaxın, məsul şəxslərlə danışıb, onlar vasitəsilə Xruşşovun verəcəyi qərara təsir göstərsin. Moskvada keçirilən qızğın müzakirələr zamanı Suslov və Mikoyan atamı qatı millətçilikdə ittiham edirlər. Onlar hətta hiddətlə deyirlər ki, bu adam millətçidir, onu bu vəzifəyə kim qoyub?

Atam ayağa qalxıb onlara cavab vermək istəyəndə, Xruşşov bildirir ki, respublikalar arasında torpaq bölgüsündən söz gedə bilməz, bu milli nifaqa, SSRİ-nin dağılmasına gətirib çıxara bilər. N.Xruşşov Amerikadan göndərilən həmin məktubu yerə ataraq deyir: Bu məsələ qurtardı! 

O vaxtkı SSRİ DTX-sının rəhbəri Şelepin də Nazim Hacıyevi müdafiə edir.

Lakin elə həmin günlərdən sonra  N.Hacıyevin taleyinə qara xətlər çəkilməyə başlayır. 

Bakıya qayıtdıqdan sonra səhhəti kəskin pisləşməyə doğru gedir. Atama Kremldəki xəstəxanada cərrahi əməliyyat olunmağı məsləhət bilirlər. Beləliklə, atam anamla birgə Moskvaya yola düşür. Atam yola düşməzdən əvvəl akademik Mustafa Topçubaşova müraciət edir ki, siz də, xahiş edirəm, Moskvaya gələsiniz, mənim əməliyyatıma nəzarət edəsiniz. Mustafa bəy razılıq verir və Moskvada atamın cərrahi əməliyyatında iştirak edir. Ən böyük müəmma burasındadır ki, atamın cərrahi əməliyyatını erməni həkimə həvalə edirlər. 

Akademik Mustafa Topçubaşov görür ki, erməni həkim tibbi göstəricilərə düzgün əməl etmir, xəstə nahiyəyə müdaxilə əvəzinə, lazım olmayan əməliyyat hərəkətləri edir. Mustafa bəy erməni həkiminin cərrahi əməliyyatına öz etirazını bildirəndə deyirdi ki, mən yeni üsulla işləyirəm, işimə qarışmayın. Bu iş mənə həvalə olunub. 

Mustafa bəy bu dəhşətli hadisəni anama danışır. Anam çaşqınlıq içində qalır. Həqiqət odur ki, Mikoyanın göstərişi ilə əməliyyata cəlb olunan erməni həkimi atamın ortadan götürülməsi üçün lazım olanı etməli idi. Hətta Mustafa bəy kimi bütün SSRİ məkanında tanınan hörmətli akademikin fikirlərinə – yanlış, qərəzli cərrahi əməliyyatın aparılmasına etiraz etməsinə belə məhəl qoyan olmayıb. Əməliyyatdan bir müddət sonra atamın vəziyyəti pisləşməyə başlayır və o, 1962-ci il iyulun 30-da 38 yaşında həyatla əbədi vidalaşır. Bu gün də atamın iş qovluğuna baxanda anlayıram ki, xalqa gərəkli belə bir ziyalı erməni “cəllad”ının qurbanı oldu. Çox ağrılı olsa da, demək istəyirəm ki, nənəm Bəxti xanım da erməni həkiminin cinayəti səbəbindən həyatını itirib. Çox təəssüf ki, həmin həkim də cəzasız qalıb... 

– Aydın müəllim, hər bir övlad üçün ata adı, onun isti nəfəsi müqəddəsdir. Sizin “Hər şeyi başa düşmək, lakin bağışlamamaq” adlı kitabınız atanızın həyat və fəaliyyətinə həsr olunub. Bu kitabı yazmaqda məqsədiniz nədir? 

– Atam haqqında yazdığım kitab, əslində, yalnız Nazim Hacıyev və onun ailəsinin başına gətirilən müsibətin xronikası barədə deyil. Bu əsər, eyni zamanda, xalqımızın vətənpərvər övladlarının mənfur erməni daşnaklarının məkrli siyasətinə qurban verilməsinə, böyük nəsillərin, şəcərələrin planlı olaraq məhv edilməsinə həsr olunub. Bu kitabın hər səhifəsini ürək ağrısı ilə yazmışam.

Deyirlər, kişilər ağlamaz. Amma mən deyərdim ki, kişilər ağlayır, onların göz yaşı ürəklərinə sızır. Mən 9 yaşımdan belə bir əzablı ürəyi gəzdirirəm. Atam rəhmətə gedəndə 9 yaşım var idi, qardaşım Fuad isə 5 yaşında idi. 

Evimizdəki təlatüm körpə qəlbimizi param-parça etdi. Doyunca atamızın üzünü, gülüşlərini, bizə qayğısını hiss edə bilmədik. Həyatda elə hisslər var ki, onları dilə gətirmək belə mümkün deyil. Övladlarla ataların arasında qırılmaz bağlar olur, biz bu müqəddəs hisslərin burulğanında çox çabaladıq, mən də, qardaşım da...

– Bu günlərdə Nazim Hacıyevin anadan olmasının 100 illiyi tamam oldu. Ötən illərə boylananda ürəyinizdən nə keçdi? 

– Nazim Hacıyev mənim atam olsa da, eyni zamanda, xalqının vətənpərvər oğludur. Vətən, Torpaq, Azərbaycan məfhumları onun üçün qibləgah idi. Ürəyində, əqidəsində daim Azərbaycan sevgisi yaşadırdı. 

Bir məsələni də xüsusi olaraq deməliyəm. Ümummilli lider Heydər Əliyev Azərbaycan  KP MK-nın I katibi olandan sonra atamın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Bakıda və Şəkidə Nazim Hacıyevin adına küçələr var. Şəkinin mərkəzi istirahət klubu, Baş Küngüt kəndindəki tam orta məktəb atamın adını daşıyır. 

Bu il 6 iyunda AMEA Şəki Regional Elmi Mərkəzinin və Şəki Ensiklopediyasının təşkilatçılığı ilə Şəkidəki Çingiz Mustafayev adına klubda Nazim Hacıyevin 100 illik yubileyi ilə bağlı xatirə gecəsi keçirildi. Çıxış edənlər atamın xalqımız qarşısındakı xidmətlərindən dərin məmnunluq hissilə bəhs etdilər. Bütün bunlar bizim ailə üçün böyük bir təskinlik oldu.

Atamın Fəxri Xiyabandakı məzarına getdim. Ata-oğul doyunca dərdləşdik. Son olaraq dedim ki, ata, rahat yat. 2020-ci ilin payızında Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyilə Müzəffər Ordumuz doğma Qarabağımızı düşməndən azad etdi! Bu gün üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində dalğalanır. Sənin arzuların həyata keçib, ata! 

Kaş xalqımızın bu xoşbəxt günlərini atam Nazim Hacıyev öz gözləri ilə görəydi! Amma onu bilirəm ki, atamın ruhu şaddır! 

Kəmalə ABDİNOVA 
XQ

 



Müsahibə